Bələdiyyə seçkisi bitdi, amma söz-söhbət bitmədi
Bələdiyyə seçkilərindən xeyli qabaq əksəriyyətin ağzından eşidirdik ki, köhnə komanda yenidən gələcək, ola bilər ki, bir neçə nəfər dəyişsin: “Seçkiyə getsək də, getməsək də, artıq siyahı hazırdır”. Hazırkı bələdiyyə sədri haqqında da birmənalı fikir səslənmirdi.
Dairə Seçki Komissiyasından öyrənəndə ki, qeydiyyata alınmış namizədlərin sayı 60-a çatıb, fikirlər haçalandı. Kimsə dedi mübarizə güclü olacaq. Bəzi namizədlərin özləri də bunu həyəcanlı şəkildə ifadə edirdilər. Bu qaçış marafonuna bənzəyirdi. Hamı qaçış üçün hazır vəziyyətdə idi. “Start!” komandasından sonra finişə kimlərin gəlib çatacağını intizarla gözləyirdik.
Amma şəhərimizdə təşviqat dövründə qəribə bir sükut höküm sürdü. YAP-ın irəli sürdüyü namizədlərdən bir neçəsi tez-tez müxtəlif yerlərdə, o cümlədən Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbindəki qapalı məkanda görüşlər keçirir, seçiciləri seçkiyə gəlib onlara səs verməyə çağırırdılar. Digər partiyaların nümayəndələri və bitərəf namizədlər isə çox məhdud sayda görüşlər keçirirdilər. Nəticədə seçicilərin əksəriyyəti bələdiyyə üzvlüyünə namizədlərin çoxunu tanıya bilmədilər. Buna görə də dekabrın 23-də səsverməyə gələnlərin sayının həddən az olmasına təəccüblənmədik.
47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində 43 məntəqə (30+13) fəaliyyət göstərir. Doğrusu, seçki günü 60 namizədin hər məntəqədə ən azı bir nümayəndəsinin, eyni zamanda başqa müşahidəçilərin olacağını düşünürdük. Bu münvalla səhər saatlarından seçki məntəqələrini gəzməyə başladıq. 18 saylı məntəqə (47 saylı dairə) istisna olmaqla, digər məntəqələrdə cəmi 2, ya 3 müşahidəçi gördük, bəzilərində isə bir nəfər də görmədik. Məntəqə sədrləri 10-12 müşahidəçinin qeydiyyatdan keçdiyini desələr də, onlar üçün ayrılan stullar boş idi.
Olduğumuz məntəqələrdə sədrlər seçkinin normal keçdiyini, səhər saatlarında seçici aktivliyinin müşahidə olunduğunu dedilər. Bəzi sədrlər isə fəallığın aşağı səviyyədə olmasını və insanların seçkiyə maraq göstərmədiyini etiraf etdilər. Görəsən seçicilərinin qarşısına çıxmayan, təşviqat dövründə özlərini tanıda bilməyən namizədlər hansı haqla seçicilərindən səs gözləyirdilər? Təbii ki, DSK hər müraciət edəni qeydiyyata alıb, amma namizəd də gərək mənasız yerə oxunu atmayaydı. Belələri bələdiyyə seçkilərini uçuzlaşdırmaqla kimi aldatmağa çalışdılar: özlərini, yoxsa seçiciləri?
Başa düşürük ki, əvvəllər çoxsaylı seçki saxtakarlıqları olub. Elə bu seçkidə də belə saxtakarlıqların olması mümkündür. Amma seçicilər kütləvi şəkildə məntəqələrə gəlib, seçki bitəndən sonra da səslərinin müdafiəsinə qalxsaydılar, heç bir məntəqə komissiyası səsvermənin nəticələrinə əl qatmağa cürət etməzdi. Hesabat verdikləri yuxarı təşkilatların qarşısına çıxanda isə deyəcəkdilər: “Boynuma ilan salsanız da, bu qədər adamın önündə başqa yola gedə bilmərəm”. Yəni məntəqə komissiyalarına özlərini sığortalamaq və sabah camaatın üzünə dik baxmaq üçün seçici fəallığına ehtiyac var idi. Hətta bu gün belə təkliflər də eşidirik ki, qanunda dəyişiklik etmək, səsvermə hüququnu vəzifəyə çevirmək, seçkiyə gəlməyənlərə qarşı inzibati sanksiyalara əl atmaq vacibdir.
Şərhlər bağlıdır.