Azercell daha bir beynəlxalq tədbirə dəstək verib
Azercell Telekom MMC ölkəmizdə keçirilən daha bir beynəlxalq tədbirə dəstək verib. Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan “Avropa Gənclər Parlamentinin İnformasiya Texnologiyaları üzrə İkinci Universitet Sessiyası” tədbirinin sponsoru qismində çıxış edib. Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyanın rolu və informasiya təhlükəsizliyi olub. Tədbirdə Azərbaycan da daxil olmaqla, Avropa qitəsinin müxtəlif ölkələrindən nümayəndə qismində qatılan gənclər iştirak edib. 4 günlük sessiyada ictimaiyyətin ən fəal və təşəbbüskar gəncləri Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada 8 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələlər müzakirə edilib. İnsan Hüquqları, Təhlükəsizlik və Müdafiə, Sənayə və Enerji, Qadın Hüquqları və Gender Bərabərliyi və s. sahələr üzrə komitələrin 4 günlük birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi – Qətnamə Sessiyanın son günü – 19 Mart 2017-ci il tarixində Baş Assambleyada ümumi müzakirəyə çıxarılıb. Debatlar və səsvermədən uğurla keçən qətnamələr qəbul olunaraq AGP-nin Berlin şəhərində yerləşən Beynəlxalq ofisinə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Avropa Gənclər Parlamenti müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial-siyasi təşəbbüsləri dəstəkləyir və onların əhəmiyyətli sosial və professional bacarıqlara yiyələnməsini sürətləndirir. Parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. AGP Azərbaycan nümayəndəliyi 2011-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 100-dən çox üzvü xarici sessiyalarda Azərbaycanı təmsil edib.
Xatırladaq ki, yarandığı gündən Azercell ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin dəstəkçisi olub, o cümlədən gənclərin inkişafı və fəaliyyəti üçün çoxsaylı layihələrə imza atıb.
Şərhlər bağlıdır.