Azərbaycan Süni İntellekt üzrə Komitənin növbəti iclasında iştirak edib
Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 3-cü plenar iclasında iştirak edib. Onlayn formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, həmçinin EHİM-in direktorunun süni intelekt üzrə müşaviri Günay Kazımzadə və EHİM-in mütəxəssisi Əzizə Vidadi təmsil ediblər.
Plenar iclasın açılış günündə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurasının Parlament Assambleyasının prezidenti Rik Dams, Almaniyanın Ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal naziri Kristian Kastrop çıxış ediblər. Üç gün davam edən tədbirdə süni intellektin tətbiqindən danışılıb. Həmçinin bu istiqamətdə hüquqi fəaliyyət, insan hüquqları, qanunun aliliyi və demokratiyaya əsaslanaraq süni intellektin qurulması, inkişaf etdirilməsi və tətbiqi kimi məsələlər müzakirə edilib, maraqlı tərəflərlə fikir mübadiləsi aparılıb. Azərbaycanı təmsil edən nümayəndə heyəti Komitə tərəfindən təqdim olunan texniki-iqtisadi əsaslandırmanın hazırlanması zamanı metodologiya, terminologiya, təsnifat və sistemləşdirmə üzrə qeydlərini bildirib, xüsusilə spesifik sahələrdə süni intellektin tədbiqi və hüquqi əsasının qoyulması təkliflərini irəli sürüb.
Tədbirin yekunu olaraq süni intellekt üzrə hüquqi sənədin texniki-iqtisadi əsaslandırması qəbul edilib və 2021-ci ildə Avropa Şurası Nazirlər Komitəsinə təqdim olunacaq.
Qeyd edək ki, ötən il Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsinin Bürosuna Azərbaycandan EHİM-in direktoru Fariz Cəfərov müşahidəçi üzv seçilib.
Şərhlər bağlıdır.