Mədəniyyət

Göyçayda nar bayramı çoşqu ilə qeyd edilib

Noyabrın 5-də Göyçayda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib

Dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin , ümumilikdə 15 minə yaxın insanın qatıldığı möhtəşəm bayram təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Bayram tədbirinin iştirakçıları öncə  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb, onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Göyçay şəhər stadionunda təşkil olunan tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələr, yarmarkalar  təşkil edilib. Bayram tədbirində nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivləri, mahnı-rəqs qrupları, aşıqlar, musiqi məktəbində təhsil alan şagirdlər, idmançılar maraqlı çıxışlarını təqdim ediblər. Burada rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından,  kitab, əl işləri və qədim sənət növlərindən  ibarət sərgi  maraqla izlənilib. Folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayrama əlavə rəng qatıb. Bayramın əsas qəhrəmanı – Nar şahzadəsi meydana daxil olaraq, insanları  salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, nar bayramı rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir:  “Bu, son illər Göyçayda narçılığın inkişafına təkan verib. Nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, növünün sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə fərqlidir. Azərbaycanda mövcud olan nar bağlarının 20, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir”.

Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 növü yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Nar cənnət meyvəsi sayılır və müqəddəs “Qurani-Kərim”də adı çəkilir. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.
Bildirilib ki, bu il Göyçay bağlarında bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.  Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar növləri əkilir. “AzNar” QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar sahədə məhsuldar nar bağı mövcud idisə, hazırda nar bağlarının sahəsi 3970 hektardan çoxdur.
Festival iştirakçıları  yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın, müxtəlif şirniyyatların,  eləcə də isti təndir çörəyi, pendir, yuxa, kətə, kabab və döşəməli plovun dadına baxıblar.

Elnarə Günəş

Daha çox

Oxşar yazılar

Close