Ailələdaxili zorakılıq isti yuvaları dağıdır
“Övladlarımı mənə verin!”
Bir neçə gün əvvəl axşam saatlarında Mingəçevirin Maqomayev prospektindəki binalardan birinin qarşısında cavan gəlinin harayına qonşuları yetişdi. “Kömək edin, qoymayın, uşaqlarımı aparırlar!”-deyə o, qışqırırdı. İki yaşlı qadın və bir gənc kişi Günel adlı bu xanımın əlindən uşaqlarını zorla almaq istəyirdi. Qonşuların müdaxiləsindən sonra Günel övladları ilə birgə həyəcanla pilləkənləri qalxıb, atasının beşinci mərtəbədəki mənzilinə daxil oldu.
“Mən uşaqlarımı istəyirəm. Kim mənə nə deyə bilər ki? Yoldaşımdan oğlanlarımı istəyirəm. Günel, evimizə gedək!”-bu, gənc xanımın həyat yoldaşı Sadiqin hayqırtısı idi.
Onun anası Leyli isə “Nəvələrimdən ayrı yaşaya bilmirəm. Böyütmüşəm, əziyyətlərini çəkmişəm, evim onlarsız viranə qalıb, uşaqları aparmağa gəlmişik”-deyir, məsələnin küçədə həll olunmayacağını irad tutanlara kobud cavablar verirdi: “Heç kimin mənim ailəmin işinə qarışmağa haqqı yoxdur!”
“Anamı atıb, səni tuta bilmərəm”
Günelin dediyinə görə, tez-tez böyük bacısının evinə gedir, ona ev işlərində köməklik edirmiş: “Hər dəfə məni görəndə bacımın İlhamə adlı qonşusu gələcək həyat yoldaşımı və onun ailəsini tərifləyirdi. Sadiq məndən 5 yaş balacadır. Görünüşü yaxşı olsa da mən onu sevmirdim. Sadiqlə İlhamənin ataları dost idi. Sadiqin atası Adil vaxtaşırı dostugilə gəlirdi. Günlərin birində kişi İlhamədən xəbər gondərdi ki, bizimlə qohum olmaq istəyir. Anam yataq xəstəsidir. Mənim ailə qurmağım onun arzusu idi. Anamı fikirləşib bu izdivaca razılaşdım. Həm də düşündüm ki, xoşbəxt bir ailəm, isti yuvam olar. Bilsəydim bədbəxt olacam, heç ərə getməzdim”.
6 il əvvəl gənclərə təmtaraqlı toy çalınıb və Günel Bərdənin Mollagüllər kəndinə gəlin köçüb. “Bir ay sonra qayınanam dedi ki, mən səni istəməmişəm. O, mənimlə qaşqabaqlı davranır, hər dəfə nəyi isə bəhanə edib məni vurur, təhqir edirdi. Evin gəlini olduğum üçün ona anam kimi münasibət göstərirdim. Boynunu qucaqlayıb, üzündən öpürdüm. Nə deyirdisə onu edirdim. Qayınatam məni qoruyurdu. O, arvadının söz-söhbət yaratmasının qarşısını almağa çalışırdı: “Uşaqdı, öyrət də ay Leyli, analıq elə”- deyirdi. Günel ailə həyatının ilk illərini belə xatırlayır.
Günelin dediyinə görə, əvvəllər yoldaşının qazancı yaxşı imiş: “Sürücülüklə evi dolandırıdı, bir az pul da toplamışdı. Torpaq aldıq. Amma ev tikməyə razı olmadılar. Yoldaşım məni və övladlarımızı çox sevir. Iki oğlumuz var, biri 5, o biri 3 yaşında. Sadəcə Sadiq anasının sözündən çıxma bilmir. Hər dəfə qayınanamla mübahisəmiz düşəndə məni danlayır və deyirdi ki, anamı atıb, səni tuta bilmərəm”.
Şəhər qızının kənd həyatı
Adətən şəhər mühitində böyümüş qızın kənd şəraitinə uyğunlaşması çətin olur. Amma Günel uyğunlaşıb. Dediyinə görə, günü məhlədə keçir, evin, həyətin bütün işlərini görürmüş. Hətta 2 ildən sonra inəkləri sağmağa başlayıb: “İnəyin 4-nü qayınanam, 3-nü mən sağırdım. O, əməliyyat olandan sonra hamısının əziyyəti mənim üstümə düşdü. Mən xəstələnəndə isə müalicəmə pul vermirdilər. Xəstəliyimi ayaqüstü keçirirdim. Belə şəraitdə nə qədər yaşamaq olar? Sadiq qayıtmağımızı istəyir. O, bir ev kirayələsə, bəlkə də mehriban yaşayarıq. Əgər anası buna razı olmasa və ayrılmağımıza qərar versə, boşanacağam”.
Yaşı 70-i haqlamış Leyli xala isə günahı Güneldə görür: “Ona öz qızım kimi baxıram. İstəyirəm həmişə üzü gülsün. Günümüz xoş keçsin. Amma bu gəlinin qaş-qabağı açılmır.Yorulmuşam onun belə rəftarından. Xasiyyətini dəyişsin, balalarını yetim qoymasın”.
“İndiki gənclər isə böyük-kiçik yeri bilmirlər”
Ailə isti bir yuva, insanın həyatının əsas hissəsidir. Bu beşikdə ana-ata, nənə-baba öyüd-nəsihəti, məsləhəti önəmlidir.
“Oğlanlarımı evləndirib, qizlarımı köçürmüşəm. Övladlarının rahat yaşaması, ailələrinin möhkəmliyi üçün əlimdən gələni əsirgəməmişəm. Amma böyük qızım övladının ailəsində bir balaca narahatlıq olan kimi nəvəmi boşatdırdı, məni eşitmədi. İkinci nəvəmin isə evini qayınanası dağıtdı. İndiki analar da fərqlidilər. Pis zəmanəyə gəlmişik”-80 yaşlı İzbikə Mahmudova belə deyir.
Müsahibimizin sözlərinə görə, gənc valideynlər xeyli səbirsiz olublar: “Bizim dövrümüzdə gəlin, oğul sözümüzü eşidər, qayınata yanında uşağı qucağa almazdılar. Qayın, qayınata olan yerdə gəlin az-az görünərdi. İndiki gənclər isə böyük-kiçik yeri bilmirlər, mən səndən çox bilirəm deyirlər. Elə yaşlılarda da səbr qalmayıb, hər şeyə danışırlar. Buna görə də ailələr dağılır”.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərov hesab edir ki, qadınların ailədə pis rəftara məruz qalması həm də ləyaqətin alçaldılmasıdır: “Ailə üzvləri tərəfindən döyülən, təhqir olunan, psixoloji təzyiqlə üzləşən, bütün sahələrdə hüquqları pozulan, hətta bu səbəblərdən həyatına qəsd edən qadınlar məişət zorakılığının qurbanı olurlar. Əksər halllarda cütlüklərin hansınınsa qayınanaların gözləntilərini doğrultmaması sonda onların ayrılmasına gətirib çıxarır. Bütün hallarda boşanmadan sonra qadın və uşaqlar çətin durumla üzləşirlər. Uşaqların kiminlə qalması, onlara aliment ödənilməsi, qadının əmlak bölgüsündə payı problemlər yaradır. Bir çox hallarda boşanmadan sonra atalar uşaqlarının qayğısına qalmaq, onu müdafiə etmək və aliment ödəmək öhdəliyini yerinə yetirmirlər”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda rəsmi orqanlar tərəfindən 1995-ci ildə 5669 boşanma qeydə alınmışdısa, bu rəqəm 2014-cü ildə 12088, 2015-ci ildə 12764 olub. Ötən il boşanmış ailələrdə olan uşaqların sayı 9378 olub. Onların 6540-sı iki və daha çox uşağı olan ailələrin övladlarıdır.
Uşaqlar kimdə qalmalıdır?
Hüquqşünas Tağı Hüseynov deyir ki, əvvəllər bütün ciddi məsələləri məhkəmə deyil, kənd və şəhər ağsaqqlları həll edərdilər: “Bəzi kəndləri çıxmaq şərtilə el ağsaqqallarının mübahisə yaranmış ailədə mübahisəni həll etməsi kimi hallar yığışdırılıb. İndi gənclər də böyüklərin fikri ilə razılaşmırlar. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, boşanmalar zamanı uşaqların fikri 10 yaşına çatanda soruşulur və onlara valideyinlərindən birini seçmək hüququ verilir. 10 yaşına qədər isə uşaq ananın yanında qalır. Lakin Azərbaycan qanunvericiliyində uşağın ana ilə qalması barədə müddəa yoxdur. Bu məsələ beynəlxalq qanunvericiliklə tənzimlənir. Uşaq Hüquqları Konvensiyasında isə qeyd edilir ki, istisna hallar olmaqla, uşaq 10 yaşına qədər ananın yanında qalır.
Xarici ölkələrdə böşanma daha çoxdur
Psixoloq Rövşən Abdullaoğlunun dediyinə görə, boşanma dünyanın bütün ölkələrində sürətlə artır: “Rusiyada 2 evlilikdən biri boşanmayla nəticələnir. Bu, çox dəhşətli faktdır. Xüsusən Qərb ölkələrində, Amerikada, Almaniya və İngiltərədə bu göstərici 50%, Portuqaliyada 67-70%, Çex və İspaniyada 60%-dir. Orda evlənən fərdlərin heç bir zəmanəti yoxdur ki, gələcəkdə onlar boşanmayacaqlar. Şərq ölkələrində isə boşanmanın faizi çox aşağıdır. Məsələn, qonşu Türkiyədə 100 evlənən adamdan 20-si, İslam ölkələrində isə 10-u boşanır.
Qərbdə ailə modeli fərqlidir. Rifahın yüksək olması və ailə modelinin fərqli təqdim olunması ilə insanlar ailəyə bir o qədər də ehtiyac hiss etmirlər. Ailə maddi və mənəvi ehtiyacları ödəməlidir. Onlar isə bu ehtiyacları kənar amillərdə əldə etməyə çalışırlar. Rifah yüksək olduğundan qadınların ailəyə bir o qədər də ehtiyacı olmur. Çünki dövlət onları tamlığı ilə himayəyə götürür. İstər övlad doğulanda, istərsə də ailə üzvləri boşananda xanımlar çətinliklə üzləşmirlər. Ona görə də ailədə kiçik bir ixtilaf olan kimi onlar boşana bilirlər”.
Boşanmış ailələrin psixoloji durumu gərgin olur
Psixoloq R.Abdullaoğlu onu da vurğulayır ki, boşanan ailələrdə uşaqlar daha çox zərbə alırlar: “Bəzən ana ya ata qarşı tərəfi uşaqların gözündən salmağa çalışır. Bu zaman uşaq seçim qarşısında qalır. Valideyn mənfi təbliğatıyla uşaqları daha da gərginləşdirir. Növbəti illərdə bu travmalar onun həyatında özünü göstərir. Psixologiyası zəif olan uşaq bir çox hallarda bu yükün altından qalxa bilmir. Onlarda natamamlıq kompleksi yaranır. Əgər uşaq atasıyla qalırsa, anası ilə az ünsiyyətdə olur və onun nəzərində ana modeli daha da zəifləyir, sönük olur. Oğlan əgər anasıyla qalırsa, onun iradəsi zəifləyir. Çünki atanın necəliyini hiss etmir. Gələcəkdə ailə qurarkən yumşaq xasiyyərli olur və qərar verməkdə çətinlik çəkir. Qız uşağı atasıyla görüşmür, danışmırsa kişi psixologiyasının necə olmasını bilmir. Ailə quranda da düzgün seçim edə bilmir. Depressiyaya düşmüş qadın psixoloqun yardımından istifadə etməlidir. Qərbdə boşanmış qadınlara psixoloji dəstək vermək üçün müxtəlif mərkəzlər fəaliyyət göstərir. Onlar pulsuz fəaliyyət göstərirlər”.
Boşanmaların qarşısını necə almaq olar?
Hüquqşünas Sunay Ramazanovanın fikrincə, Ailə Məcəlləsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir: “Nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynayar. Yəni, bu müqavilə boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilər”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, dövlət ailəni öz himayəsinə götürməlidir: “Azərbaycanda dövlət ailəni qorumağa çalışır, amma bu Konstitusiyada yazıldığı kimi olmalıdır. Xüsusən də gənc ailələrə qayğı dövlətin bir nömrəli vəzifəsinə çevrilməlidir.
Cəmiyyətin əxlaqi dəyərlər sisteminin qorunmasına və deformasiyaya gətirən amillərin aradan qaldırılmasına ciddi fikir verilməlidir. Burda dini qurumların da üzərinə böyük vəzifələr düşur. Onlar ailənin müqəddəsliyini təbliğ etməli, nikahın pozulmasına qarşı təbliğat işlərinin qurulmasına yardımçı olmalıdırlar”.
Tövsiyələr
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender bərabərliyinin təmin olunması və ailənin inkişafına da diqqət ayrılıb: “Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi ilə bağlı “Azərbaycan ailəsi Strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məsəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, “Ailə psixoloqu” institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaqdır”.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında beynəlxalq Konvensiyanın 19 saylı ümumi tövsiyəsində qeyd olunur ki, bir çox qadınlar iqtisadi müstəqilliyinin və uşaqlarına tək baxa bilməsi üçün yetərli maddi vəsaitinin olmamasına görə zorakı və ya dözülməz münasibətlərdə qalmağa davam edirlər: “Ailəni tərk edən qadın hüquqi olaraq aliment ala və uşaqların onunla yaşamasına nail ola bilmədiyi üçün çətin vəziyyətə düşür. Məhz belə vəziyyətə düşmüş qadınlar üçün orderin müəyyən edilməsi onların ailəni tərk etmək seçimini dəstəkləyə bilər. Bu qadının təhlükəsiz şəraitdə yaşamasını təmin edir”.
Şərhlər bağlıdır.