Başçı məmurlardan şəffaf olmalarını tələb etdi
İlham İsmayılov: “Bütün təşkilatlar, məmurlar ictimaiyyətə açıq olmalıdır. Həm yerinə yetirilən, həm də görüləcək işlərə nə qədər vəsait xərclənməsi barədə ictimaiyyətə mütəmadi açıqlama verilməlidir”
Aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclasına ictimaiyyət nümayəndələri də dəvət edilib. İH başçısı İlham İsmayılovun dediklərindən məlum olub ki, bütün dövlət qurumları KİV, sosial şəbəkələr və İctimai Nəzarət Şurası ilə əməkdaşlıq şəraitində çalışmalıdırlar: “Baxmayaraq ki, İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar şəhərdə davamlı abadlıq-quruculuq işləri aparır, amma bununla bağlı əhalinin maarifləndirilməsi zəifdir. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri dövlət vəsaitini lazımsız yerlərə xərcləməyimiz barədə əsassız iddialar irəli sürürlər. Halbuki biz az vəsaitlə daha çox iş görməyi qarşımıza məqsəd qoymuşuq və buna da nail oluruq. Əksər çoxmənzilli binaların dam örtüyü, yaşayış evlərinin fasadları yenilənib. Həm bunların bir hissəsini, həm də yaratdığımız nümunəvi məhəllələri əsasən qənaət olunmuş vəsait hesabına icra etmişik. Amma hamı bunu bilmir, nəticədə bəziləri sosial şəbəkələrdə əleyhimizə yazılan yalanlara dəstək məqsədilkə şərhlər yazırlar. Bütün təşkilatlar, məmurlar ictimaiyyətə açıq olmalıdır. Həm yerinə yetirilən, həm də görüləcək işlərə nə qədər vəsait xərclənməsi barədə ictimaiyyətə mütəmadi açıqlama verilməlidir”.
Başçı deyib ki, tender elanlarını verərkən diqqətli olmaq lazımdır: “Təbii ki, daha ucuz tender təklifi yazan qalib gəlir. Amma diqqət yetirin ki, bu, keyfiyyətli iş görməyə imkan yaradacaqmı? Bir neçə il əvvəl tenderin qalibi bir qarış böyüklüyündə ağac kolları gətirmişdi. Soruşanda ki. bu nədir, cavabında dedi: siz yazmamaısınız ki, ağacın boyu nə qədər olmalıdır”. Bizə kondisioner lazım idi, biz isə onun markasını qeyd etməmişdik. Tenderi udan ən ucuz kondisioner almışdl”.
İ.İsmayılov mənzil istismar sahələrinin əhalidən yığımı üzrə vəziyyətinin də qənaətbəxş olmadığını diqqətə çatdırıb: “Bizim hesablamamıza görə, il ərzində 144 min manat yığılmalıdır. Bu, binalara xidmət göstərilməsi və bir qrup təsərrüfat hesablı işçinin əmək haqqının ödənməsinə köməkdir. Lakin əvvəllər yığım zamanı şəffaflıq olmayıb, hətta mənimsəmə hallarına yol verilib. Hazırda əhalidə 360 min manata qədər xidmət haqqı borcu qalıb. Eyni zamanda MİS-lərin təsərrüfat hesablı işçilərinə əmək haqqı borcu 86 min manatdan 66 min manatadək azaldılıb. Ötən müddətdə biz MİS-lərin sayını və işçilərini də azaltmışıq. Bizə deyirlər ki, MİS-ləri ləğv edin, amma ölkənin hər yerində bu qurum fəaliyyətini davam etdirir və çoxmənzilli binalara (dam örtüyünün dəyişməsi, tüstü borularının, pilləkən qəfəslərinin və zirzəmilərin təmizlənməsi) xidmət göstərir”. Lakin İcra hakimiyyəti başçısı yanında İctimai Şura sədri Fərman Nəbiyevin “Nə üçün MİS-lər əhali ilə xidmət müqaviləsi bağlamır?” sualı cavabsız qalıb.
Şura iclasında Mingəçevir şəhəri üzrə büdcə gəlirlərinin və xərclərinin 2023-cü ilin birinci rübündə icra vəziyyəti və Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin hesabatı müzakirə olunub və hər iki məsələ üzrə müvafiq qərarlar qəbul edilib.
Şərhlər bağlıdır.