Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdam məktəbi yeniliyə imza atdı

237

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi bir neçə aydır ki, Təhsil Nazirliyinin sifarişi ilə “Orta təhsildə sivil məktəb şuralarının təbliği” adlı layihəni gerçəkləşdirir. Bu müddətdə həm Bərdədə yerləşən 1 saylı Ağdam köçkün məktəbində, həm də Mingəçevirdəki 10 saylı məktəbdə təhsilin idarə olunmasında valideyn iştirakçılığının və səriştəliyinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
Mayın 18-də Ağdam məktəbində valideyn-müəllim-şagird üçlüyündən ibarət nümunəvi məktəb şurasını formalaşdırmaq üçün seçki keçirilib. Valideyn, müəllim və şagirdlər seçkiyə qatılmaq üçün öz nümayəndələrini təqdim ediblər. Burada üzvlüyə namizədlər irəli sürülüb və hər bir namizəd məramını açıqlayıb. Maraqlı burasıdır ki, seçkiyə qatılan şagirdlərdən 8-i, valideynlərdən 4-ü, müəllimlərdən isə 5-i özünü şurada görmək istəyib. Qaydalara görə, 17 nəfərin adı bülletenə daxil edilsə də, hər qrupdan yalnız 3 nəfərə səs verilib. Gizli səsvermədən sonra 9 nəfərdən ibarət məktəb şurası yradılıb.
“Nüfuzlu, sözükeçən və ictimaiyyət tərəfindən qəbul olunan şəxslər şuraya seçildilər. İndidən sonra məktəbi mənimlə bərabər şura da idarə edəcək”-məktəbin direktoru Çimnaz Kərimova belə deyib. Onun sözlərinə görə, bu təhsil müəssisəsi müasir mexanizmin tətbiqinə hazırdır: “Biz tezliklə məktəbimizin müstəqil maliyyələşmə mexanizminə keçməsini arzulayırıq”.
Layihə rəhbəri Fərman Nəbiyev bildirib ki, bu tədbirlər müəllim-valideyn və şagirdə bir komandada işləmək bacarıqları aşılayıb, təhsilin idarə olunmasında valideyn iştirakçılığının vacib olduğu barədə əsaslı fikirlər formalaşdırıb: “Sirr deyil ki, əksər valideynlər repititorluğun, təhsildə korrupsiya və rüşvətini qarşısının alınmasına cəhd göstərir, lakin bu, pərakəndə və sistemsiz aparıldığından nəticə vermir. Layihə bu pərakəndəliyi və sistemsizliyi aradan qaldırmağa, valideynlərin dəyişmək inamını artırmağa kömək edir. İndiyə qədər problemə seyrçi mövqeyində qalan bu insanlar artıq çıxış yolunu tapa bilirlər. Eyni zamanda faydalı yeniliklərin tətbiqi üçün hökumətin müəyyən addımlar atacağına inanırıq. Layihənin nəticələri ilə əlaqədar yaxın günlərdə Təhsil Nazirliyinə təkliflər paketi təqdim edəcəyik”.

Şərhlər bağlıdır.