Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və Qazaxıstan: 30 illik əməkdaşlıqda yeni səhifə

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir

1. 202

Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib.

Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır.

Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı tərəflər arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək 20-dən artıq sənəd imzalanmışdır.

Səfər zamanı imzalanmış bütün digər sənədlər kimi “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır. Prezidenti İlham Əliyevin dediyi kimi, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Tərəflər üzərinə xüsusi məsuliyyət qoyan Bəyannamə iki ölkənin əməkdaşlığının çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Bununla da, Qazaxıstan Azərbaycanın beynəlxalq siyasi müstəvidə haqlı mövqelərini dəstəklədiyini bir daha təsdiq edir və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə vermiş olur.

Xüsusi qeyd etməyə dəyər ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir. Bu baxımdan səfər 30 illik yolun təhlili, bir qərinə ərzində əldə olunan uğurların bir növ hesabatı kimi də dəyərləndirilə bilər. Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidentinə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması oldu. Qazaxıstan Prezidenti qeyd etdi ki, ölkəsində dövlət başçısı İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər.

Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf etmişdir. Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir.

Bəxtiyar Mustafayev,

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Şərhlər bağlıdır.