Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ana dilim, gözəl dilim!

Ana dilimi çox sevirəm, bu necə olur bilmirəm, sadəcə belədir və izahı yoxdur. Bəlkə də əsaslandırmaq da olar, amma artıq hesab edirəm. Azərbaycan türkcəsində danışmağı, yazı yazmağı, şeir və mahnıya qulaq asmağı da çox sevirəm. Hərdən özüm də bəyəndiyim mahnını zümzümə edirəm. Elə bilməyin ki, hər birimizin, öz dilində acı sözlər danışa biləcəyini unuduram, xeyr. Təəssüf ki, belə də olur. Ya bilərəkdən, ya da bilməyərəkdən bunu edirik, bir-birimizi acılayırıq, hətta qəlb qırırıq. Bu sətirləri yazarkən belə, xatırlayıb üzülürəm. Siz də xatırlayın, amma heç vaxt qəsdən qəlb qırmayaq, qırmamağa çalışaq, həm də dilimizin və qəlbimizin gözəlliyi, bütövlüyü xatirinə.

Müəllimlər yaxşı bilir, öyrənməyin, yadda saxlamağın ən yaxşı və yeganə yolu, öyrətməkdir. İstəsəniz yoxlaya bilərsiniz. Bəzən, dərsdə, yaxşı izah etməyi öyrənməsi və yadda saxlaması üçün uşaqlara da bu imkanı yaradırdım, yaxşı da nəticəsi olurdu. Təəssüf ki, uşaqların çoxu öyrənməyə maraqlı olmadıqları üçün, öyrətməyə də tənbəllik edirlər. Uşaqlarla evdə söhbət edin, onlara dilimizi öyrədin və siz də öyrənin, bu, sizin xeyrinizədir.

Tez-tez rast gəldiyim və məni hədsiz narahat edən bir məqamı qeyd etmək istərdim ki, çox kiçik yaşlı uşaqlar ağlayanda, hətta bir yaşı olmayan, ata-ana telefonu uşağa verib səsini kəsməyə çalışırlar və uşaq da telefonda ancaq başqa dillərdə olan musiqiyə, cizgi filmlərinə baxır. Zaman keçir, dil açan həmin uşaqlar başqa dillərdə daha çox söz danışır. Deyəcəksiniz ki, bəli belədir, amma neyləyək? Məncə dilini sevən hər bir insan bu hala qarşı barışmaz olmalıdır. Uşaqların səsini kəsmək yox, öz dilində ona mahnı oxumaq, onunla söhbət etmək lazımdır. Hər bir valideyn isə bunu etməyə borcludur. Dilimiz, bizim millət kimi var olmaq, yaşamaq, dünyaya tanınmaq səbəbimiz, fürsətimiz və imkanlarımızdır. Dilimiz, bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Dilimizi unutsaq, qorumasaq, o zaman keçmişimiz, bu günümüz və sabahımızla vidalaşmalı olacayıq. Dilimizi unutmamaq və qorumaq ümidi ilə, hər birinizə xoş günlər və xeyirli sabahlar diləyirəm!

Mehparə Rəhimqızı

Şərhlər bağlıdır.