“Azərbaycan DRES-in inşası H.Əliyevin şəxsi iradəsi sayəsində gerçəkləşib”
Noyabrın 28-də və 29-da Mingəçevir Politexnik İnstitutu respublika əhəmiyyətli növbəti konfransa ev sahibliyi edib. İki gün ərzində “Heydər Əliyev və Azərbaycanda energetikanın inkişafı” barədə maraqlı məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
İnstitutun rektoru Akif Hacıyev tarixə qısa ekskurs edərək bildirib ki, 60-cı illərin sonundan Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilməyə başlayıb: “Biz əvvəllər hətta enerjini də kənardan idxal edirdik. Heydər Əliyev həm keçmiş SSRİ, həm də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə ciddi iqtisadi siyasəti həyata keçirdi. Bunun sayəsində böyük enerji müəssisələrinin tikintisinə nail olduq. Nəticədə Azərbaycan xaricə enerji ixrac etməyə başladı”.
Bu barədə daha ətraflı MPİ-nin Elektoenergetika və istilik energetikası kafedrasının müdiri Ülkər Aşurovanın məruzəsində bəhs olunub. O, Azərbaycan energetikasının tarixinə geniş nəzər salıb, müxtəlif mərhələlərdə bu vacib məsələnin həlli yolunda nə kimi addımlar atıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan İES MMC-nin direktoru, Əməkdar mühəndis Bəhman Nəcməddinov ulu öndərin Mingəçevir energetikasının inkişafındakı roluna toxunub. Natiq qeyd edib ki, Zaqafqaziyanın enerji nəhəngi sayılan Azərbaycan DRES-in (hazırda İES) inşası H.Əliyevin şəxsi iradəsi sayəsində gerçəkləşib, çünki belə böyük layihələr Moskvada, keçmiş SSRİ-nin birinci şəxsinin razılığı ilə həll olunurdu: “Heydər Əliyev bütün maneələri, əngəlləri yara bildi, bu stansiyanın Mingəçevirdə tikilməsinin vacibliyinə onları inandırmağı bacardı. Nəticədə bu günkü Azərbaycanın iqtisadi müstəqilliyi üçün zəmin yaratdı. Üstəlik, 10 minlərlə yeni iş yerləri açıldı. 1981-ci ilin payızında birinci enerji blokunun açılışı Heydər Əliyevin iştirakı və xeyir-duası ilə baş tutdu”.
MPİ-nin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Energetika və geosiyasət” mövzusunda danışıb. O, qeyd edib ki, enerji resursları, əsasən neft bir çox ölkələrdə xalqa bəxtəvərlik deyil, bədbəxtçilik gətirir, nəticədə lənət rəmzinə çevrilir. Natqin fikrincə, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, bu strateji məhsul hesabına Azərbaycan xalqının rifahını, ölkənin iqtisadi və siyası qüdrətini yüksəltməyə nail oldu.
Azərbaycan Texnologiya Universitetinin Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Elşad Məmmədov “Dayanıqlı insan inkişafının ekoloji aspektləri” barədə söhbət açıb. O, Azərbaycanda içməli su ehtiyatlarının məhdudluğundan, qonşu ölkələr tərəfindən Kür və Araz çaylarının mütəmadi olaraq çirkləndirilməsindən, təbiətə, hava və su hövzəsinə vurulan ziyanın qarşısını almaq üçün ölkəmizdə və dünyada görülən işlərdən bəhs edib, çıxışını maraqlı bir fikirlə tamamlayıb: “Təbiətin insana deyil, insanın təbiətə daha çox ehtiyacı var”.
MPİ-nin İnformasiya texnologiyaları və sistemləri kafedrasının baş müəllimi Elnur Xəlilovun çıxışı da maraq doğurub. O, paket yaradan və onu prokat edən çevik istehsal modulunun animasiya modelləşdirilməsi ilə tədqiqatın arxitekturası haqda fikirlərini bölüşüb.
Plenar iclasdan sonra ayrı-ayrı bölmələr üzrə yığıncaqlar keçirilib. MPİ-nin rektoru A.Hacıyev məlumat verib ki, konfrans Təhsil Nazirliyinin tədbirlər planına əsasən institutun Elektoenergetika və istilik energetikası kafedrasının xəttilə hazırlanıb.
Şərhlər bağlıdır.