AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 29 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üçün reallaşdırılan birgə fəaliyyət planına uyğun olaraq “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Sosial və pedaqoji psixologiya” kafedrasının dosenti, psixologiya elmləri doktoru Rəşid Cabbarov “Müasir dərs və onun psixoloji problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə dosent R.Cabbarov müasir dərsin əsas məzmunu və onun təşkilinin psixoloji mexanizmlərindən bəhs edib. Öyrənmədə baş verən ziddiyyətlərdən və onların başlıca səbəblərindən söhbət açan R.Cabbarov müasir təhsilin əsas meyarları kimi təhsil məhsullarının yaradılması, səriştələrin inkişaf etdirilməsi, ünsiyyət, sosial tələb, kəşf etmək, özünügerçəkləşdirmə və motivasiya barədə ətraflı məlumat verib, informasiyanı biliyə çevirən, analitik və yaradıcı təfəkkürü inkişaf etdirən əlverişli təhsil mühitinin formalaşdırılmasından danışıb.

Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə dosent R.Cabbarova, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

Bildirilib ki, oktyabr və noyabr aylarında 10 müxtəlif mövzuda ustad dərslərin təşkilinin nəzərdə tutulduğu layihə çərçivəsində növbəti mühazirə noyabrın 5-də BDU-nun Jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli tərəfindən “Müasir Azərbaycan mediasının problemləri” mövzusunda keçiriləcək.

Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri,  konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker