Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ekzistensializm nədir?

416

 

Hər bir cinayətin bir cəzası vardır. 

Dostayevskinin “Cinayət və cəza” əsərini oxumağa çox böyük maraqla başlamışdım. Hər zaman təriflənən bir yazıçının əsərini, kitab maraqlısı biri olaraq oxumaq, düşünürdüm ki, çox zövqlü olar. Vaxtımın çoxunu ixtisasım olaraq, fizika və riyaziyyata, bir qədər də fəlsəfəyə aid kitablara həsr edirəm, amma bədii ədəbiyyat hər zaman maraq dairəmdə olub, odur ki, əsəri böyük maraqla oxumağa başladım, yarısına qədər güclə oxudum, hər dəfə də, bu ki, cəfəngiyyatdır, -deyə kənara atmaq istəyirdim, amma yenə də sonunda, yazıçı nə demək istəyir?- marağım əsəri sonuna qədər oxumağa məni məcbur edirdi. Əsəri bitirdim və sadəcə bir cümlə -“ Bu adam Tanrını unudub”-dedim. Sonralar isə Dostayevskinin ateist olduğunu öyrəndim. Bəli, bu adam, yəni yazar, qəsdən Tanrını unutmuşdu. Odur ki, əsərdə faciələr, bədbəxtliklər baş alıb gedirdi. Amma əsl həyat belə deyil, əsl həyatımızda əməllərimizədavranışlarımıza görə Tanrının kiçik və böyük redaktələri: mükafatları və cəzaları, həmişə olub, var və olacaqdır. Ədəbiyyatçılar bunu nə adlandırır adlandırsın, amma insan olaraq bilirəm ki, insan yalnız hisslərinin ardınca gedərsə özünü fəlakətlərin içərisində görəcək və bunu azadlıq adlandırmaq isə, bu haqda bir az sonra … 

             Laqeydlik, yoxsa azadlıq? 

 İlk öncə Alber Kamyunun həyatı haqqında oxudum, adətən belə edirəm, yazıçını tanımağa çalışıram. Çox maraqlı, həm çətin, həm də kədərli bir həyatı olub. Adətən, elm adamlarının həyatında da məhz belə talelərə rast gəlmişəm, onlar bu çətinliklərin öhdəsindən gəlməklə bərabər, elmdə də çox böyük uğurlar qazanmağa müvəffəq olublar. Odur ki, yazıçının əsərlərinin son dərəcə maraqlı olacağını düşünürdüm. “Yad” əsərini oxumağa başladım, elə ilk sətirlərdən sanki tanış bir xarakteri xatırladırdı mənə, lakin yazara hörmət xatirinə sona qədər oxumağa çalışdım ki, görüm yazıçının hansı yenilikləri var? Obraz tanış gəlsə belə, bu obrazın daha hansı xüsusiyyətlərinin ola biləcəyini də düşünürdüm. Alber Kamyu bu obrazını bəlkə də azad, istədiyini etməkdə haqlı olan biri kimi göstərməyə çalışmışdı. “Yad” əsərindəki Artur Merso mənəvi bağlılıqları, sosial məsuliyyəti dərk etmək istəməyən və daha çox bunları inkar edən bir tipdir. Müəyyən yaş dövrünü( 20-30,bəzilərdə 40 yaşa qədər) yaşayan bəzi kişilərin, ailəsinə mənəvi bağılıqlardan xoşu gəlmir, hətta bundan imtina etmək cəhətləri olur. Yəni əgər söhbət azadlıqdan gedirsə, bu hiss qadın və ya kişi fərqliliyini ortaya gətirməməlidir. Yəni bu azadlıq hamı üçün rəva görülən olmalı idi. Amma bu “azadlıq” sadəcə kişilərə aiddir və nədənsə bu azadlığın içərisində məsuliyyət hissi yoxdur. Onlar üçün fərqi yoxdur kiminlə evlənəcək, fərqi yoxdur kiminlə dost olacaq, fərqi yoxdur harda öləcək… Amma ekzistensializm(adamın dili də dönmür) haqqında oxuduğumda, bu cərəyanı təmsil edən insanlar, nədənsə azadlığı sevən(söhbət hansı azadlıqdan gedir məlum deyil), lakin cəmiyyət qarşısında məsuliyyət daşıyan obrazlar nəzərdə tutulur. Necə ola bilər ki, ailə bağları olmayan, anasının həyatını önəmsəməyən biri, cəmiyyət qarşısında məsuliyyət daşısın və ya onları dəyərli hesab etsin? Alber Kamyu– Artur Merso kimi adamların istədikləri azadlıq deyil, onlar öz kefini düşünən, ailə məsuliyyətindən qaçan, hisslərinin əsiri olmağı  sevənlərdir. Onlar dostlarını seçməyi bacarmazlar, kiminlə gəldi dost olurlar, ya da yoldaşlıq edirlər, dostları ucbatından təhlükəli durumlara belə razı olurlar, dostları içərisində hətta kriminal tiplər belə olur, hər yoldan ötəni evlərinə gətirməkdən belə çəkinməzlər, hətta bu durum evdəkilərin narahatçılığına səbəb olsa belə, onlar əyləncəsindən qalmazlar. Həm “Yad”, həm də “Taun” əsərində çox qabarıq verilən də məhz bu “azadlıq”-dır. “İnsanlar xəstəlikdən sonra küçələrə çıxıb, çox ehtiraslı şəkildə görüşürlər, əylənirlər, sevinirlər, çalıb oynayırlar, musiqi sədaları altında rəqs edirlər”…  Bu şəhərdə hələ də xəstəliklə boğuşan, ölməkdə olan insanlar vardır, minlərlə insan artıq ölüblər, yandırılıblar, bütün bunların fonunda isə yazar əsl “kef məclisləri” qurur. Burada əylənən insanların yaxınları, doğmaları faciəli şəkildə ölüblər, məgər bu onlara təsir etmir? Bu fəlakətdən sağ qaldıqları üçün bu qədərmi xoşbəxtdirlər? 

 “Yad” əsərində diqqəti cəlb edən başqa bir məsələ isə bu azadlığı guya, insanı yaxşı və pis cəhətləri ilə qəbul etmək, hisslərinə görə onu  mühakimə etməmək dayanır, onda belə çıxır ki, vəzifədə olanlar da nə etsələr haqlıdırlar, onlar da öz azadlığını sonadək dərk etməyə çalışırlar, istədikləri kimi hərəkət edə bilərlər, kimi istəsələr həbs edə, kimi istəsələr edam edə, sürgün və ya hər cür cəza ilə cəzalandıra bilərlər??? Amma bu nədənsə unudulur, Alber Kamyu haqsızlıqlara qarşı çıxır, insanların tərbiyə olunmasını, ədalətli olmasını istəyir, bəs elə isə bu mənasız “azadlıq” niyə bu qədər qabardılır? 

İnsanın qəlbindəkiləri bilən bir Tanrı mütləq vardır. 

 Alber Kamyunun bacısı olsaydı, yaxud bacısı olan biri ilə tanışlığı olsaydı o zaman “Yad” əsəri daha faciəli olardı, çünki Merso kimi tiplər ansına laqeyd olduğu qədər yəqin ki, bacısına da laqey olardı, bəlkə də bacısı olduğu üçün ona nifrət edərdi, çünki bacı qarşısında qardaş məsuliyyəti daha böyükdür. Kişilərin çoxu isə bu məsuliyyətdən qaçmağa daha çox maraqlıdırlar, çünki bu məsuliyyətdən çox qorxurlar. “Taun” əsərində belə bir məqam var ki, əsərin qəhrəmanı hətta anasına belə öz sevgisini-övlad sevgisini deyə bilmir, bəlkə də demək istəmir. Amma düşünür ki, bu onun qəlbində var. Bilirsiniz, yazıçı özünü ateist kimi tanıtmağa çalışsa da, elə bu məqam bəs edir düşünsün ki, insanın qəlbindəkiləri bilən bir Tanrı mütləq vardır.  

Qətlə görə mühakimə olunan birinin, sonunda məhz “anasının dəfnində ağlamadığı üçün” edama məhkum edilməsi onun azadlığına qəsd etmək deyil, bu, keçirdiyi  həyat tərzinin  onu apardığı sonluqdur. Bəlkə də dostlarını seçə bilməməyin cəzası idi, necə gəldi, kiminlə gəldi yoldaşlıq etmək heç də həmişə uğurlu sonluqla bitmir.  

Mənim gəldiyim qənaət isə odur ki, kimsə kiməsə görə daha vicdanlı, kimsə daha vicdansızdır, kimsə daha az vicdanlıdır, bu, bir qədər də qeyri-səlis məntiqi izah istəyir. Mersonu riyazi ədəd oxunun sıfır nöqtəsi kimi görürəm, çünki bu qədər laqeyd biri, sadəcə, sıfır nöqtədə qərarlaşa bilər, belə insanlar çox olsalar da onlar heç bir təsir gücünə malik olmurlar, çünki onları meydanlarda görməzsən, onlar sadəcə sıfır nöqtəsində tapışırlar, ondan sağda isə yaxşıya doğru, ondan solda isə pisə doğru insanlar sıralanır və hər bir insan bu ədəd oxunda özünə yer tapa bilər, daha doğrusu özünü görə bilər. Acınacaqlısı odur ki, Mersonu daşqəlblikdə günahlandıranlar, daha böyük qəddarlıq edərək zalım  bir qərar verirlər və onu edama məhkum edirlər. Merso düşünür ki, burada əyləşənlər içərisində ondan da zalım, qəddar, daşürəkli, həyata laqeyd, unutqan, həyatını, daha doğrusu kefini yaşayan  insanlar vardır, amma nədənsə məhz mən günahkar, mən daha qatı cinayətkar sayılaraq edama məhkum edilirəm? Məncə Merso bu düşüncəsində çox haqlıdır, özü də faciəli surətdə haqldır.  Çünki heç bir insan, digərini edama məhkum edəcək qədər haqlı deyildir. Əgər sənə əziyyət verərlərsə, səni öldürməyə çalışarlarsa, o zaman qarşılıq verməkdə haqlısan. Amma məntiqlə, Merso iclas zalında oturanların heç birinə pislik etməmişdi. Birini öldürdüyü üçün isə qanunun hökmü nədirsə o icra olunmalı idi. Lakin hakimin və ittihamçının  özünü səlahiyyəti qədər “azad” hiss etməsi, hissə qapılması isə cəzanı ağırlaşdırdı.  

Belə görünür ki, laqeydlik daha ağır nəticələrə gətirə bilir, hətta gözləmədiyin yerdən, gözləmədiyin insanlardan zərbə ala bilərsən. Deməli, laqeydlik heç də azadlıq demək deyildir. İnsan, əxlaqın, xeyirxahlığın və vicdanın imkan verdiyi qədər azad ola bilər, laqedliyin deyil. Laqeydlik isə insanı sonunda bədbəxtliyə düçar edir, çünki bir gün, səni mühakimə edənlərin də, məhz, dəyərli olan insan həyatına laqeyd, etinasız insanlar ola biləcəyini unutmayın. 

Mingəçevir şəhəri. 

Şərhlər bağlıdır.