Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın enerji sektorunda nə baş verir?

“Sistemin bir hissəsində qəza baş verən kimi avtomatika  bütün sistemi dayandırır

“İyulun 3-də gecə, 00.20 dəqiqədə baş verən hadisə elektrotexniki qəzadır. Artıq yüklənmə və hərarətin çox olması üzündən 330 kilovoltluq 1-ci Abşeron xəttinin cərəyan transformatoru sıradan çıxıb, içərisindəki min kiloqrama yaxın yağ ətrafa səpələnib, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq alışıb. İyulun 5-də  birinci, ikinci və yeddinci enerji blokları 700 meqavat  gücü ilə işləyirdi. İstədilər ki, 5-ci bloku da işə qoşsunlar.  Bu zaman yanğın baş verdi, yenə də transformator alışıb, yandı”.

Bu  fikirləri  “Azərenerji” ASC ilə birbaşa bağlı qurumda çalışan və adının çəkilməsindən ehtiyat edən energetika mütəxəssisi deyir.  Onun sözlərinə görə, mövcud kabellər uzun illərdir ki, istismar edilir, bu da yanğının intensivliyini artırıb. Eyni zamanda qəza baş verərkən yarımstansiyaya xidmət edən 6-cı blokda iş dayandırılsa da, ona verilən qaz dayandırılmayıb, bu da yanğına gətirib çıxarıb”.

Müsahibimiz əlavə etdi ki, Azərbaycanda vahid enerji sistemi üzrə qəza əleyhinə avtomatika quraşdırılıb və sistemin bir hissəsində qəza baş verən kimi avtomatika  bütün sistemi dayandırır: “Avtomatika elə qurulub ki, hadisə baş verən kimi dərhal, bütün sistemi boşaldır. Azərbaycanda  vahid enerji sistemi həm də vahid qəza əleyhinə avtomatikaya qoşulduğundan həmin stansiyaların harda olmasının fərqi yoxdur. Birində qəza baş verirsə, hamısı dayanır. Təzədən sistemi bərpa etmək üçün  buxarla işləyən  qazanlar qızdırılmalıdır , lazımi temperatur alınmalıdır.  Bunun üçün isə neçə saat lazımdır”.

Mütəxəssisin fikrincə,  başqa ölkələrdə  qəza əleyhinə sistem bir  və ya bir neçə həlqədə enerji açılmalarına görə bütün  dövrənin işini dayandırmır:  “Bununla bağlı prezident də göstəriş verib. Yəqin gələcəkdə bizim ölkədə də belə edəcəklər. Yəni bir xətdə, blokda qəza və açılma baş verəndə digərlərinə xəta törətməsin.  İndi onun haqqında düşünürlər”.

Heydər Əliyev Etibar Pirverdiyevin fəaliyyətini qeyri-qənaətbəxxş hesab edirdi…

Yaşlı nəslin nümayəndələri 2002-ci il iyulun 13-də enerji sistemində baş verən  qəzanı yəqin ki, xatırlayırlar. “Azərenerji”nin prezidenti Etibar Pirvediyev o zaman bildirirdi ki, həmin gün saat 18.05-də mərkəzi dispetçer idarəsinə 250 kilometr uzunluqda 500 kilovoltluq ikinci Abşeron xəttinin qəza mühafizəsindən açılması barədə məlumat daxil olub: “Azərbaycanın enerji sistemində yay mövsümündə maksimum vaxtlarda 2500-2600 MVt, gecə saatlarında, günün minimum saatlarında 1200-1500 MVt yük tələb olunur. Gecə 23.04-də enerji sistemində “təkanlar” baş vermiş, sistemdə gərginlik, cərəyan və tezlik qəza hədlərində dəyişməyə məruz qalmışdır. Abşeron yarımadasını qidalandıran 330 kilovoltluq birinci Abşeron hava xətti zədələnərək qəza avtomatikasından açılmışdır. Nəticədə Abşeron yarımadasını qidalandıran digər zəif hava xətlərinin, o cümlədən enerji sisteminin tarazılığı pozulmuşdur”.

Qısa qapanmanın səbəbini Ağsu rayonu ərazisində 6-8 hektar taxıl sahəsində yanğın törənməsi ilə izah edən E.Pirverdiyevin fikirlərinə  o vaxtkı Azərbaycan Prezidenti Heydər Əliyevin münasibətinin birmənalı olmadığını da unutmamışıq: “Özü də qəribə bir haldır. Bu, bir yerdə deyil, Azərbaycanın enerji sisteminin müxtəlif yerlərində baş verib və çox maraqlı, təəccüblü haldır və bizim diqqətimizi cəlb etməlidir. Əgər belədirsə, bəs siz saat 6-dan, bu proses başlayandan nə üçün lazımi tədbirlər görməmisiniz, nə üçün bunların qarşısını almamısınız?.. Hər halda, Pirverdiyev, mən sənin məlumatını dinləyərək bildirmək istəyirəm ki, sən cavan mütəxəssissən. Biz səni belə bir böyük vəzifəyə təyin etmişik. Çox böyük ümidlər bəsləyirdik ki, bizim bu sistemdə son illər, uzun müddət davam edən nöqsanlar aradan qaldırılacaqdır. Təkcə nöqsanlar yox, orada mövcud olan bir çox mənfi hallar aradan qaldırılacaqdır. Ancaq eyni zamanda, bu hadisə ilə əlaqədar Səhmdar Cəmiyyətin prezidenti kimi sənin fəaliyyətini mən qeyri-qənaətbəxş hesab edirəm”.

H.Əliyev o zaman qeyd edirdi ki, ölkənin dayanıqlığı və təhlükəsizliyi üçün enerji güclərinin artırılması istiqamətində işlər aparılır, Yaponiyanın 40 illlik krediti ilə “Şimal” Elektrik Stansiyası tikilir: “Belə bir şəraitdə yeni 400 meqavat elektrik enerjisinin – tikilən həmin “Şimal” Elektrik Stansiyası vasitəsilə, – bizim enerji imkanlarımıza əlavə olunması çox böyük əhəmiyyətə malikdir. Biz onu tikirik və kreditin məbləği də çox böyükdür – siz bunu bilirsiniz. Amma, eyni zamanda güzəştli kreditdir, verilibdir, on il heç nə ödənilməyəcək. Sonra isə kredit çox kiçik faizlərlə ödəniləcəkdir. Ona görə də belə bir elektrik stansiyasını demək olar ki, biz heç nədən yaradırıq. Yəni özümüz vəsait qoymuruq. On ildən sonra başlayıb bu krediti xırda-xırda, 30 il müddətinə qaytarmağa başlayacağıq. Amma bu ilin sonunda biz Bakı şəhərinə 400 meqavat elektrik enerjisi əlavə verəcəyik. Təsəvvür edin, bu nə deməkdir”.

 16 il sonra baş verənlər təsadüfdür, yoxsa məsuliyyətsizliyin nəticəsi?

“Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir – Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ölkənin enerji sistemində vəziyyətlə əlaqədar 2018-ci il iyulun 4-dı keçirilən müşavirədə belə deyib. Müşavirədəki çıxışlardan belə nəticə hasil olur ki,  hadisə “Azərenerji”nın məsuliyyətsizliyi üzündən baş verib. Bu cəhətdən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fikirləri maraq doğurur: “Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir… Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, – düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, – Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir”.  

Baş prokuror Zakir Qaralov isə açıqlayıb ki, qəza baş vermiş cərəyan transformatorlarında istismar müddəti başa çatmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb:  “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmamış, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmamışdır. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir”.

 “Yaxşı kadr olmayandan sonra yaxşı da heç nə gözləməyin…”

Prezident yanında  keçirilən müşavirədə vəziyyətdən çıxış yolu kimi maraqlı təkliflər səslənib. Məsələn, strateji obyektlərdə,  ilk növbədə, xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə  baxmaq lazımdır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş Mingəçevir İES təmir edilməzdən əvvəl bu sahədə beynəlxalq təcrübəsi olan qurum tərəfindən hansı vəziyyətdə olması ilə bağlı audit edilməlidir.  Digər şirkətlərlə birgə onun yenidən qurulması və ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi həllini tapmalıdır.  Prezidentin dəfələrlə vurğuladığı kimi,  bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi – bu, yumşaq desək böyük səhvdir:  “Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən”.  

Stansiyada çalışanların qəzetimizin müxbirinə açıqlamalarından aydın olur ki, diqqətdən yayınan başqa məqamlar da var. Onlar deyirlər ki, stansiyanın soyutma sisteminin  olmaması başa düşüləndir, amma son hadisəyə bunun dəxli yoxdur. Çünki yanğın açıq havada, stansiyadan 100 metr kənarda, cərəyan transformatorunda baş verib. Bu transformatorlar isə içəridən fərqli olaraq, ventilyasiya sistemi ilə deyil, özbaşına, təbii üsulla soyudulur.

“Heç  kim soruşmur ki, niyə qaydalara uyğun şəkildə cari və əsaslı təmirlər, profilaktiki yoxlamalar,  sınaq işləri aparılmır? Çünki yuxarıdan göstəriş belədir ki, blokları açmaq olmaz. Amma ən ciddi problem kadrla bağlıdır. Vaxtilə 2500-3000 nəfərin çalışdığı kollektivdə ixtisar edə-edə 1000 nəfər saxlayıblar. Peşəkar kadrlar uzaqlaşdırılıb.  Özü də bilirsiniz necə edirlər? Vaxtilə , 80-ci illərdə bu stansiyaya çoxlu gənclər gəlmişdilər. Onların bir hissəsi elə burada tanış olub, ailə həyatı qurmuşdular. Son illərdə isə şərt qoydular ki, bir ailədən yalnız bir nəfər qalmalıdır. Kişilər də başa düşürdülər ki, bundan sonra qadınlarına iş tapa bilməyəcəklər, ona görə də öz yerlərini həyat yoldaşlarına güzəştə gedib, başqa yerdə iş axtarmağa başladılar. Nə qədər təcrübəli  və sağlam işçi ilə 57 yaşına çatan kimi əmək müqaviləsinə xitam verildi. İndi ən yüksək texnoloji avadanlıqları burada quraşdırsınlar, amma yaxşı kadr olmayandan sonra yaxşı da heç nə gözləməyin…”

Bu da müsahiblərimizdən birinin fikridir.

Şərhlər bağlıdır.