Aydın Mirzəzadə bu dəfə 62 nəfəri qəbul etdi
Millət vəkili Aydın Mirzəzadə martın 3-də Mingəçevirdə seçicilərin növbəti qəbulunu keçirib. Qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyat olmayıb. İstənilən mingəçevirli rahatlıqla deputatla görüşmək və müraciətini etmək imkanı qazanıb. Mövzu məhdudiyyəti qoyulmayan gün ərazində 62 nəfər qəbul edilib. Hətta qrup şəkilində də müraciətlər olub.
A.Mirzəzadə bununla bağlı facebook sosial şəbəkəsində açıqlama verib. Onun yazdığına görə əsasən aşağıdakı mövzularda müraciətlər olub: “Bina damlarının təmiri (Mingəçevir üçün bu aktualdır); İşlə təminat; Sosial məsələlər; Müalicə məsələləri; Pensiya təminatı ilə bağlı müəyyən suallar; Mənzil tikintisi və ipoteka məsələləri”.
Eyni zamanda görüşdə müəyyən qanunlara düzəliş təklifləri də səsləndirilib. A.Mirzəzadənin yazdığına görə, bəzi məsələlər yerindəcə həllini tapıb, bir qismi isə nəzarətə götürülüb. Həmçinin qəbula gələnlərə müxtəlif istiqamətlər üzrə məsləhətlər verilib. Ən yadda qalan məqam isə deputatın köməkliyi (baxmayaraq ki, onun seçicisi deyil) və səhiyyə nazirliyinin dəstəyi ilə qaraciyər transplantasiyası əməliyyatı keçirən Pərviz Quliyevin öz ayağı ilə qəbula gəlməsi olub. 40 yaşında yeddi uşağı olan (yoldaşının 35 yaşı var) ailə başçısı da mənzillə bağlı müraciət edib. Onun məsələsi millət vəkili tərəfindən nəzarətə götürülüb.
Aydın Mirzəzadə seçiciləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, Region TV-yə, yerli Mingəçevir TV və El TV-yə qəbulla və siyasi məsələlərlə bağlı müsahibələr verib.
Şərhlər bağlıdır.