“Azərsu” Mingəçevirdə tullantı sularını təmizləyən qurğunu hələ də inşa etməyib
İyun ayının 21-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
2023-cü il iyun ayının 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Iclasda aşağıdakı məsələlər müzakirə olunub:
- Şəhərdə içməli su təminatı və kanalizasiya xidmətinin mövcud vəziyyəti barədə Sukanal idarəsinin hesabatı.
- Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən balansında olan yaşayış binalarının saxlanması və aparılan təmir işlərinin vəziyyəti haqqında.
- Əhalinin sanitar epidemioloji sağlamlığının qorunması sahəsində aparılan işlərin vəziyyəti haqqında şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən V.Məmmədovanın hesabatı.
- Mingəçevir şəhərində işsizliyin azaldılması, xüsusi ilə gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər haqqında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının hesabatı.
Bütün məsələlər ətrafında ciddi müzakirələr aparılıb. Xüsusən “Azərsu” ASC-nin su-kanalizasiya xətlərinin dəyişdirilməsi ilə bağlı işləri arzu olunan səviyyədə görmədiyi diqqətə çatdırılıb. O da vurğulanıb ki, bu günədək çirkli suların təmizlənməsi üçün qurğunun inşa olunmaması bağışlanmaz səhvdir. Hələ də tullantı suları axmazlara və oradan Kür çayına axıdılır. Çoxmənzilli binaların saxlanması ilə bağlı məsələ ətrafında fərqli fikirlər səsləndirilməsinə baxmayaraq, yekdil rəy belə olub ki, MİS-lər vətəndaşlarla müqavilə bağlamaq və yüksək xidmət göstərməklə əhalinin etimadını qazana bilər.
İclasda GEM nümayəndəsinin şəhərə təmiz su verilməsiylə bağlı fikirlərinə də etirazlar olub. Təklif edilib ki, analiz üçün su nümunələri həm də vətəndaşların mənzillərində kranlara gələn sudan götürülsün. Eyni zamanda Mingəçevirdə işsizlik faizinin yüksək olduğunu nəzərə alaraq, idarə və müəssisələrdəki vakant yerlər barədə məlumatları gizlədən və məşğulluq orqanlarına ötürməyən məsul şəxslərin cəzalandırılması da təklif olunun.
Sonda müvafiq qərarlar qəbul edilib. Şura üzvləri ilə yanaşı iclasa təşkilat rəhbərləri və KİV nümayəndələri də qatılıb.
Şərhlər bağlıdır.