Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, martın 31-də ölkədə 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Eyni zamanda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Məlumatda qeyd olunur ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır. Buna görə də əhalinin sağlamlıq təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb. Bakı şəhərində sərnişindaşımalar müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.
Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşınması da dayandırılıb. Vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir. Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcəkdir. Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.
Hazırda ölkəmizdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırır.
Şərhlər bağlıdır.