Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdaşda Ümummilli Liderə həsr olunan elmi seminar keçirilib

12

2023-cü ilin iyulun 7-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ağdaş şəhər M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimzaniyada “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmin idarənin əməkdaşları, Ağdaş rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri iştirak ediblər.

Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan tədbirdən öncə şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov çıxış ediblər. Açılış nitqlərində qeyd edilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev milli təhsilimizin inkişafının ən böyük himayədarı olub. Azərbaycanın dinamik və dayanıqlı sosial-iqtisadi tərəqqisi naminə misilsiz xidmətlər və titanik fəaliyyətlər göstərən Ümummilli Liderimiz bütün pillələr üzrə ölkə təhsilinin potensialının gücləndirilməsinə daim yüksək diqqət və qayğı ilə yanaşıb. Vurğulanıb ki, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin hərtərəfli inkişafını yüksək həssaslıqla diqqət mərkəzində saxlayan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindəndir.

Sonra Ümummilli Liderimizin zəngin irsindən bəhs edən videoçarx izlənilib.

Daha sonra MDU alimləri Namaz Manafov, Asim Məmmədov, Flora Namazova, Rahilə Məmmədova və Günel Yunusovanın təqdimatında məruzələr dinlənilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında və tərəqqisində göstərdiyi əvəzsiz xidmətlər, əbədiyaşar liderin ölkəmizin ağır və çətin siyasi vəziyyətlərində yürütdüyü uzaqgörən siyasət, dahi şəxsiyyətin milli maraqların və milli-mənəvi dəyərlərin qorunmasında, təhsilin və ana dilinin inkişafında müstəsna rolu haqqında məlumat verilib.

Böyük maraqla qarşılanan məruzələrdən sonra tədbir gimnaziyanın istedadlı şagirdlərinin ifasında nümayiş etdirilən  ədəbi-bədii kompozisiya ilə yekinlaşıb.

Qeyd edək ki, müasirləşməkdə olan MDU-nun regionda yerləşən təhsil müəssisələri ilə faydalı işbirliyinin gücləndirilməsi bu ali təhsil müəssisəsinin prioritet vəzifələri sırasındadır. 2023-cü il aprelin 20-də “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı məhz bu vəzifələrin effektiv həllinə hədəflənib.

Şərhlər bağlıdır.