Ayaq altına tökülən meyvə-tərəvəzi niyə almalıyıq?
Qarpızı, yemişi və başqa məhsulları küçədəki qiymətə, doğru çəkidə və saxlanma şəraitinə malik marketlər də təklif edir
Mingəçevir şəhər İcra Hakimiyyəti, bələdiyyə və ictimaiyyət nümayəndələrindən ibarət komissiya 2023-cü il iyulun 6-da şəhərin M.Maqomayev prospekti boyunca səyyar satış yerlərinə baş çəkib. Məlum olub ki, yollara və səkilərə tökülən qarpız və yemiş məhsullarının mövcud ərazilərdə satışına rəsmi icazə verilməyib. Satıcılar qeyri-rəsmi formada müxtəlif şəxslərə ödəniş etdiklərini açıqlayıblar. Həm də deyiblər ki, İcra Hakimiyyəti və ya Bələdiyyə səyyar satış üçün münasib yerlər ayırsa və sərfəli şərtlər qoysa, onlar qanunsuz yollara üz tutmazlar.
Yeri gəlmişkən, ötən il mövsümi məhsulların satışı üçün dəmir torlardan hazırlanmış yerlər müəyyənləşdirilmişdi. Bunlar Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən səyyar xidmət göstərənlərə icarəyə verilirdi. Hətta İcra Hakimiyyəti başçısı da yol kənarlarında həmin yerlərdə satışa razı idi. Amma dəmir torların icarəsinin baha olması satıcıları razı salmadı və onlar başqa vasitələrə əl atdılar. Satıcılardan biri dedi ki, həmin dəmir torları 500-600 manata deyil, 50-60 manata təklif etsəydilər, hamı ikiəlli razı olardı.
Təəssüf ki, həmin küçədə yerləşən qanuni mağazaların da öz məhsullarını qapıdan küçəyə çıxarıb, ayaq altına düzdüklərinin şahidi olduq. Mağaza sahibləri bunu belə əsaslandırmağa çalışdılar ki, guya alıcılar içəriyə girmək istəmir, vaxt itirməmək üçün bayırdan alver etməyə üstünlük verirlər. Amma həmin prospektdə yerləşən “5+” supermarketin müştəriləri alış-veriş üçün nəinki mağazanın içində xeyli vaxt sərf edir, üstəlik kassanın qarşısında da növbədə dayanırlar. Deməli problem heç də müştəridə deyil. Sadəcə birinin doğru olmayan hərəkətindən sonra digəri də bunu rahat yol hesab edir və beləcə qanunsuz əməllər hamının qəbul etdiyi normaya çevrilir. Qarşısını almağa cəhd göstərəndə də şəhid ailələrinin, Qarabağ qazilərinin adları ortaya atılır.
Təbii ki, inzibati metodlara əl atmaq mümkündür (hərçənd ki, bu zaman hansısa partiya sədri və ya qeyrisi efirə çıxıb, vətən fədaisinin haqqının tapdandığını iddia edəcək). Ən yaxşı yol ictimai qınaq vasitəsilə əhalini küçədə, ayaq altında satılan məhsulları almamağa çağırmaqdır. Kiminsə tüpürdüyü, ayaqqabısının tapdaladığı yerə tökülən ərzağı, meyvəni niyə almalıyıq? Biz almasaq, yəqin ki, sata bilməyənlər ən azından nümunəvi köşklərdə fəaliyyət göstərməyə çalışacaqlar. Məsələn, bəziləri minik və ya yük maşınlarını səyyar satış üçün ayırıblar. Onları yol kənarlarında və həyətlərdə tez-tez görmək olur. Həm də qarpızı, yemişi və başqa məhsulları küçədəki qiymətə, doğru çəkidə və saxlanma şəraitinə malik marketlər də təklif edir.
Şərhlər bağlıdır.