AQTA Mingəçevirdə antisanitar şəraitdə çörək bişirənləri üzə çıxardı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsindəki 91/A ünvanında fiziki şəxs Əliyev Elşən Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. Baxış zamanı antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki tələblərə cavab vermədiyi, sanitar norma və qaydaların, gigiyenik normativlərin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinədən keçirilmədiyi və sexdə dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb. Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu da müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA-nın nümayəndəsi bildirib ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçiriləcək.
Şərhlər bağlıdır.