Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda təlimlər bitsə də, layihə davam edir

168

Mətbuatda xəbər verildiyi kimi,  ötən ilin oktyabrından başlayaraq, Mingəçevir Valideynlər Assosiasiyası   Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda  açıq məlumatlara dair silsilə tədbirlər   təşkil edir.  Bu tədbirlər  ölkəmizin kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Məqsəd bu üç qrup nümayəndələrinə açıq məlumatların geniş mahiyyətini başa salmaq, əhali ilə birgə fəaliyyət zamanı  jurnalistlərə, fəallara və  dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətmək olub.

Silsilə tədbirlərimiz  əsasən ötən il noyabrın 21-dən 27-dək, bu il isə  martın 10-dan 20-dək olan dövrə təsadüf etdi. Həmin müddətdə Mingəçevir Media Mərkəzində QHT, media və hökumət nümayəndələri üçün 2 dəfə hər biri 3 günə qədər davam edən təlimlər təşkil etdik. Biz əvvəlcədən KİV-də elanlarımızı yaydıq və iştirakçıları ciddi rəqabət mühitində seçdik. Təsəvvür edirsinizmi ki, 170 nəfərdən yalnız 61-i təlimlərimizə dəvət qazana  bildi.

Təlimlərə Bakı ilə bərabər Azərbaycanın  müxtəlif  bölgələrindən (Sumqayıt, Mingəçevir, Naxçıvan, Ağdam, Tərtər, Bərdə, Lənkəran, Ucar, Göyçay, Zaqatala və Beyləqan)  media və QHT təmsilçiləri, həmçinin əlil təşkilatlarının nümayəndələri, eyni zamanda  Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi və İcra Hakimiyyəti  nümayəndələri  qatıldılar.  Həm də təlimlər bu qrupların  gələcək əməkdaşlığına da kömək edib.  QHT fəalı Səbinə Kərimovanın dediyinə görə, əvvəllər media ilə əlaqə qurmaqda çətinlik çəkirdi, amma bu təlimlər zamanı media nümayəndələri ilə yaxından tanışlığı ona bu problemi həll etməkdə yardımçı olacaq.

Soruşula bilər: bu 61 nəfər  Mingəçevirdə olduğu müddətdə nəyi öyrənə bildi? Mən sadəcə gündəliyi xatırlatsam, mənzərə aydın olacaq. Noyabr ayında aşagıdakı mövzuları müzakirə etdik: Açıq məlumat anlayışına giriş. Dünyadakı insanlar ondan necə istifadə edirlər;  Açıq məlumatın xarici KİV, QHT-lər və dövlət strukturlarında uğurlu tətbiqi. Bundan Azərbaycanda necə istifadə etmək olar? Məlumatları necə toplamalı və yerbəyer etməli? Əyaniləşdirməyə giriş. Dünyada ən uğurlu əyaniləşdirmələr və layihələr; Əyaniləşdirmənin əsas vasitələri (Google Instruments, Timeline GS); Təlimin praktik hissəsi. Məlumatların toplanması. Konkret layihələr üçün əyaniləşdirmənin yaradılması.

Mart ayında isə mövzular bir qədər fərqli və mürəkkəb oldu. Belə ki, təklif edilən mövzular üzrə xəritələr yaradıldı. Data jurnalistikaya dair perspektiv layihələr  müzakir edildi. Xəritəçəkmə və qrafiklər yaradıldı. Bir növ zamanı əyaniləşdirə bildik. Özəl layihələr üzərində işin təqdimatı, Tableau-ya giriş və onun üzərində işin davam etdirilməsi də maraqlı və vacib idi.

Təlimlər hər qrup üzrə  4 gün (2 gün noyabrda, 2 gün isə martda)  nəzərdə tutulsa da, iştirakçıların rahatlığını təmin etmək məqsədilə 6 gün  ərzində aparıldı.  Belə ki, cümə günü günortaya qədər iştirakçıların gəlişi və mehmanxanada yerləşdirilməsi həyata keçirildi, nahardan sonra təlimlərəə start verildi. Şənbə günü təlim bütün gün ərzində aparıldı, bazar günü isə nahara qədər. Təlim iştirakçıları nahar edəndən sonra rahat halda evlərinə qayıtmaq imkanı qazandılar. İştirakçılar təlimlərin belə cədvəl üzrə keçirilməsindən məmnunluqlarını bildirdilər. Həftə sonu olduğundan onların iş yerindən icazə almaqla bağlı problemləri də yaranmadı.  Bu səbəbdən də seçilən 61 iştirakçının hamısı təlimlərə vaxtında qatıla bildi.

Biz müəyyən qədər  yeni alətlər haqqında ideyaları və metodları, öz fəaliyyətlərini necə yaxşılaşdırmaq haqqında  təcrübəsi olan, lakin bu alətləri necə və hansı ardıcıllıqla yaratmaq üçün biliyi, vaxtı və resursları olmayan  QHT, dövlət və KİV nümayəndələrini də bir yerə toplamağa qərar verdik.  Belə alətlərə  yeni  saytların və yaxud mobil əlavələrin yaradılmasını misal göstərmək olar. Onlar  KİV-lərin oxucularla ünsiyyətini  asanlaşdırır, yeni xəbər bloklarının yaradılması üçün informasiya toplamağa imkan verir ki, bu da xəbərləri daha operativ izləməyə imkan yaradır.  Məsələn, müxtəlif yaşayış məskənlərində yolların vəziyyətini yaxşı öyrənməklə hər kəs öz səfərini daha yaxşı planlaşdıra bilir. Təşkilatın işinin səmərəliliyini artırmaq üçün düşünülmüş hər hansı bir alət də  bu qəbildəndir. Hətta elanda yazmışdıq: “Əgər kimdəsə belə bir alət haqqında fikir, ideya vardırsa-onu mitapa gətirsin. Başqa iştirakçıların köməyi ilə biz onu bir ideyadan konkret plan səviyyəsinə, hətta iş üsuluna qədər inkişaf etdirə bilərik”.

Ötən 6 ayda  gənclər və tələbələr, əhalinin digər həssas qrupları üçün  6 dəfə  yarımgünlük mitaplar təşkil etdik. Bu maraqlı tədbirlərin 2-si Mingəçevirdə, 1-i Şəkidə, 3-ü isə Bakıda gerçəkləşdi.  Mingəçevir Dövlət Universiteti və Şəki Təhsil şöbəsi, İnternyus Azərbaycan təşkilatı və    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu mitapların təşkilinə yardımçı oldular.  Bu mitaplarda tələbələr,  QHT və media nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət , statistika və yerli icra hakimiyyəti işçiləri  açıq məlumatları əldə etmək və cəmiyyətə rahat formada çatdırmaq üçün yeni alətlərlə bağlı ideyalarını müzakirə etdilər.

Layihə çərçivəsində  hökumət təşkilatlarında çalışan işçilər üçün məsləhət görüşləri də nəzərdə tutulub. Əvvəldən  4 görüş planlaşdırılsa da, 6 məsləhət görüşünü təşkil etməyə müvəffəq olduq. Həmin görüşlərə təhsil, səhiyyə, mədəniyyət, statistika, icra hakimiyyəti və bələdiyyə işçiləri, gənclər təşkilatlarının, maliyyə və telekommunikasiya idarələrinin, eyni zamanda yerli medianın 121 nümayəndəsi qatıldı.  Bu görüşlərdə təşkilatların işini yaxşılaşdırmaq yolları  barədə danışıldı, açıq məlumatlara, informasiya texnologiyalarına əsaslanan alətlər haqqında maraqlı fikirlər səsləndi. Mingəçevirdə məsləhət  görüşü  Mingəçevir Media Mərkəzində  keçirildi. Digər rayonlarda (Yevlax, Bərdə, Oğuz,  Ağdaş, Göyçay) isə yerli icra hakimiyyətləri yer ayrılmasına və auditoriyanın toplanmasına kömək göstərdilər. Bu məqsədlə Yevlaxda Yeni Azərbaycan Partiasının ofisini, Bərdədə elektron kitabxananı, Oğuzda Təhsil şöbəsinin akt zalını, Ağdaşda mərkəzi kitabxananın oxu zalını, Göyçayda isə Gənclər Evinin zalını bizim istifadəmizə verdilər

Təəssüf ki, Göyçayda normal internet və komputer mərkəzi olmadığından görüşümüz arzu olunan səviyyədə alınmadı, halbuki burdakı auditoriyanın əksəriyyəti gənclər idi və mövzunu öyrənməkdə maraqlı idilər. Bərdə rayonundakı elektron kitabxanada məsləhət  görüşünün iştirakçıları həm nəzəri, həm də praktiki təcrübədən bəhrələnməyə səy göstərdilər.  Digər rayonlarda isə görüşlər zamanı  iştirakçıların kompüterə çıxış imkanları məhdud idi. Onlar müəyyən alətlərə mobil telefonlarından girməyə çalışırdılar.

Şərqi Avropada açıq məlumatlardan yüksək səviyyədə istifadə edən və layihədə bizim tərəfdaşımız olan  Linking Media təşkilatının mütəxəssis Lyaksey Lyavonçık görüşlərdə müxtəlif ölkələrdə baş vermiş halları  təqdim etdi. İzah olundu ki, münasib profilli təşkilatlarda açıq məlumatlardan necə istifadə olunur. Açıq məlumatlar əsasında  təşkilatlar üçün mümkün layihələrə dair beyin həmləsi aparıldı, münasib layihələr üzrə  biznes planın yaradılması,  iş üçün zəruri olan açıq məlumat axtarışına  başlanması, xəritəçəkmə üzrə  əsas bacarıqlar və qrafiklərin yaradılması yolları müzakirə edildi.  Yeri gəlmişkən, görüşlərin məqsədi barədə qabaqcadan internetdə məlumat yerləşdirmişdik, eyni zamanda yerli icra hakimiyyəti başçılarına məktub göndərmişdik.

Layihə bununla bitmir, hələ ilin sonunadək davam edəcək. Mayın 24-dən 28-dək Sarayevoda  (Bosniya və Herseqovina) növbəti təlimlər  planlaşdırılıb.  Təlimə qatılmaq istəyənlər üçün online qaydada müraciət forması hazırlanıb və  bütün  azərbaycanlı  iştirakçılara göndərilib. Bu təlimlərə layihə çərçivəsində Azərbaycandan 5 nəfər qatılacaq. Onların 3-ü  təlimdən sonra Sarayevoda 1 aylıq staj keçmək hüququ qazanacaq. Aprel ayının 1-ci  ongünlüyündə  seçimi başa çatdırmaq, bilet  alınması və digər məsələri həll etmək  nəzərdə tutulub.  İyulun 9-dan 16-dək  isə Praqaya   (Çexiya) 5 nəfər göndəriləcək. Bu təlimə qatılmaq istəyənlər  də online müraciət formasını doldurub, təşkilatçılara göndərirlər.

Hazırda datajurnalizmlə bağlı internet səhifəsinin yaradılması üzərində iş gedir. Mayın sonundan etibarən istənilən şəxs açıq məlumatlarla bağlı distant təhsil kursuna qoşula biləcək, “Data Journalism Handbook”  kitabını Azərbaycan dilində oxumaq imkanı qazanacaq. Hazırda kitab tərcümə olunur.

MVA bi layihəni  Avropadan olan tərəfdaşları ilə – “TOL” (Çexiya”) və “Linking Media” (Polşa)  təşkilatları ilə birgə həyata keçirir. Ötən 6 ay ərzində partnyorlar qarşlıqlı əməkdaşlığı davam etdirmişik.  Hər bir tədbirlə bağlı  işgüzar müzakirələrimiz olub.  Buna görə də ötən ilin oktyabr-dekabr aylarında olduğu kimi, yanvar-mart aylarında da  bütün tədbirlər planauyğun aparılıb. Eyni zamanda  Avropa İttifaqına və BMT İnkişaf Proqramına  görülən bütün işlər barədə mütəmadi məlumat verilib.

Şərhlər bağlıdır.