Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi

      “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndər istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli mədəniyyətimiz, musiqimiz xüsusi diqqət və qayğı göstərdiyi başlıca sahələrdən biri idi.

Müstəqil Azərbaycan Dövlətinin qurucusu Ümummili Lider Heydər Əliyev ölkəsinin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada tanınmasında böyük fəaliyyət göstərmişdir. Azərbaycanın müstəqilliyinin bərpa edilməsi ilə yanaşı, ölkənin milli mənəvi dəyərlərinin yaşadılması, qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyevin yaratdığı inkişaf strategiyası milli musiqimizi yenidən canlandırdı və yaxın şərq ölkələrində, avropada, Amerikada tanınmasına səbəb oldu. Heydər Əliyev dönəmi Azərbaycan musiqisi üçün bir inkişaf və dəyişim dövrü olaraq qəbul edilir.

Ulu Öndər milli mədəniyyətimizə belə həssas yanaşmasının ifadəsi olaraq 1995-ci ildə – dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində hər il sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı Fərman imzalayıb. Beləliklə, hər il Milli Musiqi Günü ilə bağlı paytaxtda və regionlarda genişmiqyaslı tədbirlər keçirilir ki, bu da mədəniyyətimizin təbliği, gənc nəsilin milli ruhda yetişməsi baxımından çox önəmlidir.

Heydər Əliyevin siyasəti dövründə Azərbaycanın mədəni əlaqələri dahada inkişaf etdirilmiş, musiqi sahəsində iki əsas məqsəd diqqətdə saxlanılmışdır. Birincisi, milli musiqi xalqın həyata baxışını və ruh halını əks etdirməli idi. İkincisi, musiqi sahəsi ölkənin mədəniyyət inkişafını və dünya mədəniyyəti ilə əlaqələrini gücləndirilməsi idi.

Bu dövrdə, musiqi sahəsində çalışan insanlar üçün daha yaxşı şərait yaradılmış və musiqi sənətinin inkişafı üçün daha çox dəstək göstərimişdir. Əlbəttə, hər bir dövrdə olduğu kimi, bu dövrdə də bəzi mənfi təsirlər olmuş ola bilər, lakin Heydər Əliyev dönəminin musiqi sahəsindəki müsbət təsiri diqqətəlayiqdir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dönəmində, Azərbaycanın sənət və mədəniyyət sahələrinə dair çoxsaylı beynəlxalq layihələr həyata keçirilmişdir. Bu layihələr arasında incəsənət xadimləri üçün təsis edilmiş xüsusi adların verilməsi, “Xalq Artisti”, “Əməkdar Artist” fəxri adlarının təsis edilməsi, bir sıra musiqi məktəblərinin açılması, ölkədə müasir opera və balet teatrının yaradılması, beynəlxalq musiqi festivalının keçirilməsi, konservatoriyada yeni fənnlərin daxil edilməsi, abidələrin restablizasiyası, mədəniyyət sahəsində fəaliyyət göstərən ali məktəblərin əsaslı təmiri və başqaları yer alır.

Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

1990-cı ildə Arif Babayev tarixdə ilk dəfə muğam professoru adı alıb. 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır.

Azərbaycan musiqisi üçün ən müsbət təsirin biri, dövrün  mühüm musiqi kollektivlərinin yaradılması, “Mugam” Ansambllarının fəaliyyətə başlaması və konsert proqramları ilə xarici ölkələrə səfər etməsi idi. O dönəmdə yaradılan bu ansambıllar müasir Azərbaycan musiqisinin ən yaxşı nümunələrindən biri hesab edilir və dünya səviyyəsində məşhurlaşır. Heydər Əliyevin strategiyasına əsasən Azərbaycanın bütün bölgələrində musiqi, incəsənət inkişaf etdirilməli idi. Məhz bu strateji fəaliyyətə əsasən, 1949-cu ildə fəaliyyətinə xitam verilən Gəncə Dövlət Filarmoniyası 1990-cı ildən yenidən fəaliyyətə başlayır. Prezidentin təşəbbüsü və köməkliyi nəticəsində “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verilir. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başlayır.

Heydər Əliyev dönəmi ayrıca musiqi sahəsində təşkilatçılıq və infrastruktur inkişafına da öz təsirini göstərmişdir. Bu dövrədə bir çox konsert zalları və musiqi məktəbləri tikilmişdir. Buna əlavə olaraq, Azərbaycan Dövlət Filarmoniyası, paytaxt və bölgələrdə fəaliyyət göstərən teatr binaları yenidən restablizasiya edilərək istifadəyə verilmişdir.

Ulu Öndər Heydər Əliyevin dövründə Azərbaycanda musiqi sahəsində bir sıra yeniliklər həyata keçirilmişdir. Bu dövrdə  Konservatoriyada, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, yeni ixtisasların yaradılması, tədrisi və metodologiyası, istiqamətində mühüm addımlar atılmış, ölkədə Radyo və Televizya sahəsinin inkişaf etdirilməsinə nail olmuşdur. Heydər Əliyev Azərbaycanın musiqi sənətinin inkişafına çox böyük diqqət yetirirdi və bu səbəbdən musiqi sahəsində müsbət dəyişikliklərin olmasına nail olmuşdu.

Azərbaycan musiqisi zəngin tarixə malikdir və ölkəmiz çox sayda musiqi tərzi ilə təmsil olunur. Ölkəmizdə bu tərzlər arasında Muğam, Aşıq musiqisi, Vokal, Estrada, Caz, Rok, Klassik musiqi janrları daha çox şöhrət qazanmışdır. Heydər Əliyev dönəmində, Azərbaycan musiqisinin təmsilçiləri dünya musiqi səhnəsinə çıxmaq imkanı qazanmışdır. Bir çox dünya ölkələrində, festival və konsertlərində iştirak edilmiş və dünya musiqisi tərəfindən dərəcələndirilmişdir.

Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsinin qorunub saxlanılması itsiqamətində bu gündə mühüm addımlar atılmaqdadır. 2000-ci illərdə muğamın daha da geniş şöhrət tapması və genişlənməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı ilə bağlıdır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü il 7 noyabrda tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin şah əsəri elan olunmuşdur.

2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş, 2009-cu il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Həmin ilin 18-25 mart tarixində Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakının Heydər Əliyev adına Sarayında “Muğam Dünyası” Beynəlxalq musiqi festivalı keçirilmişdir.

2010-cu ildən 2014-cu ilə qədər Azərbaycanın radio məkanında “Muğam” radiosu fəaliyyət göstərmiş, Alim Qasımovun səs sessiyası Devid Vendettanın “Vendetta” albomunda sırada 4-cü olan “I’m your Goddess” mahnısına daxil edilmişdir. 2012-ci ildə Azərbaycan muğamı ilk dəfə İspaniyada səslənib. Konsertdə Qoçaq Əsgərovu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edib. 2012-ci və 2015-ci ildə Alim Qasımov Amman Kral İslam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunan dünyanın 500 nüfuzlu müsəlman siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan musiqisinin zəngin, çoxşaxəli inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin milli musiqimizin, mədəniyyətimizin inkişaf strategiyasının adı ılə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 29 ildən sonra 12-13 may 2021-ci ildə “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırmışdır.

Müəllif: Aynur Araz

Şərhlər bağlıdır.