Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdamda ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib

144

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminarda çıxış edən layihə rəhbəri Musa Muradlı layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda – Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmlərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatında isə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə, həm torpağın mineral ehtiyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov çıxışında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O, bölgə fermerlərini ekoloji təmiz məhsul istehsalı istiqamətində daha böyük aktivlik göstərməyə səsləyib, seminar iştirakçılarına mövzu ilə bağlı tövsiyələrini verib.

Ağdamlı fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər. Onlar həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra çay süfrəsi arxasında müzakirələr aparılıb, iştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanıb.

Ağdam, 12 noyabr, AZƏRTAC

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.