Avropa İttifaqı, BMTİP və Azərbaycan Hökuməti ənənəvi incəsənət vasitəsilə inklüziv təhsili təşviq edir
Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi bu gün tarixi İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü təşkil edib. Mətbuat günü Aİ tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə həyata keçirilən birgə layihə çərçivəsində incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunub. Əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn bu layihə gənc tələbələrin birlikdə təhsil alması və ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etməsinə kömək edir.
2018-ci ildə Aİ, BMTİP və Azərbaycan Hökuməti arasında imzalanmış layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişafla bağlı ehtiyac və tələblərinə uyğunlaşdırılmış inklüziv təhsili platformalarına çıxış imkanlarını genişləndirmək üçün bu yaxınlarda tamamilə yeni İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılıb. Mərkəz İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) nəzdində fəaliyyət göstərir. Bu ilin sentyabr ayında tələbələrin ilk qrupu İçərişəhərdə Təlim Mərkəzində inklüziv emalatxanada ilk tədris ilinə başlayıblar.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas mətbuat günündə tələbələrin bu ilk qrupunu salamlayaraq aşağıdakıları qeyd edib: “Bərabər davranış, bərabər imkanlar və ayrıseçkiliyə yol verilməməsi, cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir. Maneə və qərəz olduqda isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır, xüsusən bu maneələr bacarıqların inkişaf etdirilməsi və layiqli iş imkanlarının əlçatanlılığına mane olur. Bu baxımdan, ümumi, texniki və peşə təhsil və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin inkişafı və tətbiqi vacibdir.”
İnklüziv təcrübələrin vacibliyini vurğulayan BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti mətbuat günündə aşağıdakıları bildirib: “İnklüzivlik əlilliyi olan insanların həyatında köklü dəyişikliklərə səbəb olaraq onların özünüqiymətləndirməsinin yüksəlməsinə, özünəinamının artmasına kömək edir və onlara daha keyfiyyətli həyat yaşamaq imkanı verir. İnklüziv cəmiyyətlərdə fərqli qabiliyyətlərə malik şəxslər onlar üçün münbit mühitdə çoxsaylı faydalı imkanlardan yararlana bilir. Bu cür mühit digər məsələlərlə yanaşı effektiv kommunikasiyaya əngəl olan maneələri aradan qaldırır, əlilliyi olan şəxslərin icma həyatında iştirakını artırır və onların müstəqil yaşamaq bacarıqlarını yaxşılaşdırır.”
Bu gün İçərişəhərdəki yeni İncəsənət və Sənətkarlıq üzrə Peşə Təlimi Mərkəzində təqdim olunan altı kursda yüksək motivasiyalı 65 nəfər tələbə, o cümlədən əlilliyi olan 25 tələbə və əlilliyi olmayan 40 tələbə təhsil alır. Mərkəzdə hazırda dulusçuluq və dekorativ həllərlə bağlı iki kurs mövcuddur və hər ikisi 6-12 aylıq akademik proqramlar təmin edir. Bundan əlavə, ağac üzərində iş üzrə ixtisaslaşan daha iki qrup müvafiq olaraq altı və on iki aylıq kurslarda iştirak edir. Polimer gili və muncuqlardan suvenirlərin hazırlanması və batika və vitraj üsulu ilə suvenirlərin hazırlanması üzrə bir-birindən ayrı daha iki kurs mövcuddur. Kurslar əlilliyi olan 4-5 və əlilliyi olmayan 6-7 tələbədən ibarət qarışıq qruplar şəklində həftədə bir dəfə 2 saat davam edir.
Dərslər sənətkarlıq və incəsənət üzrə peşəkar ekspertlər və istehsalçılar tərəfindən keçirilir. Təlimçilərə təhsil prosesində dəstək göstərmək üçün hər qrupa korreksiyaedici pedaqogika üzrə ixtisaslaşmış iki köməkçi müəllim təyin olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri olan təcrübəçilərdən seçilən bu köməkçi müəllimlər zərurət olduqda əlilliyi olan tələbələrə fərdi dəstək göstərir, onların digər tələbə yoldaşları ilə ünsiyyət və qarşılıqlı əlaqəsinin artmasına kömək edir. Bundan əlavə, əlilliyi olan hər bir tələbə üçün hazırlanmış fərdi inkişaf planlarına uyğun olaraq fərqli qabiliyyətlərə malik tələbələrə psixoloji məsləhət və dəstək xidmətlərinin göstərilməsi üçün psixoloq, sosial işçi, loqoped və işarə dili tərcüməçilərindən ibarət reabilitasiya üzrə işçilər qrupu da fəaliyyət göstərir. Ən əsası, fərqli qabiliyyətlərə malik uşaq və gənclərin valideynlərinin geniş spektrli emosional və psixoloji çətinliklərə uyğunlaşmasına kömək etmək, habelə onların öz uşaqlarının xüsusi ehtiyaclarını daha yaxşı anlamasına dəstək göstərmək məqsədilə, zərurət olduqda suallara cavab verən və köməklik göstərən xüsusi xidmət təchizatçıları fəaliyyət göstərir.
2019-cu ilin sentyabr ayında tələbələr həmçinin qrup üzvləri arasında inklüziv mühitin yaradılmasına, yaşıdlar arasında tolerantlıq və empatiyanın artmasına yönələn inklüziv təhsil üzrə interaktiv təlimdə iştirak edib.
Şərhlər bağlıdır.