Bizimlə həyatınız həmişə işıqlı olacaq!

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNƏ QARŞI TƏXRİBAT

İranlı Mühacirlər Cəmiyyəti (İMC) cari ilin dekabr ayının 14-də illik hesabat adı ilə bir tədbir keçirdi və cəmiyyətin bir qrup üzvünü Bakının Əli bəy Hüseynzadə 66 ünvanına topladı. Öncədən məlumat verilmişdi ki, sonda “21 Azər” Hərəkatının 74 illiyi münasibətilə tədbir də düzənləyəcək və orada yalnız alim və mütəxəssislərin çıxışları dinləniləcək.

İMC rəhbəri ilə razılaşmışdırılmışdı ki, Azərbaycan Demokrat Firqəsinin 9 noyabr 2019-cu il tarixli konqresində yekdilliklə Azərbaycan Demokrat Firqəsinin (ADF) sədri seçilən Rəhim Hüseynzadə (o eyni zamanda İMC sədrinin birinci müavinidir) və firqəyə aid olmayan toplantıda özünü qeyri-qanuni sədr elan etdirən 87 yaşlı Adilə Çernikbülənd (həmin gün keçirilən tədbirdəki çıxışında isə 21 Azərdə 15 yaşı olduğunu vurğuladı. Elədirsə, onda bu gün 90-91 yaşı olmalıdır!) o günə xatir sakitcə tədbiri izləyəcək, mükafatlandırmada iştirak etməyəcəklər.

Sən demə, bu vədlər ilğımdan başqa bir şey deyilmiş. Öncədən düşünülən təxribatın reallaşdırılması üçün bütün imkanlar işə salınacaq, narazılığa baxmayaraq, verilmiş sözə əməl olunmayacaq, toplantıdan bir vasitə kimi istifadə olunacaqdı. Razılaşmanın pozulmayacağına qarant durmuş İMC sədri iradəsindən asılı olmayaraq təxribatçıların   liderinə iclasın sədri yerini təhvil verəcək, o isə uzun-uzadı nitqini bitirməyin vacibliyini yalnız bezmiş adamların narazılıq yağan surətlərindən oxuduqdan sonra çıxışına yekun nöqtəsi qoyacaqdı.

Əvəzində nə baş verdi. Bu zaman bir neçə yerə parçalanan xalq fədailəri partiyasının müəyyən qanadının İ.Şiri adlı təmsilçisi Ə.Çernikbüləndi ADF-nin sədri seçilməsi `(?) münasibətilə təbrik etdi. Saxta sədr bundan xoşallanaraq reklam xarakterli fotoşəkillər çəkdirdi.

Həmin fotolar üzdəniraq qrupun 4-5 il əvvəl qeyri-qanuni ələ keçirdiyi, bu müddətdə dəst-xətti ADF-nin proqram sənədləri ilə ziddiyyət təşkil edən “adfmk.com” saytında yerləşdirildi. Hələ bu azmış kimi “yeni lider”in adından partiya üzvlərinə ünvanlanan yeni il təbriki də yayımlandı.

İclas günü belə haqsızlığa iradını bildirənlərə, ADF-nin məsullarına qarşı son 30 ildə hansı təşkilata mənsub olduqlarını konkret sənədlə sübut edə bilməyən bir qrup şəxs tərəfindən təzyiq cəhdi göstərildi. İnana bilmirdik ki, toplantının sakit keçəcəyinə bizi öncədən inandırmağa çalışan və buna qarant duran cəmiyyət rəhbərliyinin bütün bunlardan xəbəri yoxdur.

Əlbəttə, sadaladıqlarımızın üstündən bir təhər keçmək də olardı. Amma ən təəccüblüsü bu idi ki, razılaşmanın ziddinə olaraq tanınmış alim və ziyalılara verilən plaketlərdə İMC ilə yanaşı ikinci bir təşkilatın – ADF-nin də adı var idi. Onlar “Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Adilə Çernikbülənd” sözləri ilə imzalanaraq möhürlənmişdi. Bu lap ağ hərəkət olsa da, toplantının ssenarisində əvvəlcədən nəzərə alındığı şübhə doğurmurdu.

Məlumat üçün bildirək ki, 1945-ci ildə Təbrizdə təsis olunan ADF-nin bu möhürü indinin özündə də qanuni sahiblərindədir və son iki-üç ayda ADF rəhbərliyi tərəfindən imzalanan rəsmi partiya sənədlərinə dəfələrlə vurulub. Bəs elə isə plaketdə gördüyümüz möhür nümunəsi haradan, necə əldə olunub? İMC rəhbərliyi də möhürün bizdə olduğunu bildiyi halda, niyə saxta plaketdə imzasının və qurumların adının qoşa getməsini özünə rəva bilib?!

Sənəd saxtalaşdırılması məsələsinə çox ciddi və həssaslıqla yanaşmaq lazımdır. Belə ki, saxta yolla ADF-nin möhürünü hazırlayan da, hazırlatdıran da böyük və ağır cinayət etmiş sayılır. Hətta mətbəədə və ya hər hansı bir nəşriyyatda “scan” etmə üsulu ilə bu möhürü və ya kiminsə imzasını hər hansı bir sənədin altına yerləşdirmək və çap etmək özü də cinayət işi sırasında sayıla bilər. Bütün hallarda bu işi görən və gördürən hər bir kəs həm qanun, həm vicdan və həm də ADF qarşısında məsuliyyət daşıyır.

Biz inamdayıq ki, bu hərəkət İMC rəhbərliyi ilə tarixən mövcud olan sıx münasibətlərimizin korlanmasına yönələn cəhddir və İMC-nin getdikcə artmaqda olan nüfuzunu gözü götürməzlikdən qaynaqlanır.

Yaxşı olardı ki, bundan sonra İMC rəhbərliyi təqdim etdiyi sənədləri yalnız özünə aid möhürlə təsdiqləsin. Belə ki, İMC siyasi cəmiyyət deyil, müxtəlif sosial mənşəli, iqtisadi və siyasi maraqlı iranlı mühacirlərin könüllü ittifaqı əsasında təşkil olunmuş İctimai Birlikdir. Onun sənədlərində bundan sonra ADF kimi siyasi bir təşkilatın möhürünün olması yolverilməzdir.

Partiya üzvlərimizi və ictimaiyyəti narahatlıqdan qurtarmaq üçün bildiririk ki, apardığımız araşdırmalar nəticəsində artıq təxribatın icraçılarının konkret olaraq adları və kimlikləri müəyyənləşdirilib. Bu barədə geniş məlumat veriləcək, sözügedən şəxslərin kimliklərinə aydınlıq gətiriləcək, qeyri-qanuni hərəkətləri ifşa ediləcəkdir.

ADF MK bu kimi siyasi əxlaqa zidd hərəkətlərə son qoyulmasında israrlıdır və bu hadisəni təxribat hesab edir.

 

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

20 dekabr 2019-cu il

Şərhlər bağlıdır.