Atiq bulağından su içənlər onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər
Atiq İbrahimov İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Hərbi borcunu yerinə yetirdikdən sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş şəbəkəsində satış şöbəsinin nəzarətçi mühəndisi işləyib. Dəfələrlə enerji borcunu ödəyə bilməyən abonentlərin hesablarına maaşından pul köçürüb ki, işıqları kəsilməsin.
2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrindən sonra könüllü orduya yazılıb. Müharibə başlayanda isə valideynlərinə xəbər vermədən hərbi komissarlığa gəlib və cəbhəyə yollanıb. Sadəcə, yoldan zəng edərək, “Salamat qalın, mən getdim” deyib.
Valideynləri Atiqi evləndirmək istəsələr də razı olmayıb. Deyib ki, nə vaxt torpaqlarımızı azad edib, şəhidlərimizin qanını alacağıq, bax onda üzümüz güləcək. Azərbaycan ordusunun müzəffər yürüşündən sonra anası Gülüş xanıma bildirib ki, müharibə yaxın vaxtda qurtaracaq, noyabrda sevdiyi qıza nişan apara bilər.
Bölük komandiri kimi kəşfiyyat qrupuna rəhbərlik edib. Ballıqayadan başlayan cəbhə həyatı Cəbrayıl, Füzuli, Suqovuşan, Talış uğrunda davam edib. Tez-tez həyatını riskə qoyub. Çalışıb ki, pulemyotundan atılan güllələr boşa çıxmasın.
Ailəsi ilə sonuncu dəfə oktyabrın 15-də danışıb. Deyib ki, Ağdərə istiqamətində döyüşlərdədir, ermənilərlə 800 metr məsafədədir. Həm də bildirib ki, oktyabrın 18-də gələcək və evlərində çiməcək. Amma oktyabrın 16-da şəhid xəbəri gəlib. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bütün bunalar, eyni zamanda İbrahimovlar nəslinin şəhərin ictimai-siyasi və iqtisadi həyatındakı rolu barədə Dövlət qulluçusu veteranı Bayram Mustafa şəhid Atiq Afiq oğlu İbrahimovun adına tikilən bulağın açılışında danışıb. Mərasimdə qazilər xatirələrini bölüşüb, məktəbli və tələbələr Afiqə həsr olunan şeir və mahnıları oxuyublar. Şəhidin xatirəsinə ehsan süfrəsi də açılıb.
Nəsillər gəlib gedəcək, çoxları unudulacaq. Amma şəhid qanı ilə vətən torpağının dəyərini artıran Atiq İbrahimov həmişə xatırlanacaq. Atiq bulağından su içənlər həmişə onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər.
Şərhlər bağlıdır.