Ac-yalavac uşaqlar
“Kaş heç doğulmayaydım”
“Mənim taleyim əvvəldən uğursuz yazılıb. Hərdən həyatımdan, yaşamaqdan, insanlardan yoruluram. Kaş heç doğulmayaydım”.
Bu sözləri açı taleyi olan Sevinc Əliyeva deyir. Onun atası dünyasını dəyişəndən sonra anasını babası Əmir kişinin məsləhəti ilə qonşuları Rəsula ərə veriblər. Sevincin o zaman 8 yaşı olub.
“Rəsul məni xoşlamırdı. Adıyla çağırmağım isə onu özündən çıxarırdı. O, məni döyür, səbəbsiz yerə əsəbləşir, anamdan məni evdən çıxarmağı tələb edir, “Ver anan baxsın Sevincə”-deyirdi. Qardaşım doğulandan sonra isə atalığım mənə qarşı daha dözülməz oldu”.
Sevinci 13 yaşı olsa da atalığı məktəbə getməyə qoymurdu. Dediyinə görə, pəncərənin qarşısında oturub məktəbdən gələn həmyaşıdlarına həsədlə baxırmış.
Rəsul xırda ticarətlə məşğul olurdu. O, yanında işlətdiyi cavan oğlanla ara-sıra nahara evə gəlirdi.
“Bir gün anam yenə süfrə açmışdı. Mən isə otağın bir küncündə oyuncaqlarımla oynayırdım. Rəsul içkiliydi. O, mənə yaxınlaşıb, ayağı ilə oyuncaqlarımı dağıtdi və həmin gəncə dedi: “Natiq, gəlsənə Sevinci aparasan. Gözəl-göyçək qızdı, uşaqdı, əlində böyüdərsən. Həm də niyə tanımadığımız adama qismət olsun?”-Sevinc Natiqlə tanışlığının ilk gününü belə xatırlayır. Sonra əlavə edir: “Kiçik olduğumdan söhbəti anlamadım. Rəsul anamla bu barədə danışanda anamın ağladığını gördüm. Hey deyişir, sözləşirdilər… Bir gün isə qapının zəngi çalındı və qapını açanda Natiqi gördüm. “Anan bizdədi, səni aparmağa gəlmişəm”-dedi. “Anamdan icazəsiz gedə bilmərəm, Natiq əmi”-dedim. Lakin o israrla onlara getməyimi tələb etdi. Natiqgildə isə heç kim yox idi. Qorxurdum ki, evə qaydanda Rəsul məni döyəcək. Natiq: “Gözlə, indi anan gələcək”-deyib, getdi. Ac idim. Divanın bir küncündə yuxuladım. Natiqin nə vaxt gəldiyindən xəbərim olmadı… Bədənimdə hiss etdiyim ağrılardan huşumu itirmişdim”.
“Biz kasıb yaşayırdıq. Natiqin səhhətində problemlər yarandığından çox işləyə bilmirdi. Mən 15 yaşıma çatanda oğlumuz dünyaya gəldi. Uşaq çox zəif idi, 2 kilo çəkisi vardı. Xəstəxanada həkimlərin mənə yazığı gəlir, yemək gətirirdilər. Onların dediklərinə görə, orqanizmim lazımınca inkişaf etmədiyindən uşağı əmizdirmək üçün südüm yox idi. Buna görə həkimlər körpəni əmizdirməyi ordakı analardan xahiş edirdilər. Oğlum ana bətnində sarılıq keçirmişdi. Həkimlər sağ qalacağına ümid etmirdilər.
“Mənim körpəm acından öldü”
Körpəmi süni uşaq yeməkləri ilə böyüdürdüm. Həftədə 2-3 qutu yemək almalıydıq. Çətinliklə pul tapırdıq. Bir qutu yemək alanda onu iki həftə verirdim. Hərdən qonşuların mərhəmətindən də istifadə edirdim. Amma özüm uşaq olduğumdan onların balaca kasada gətirdikləri sıyığın çoxunu özüm yeyirdim. Çünki ac olurdum.
Uşaqda xəstəliklərin olacağını heç ağlıma da gətirmirdim. 2 yaşına çatanda oğlum Toğrula özümüzün yediyimiz yeməklərdən yedirtməyə başladım. Dükanlardakı uşaq qidalarına həsədlə baxırdım. İmkanlı ailələrin uşaqlarından fərqli olaraq mənim balamın ağzı çörək, makaron süzməsi, şordan başqa bir dad tanımırdı. Bazarda qiymətlər od tutub yandığından meyvə üzünə tamarzı idik. Oğlumun dodaqlarının kənarlarındakı çartlardan bəzən qan axırdı. Qan azlığı balama güc gəlirdi. Həkimin məsləhəti ilə ona cəmi bir dəfə qan köçürdük. İmkansizlıq üzündən bunu təkrar edə bilmədik. 4 yaşına çatanda isə onu itirdik. Oglumla birgə mən də öldüm, həyatımın mənası, gözümün nuru, ağzımın dadı-hər şeyim məhv oldu. Biz Toğruluma qarın dolusu yemək tapıb verə, onu müalicə edə bilmədik. Mənim balam acından xəstəlik tapdı, mənim körpəm acından öldü”.
Ana südü və başqa vacib qidalar uşaq üçün zəruridir
Pediator Aygün Əliyevanın dediyinə görə, uşaq dünyaya gələndən iki saat sonra qidalanmalıdır. Uşağın saglam böyüməsi, psixi və fiziki inkişafı üçün ana südü əvəzsizdir. Yeni doğulan körpənin orqanlarının inkişafi və formalaşması sürətlə gedir. Ana südü immunoqlobulinlərlə çox zəngin olduğu üçün körpənin həzm traktının müdafiəsində və infeksion xəstəliklərlə mübarizəsində çox böyük rol oynayır: “Ana südünün tərkibində körpə üçün çox əhəmiyyətli olan vitaminlər, fermentlər və digər komponentlər-natrium, xlor, dəmir, gümüş, sink, kükürd kimi fermentlər var. Daha sonra ana südü ilə qidalanan körpələr anemiya ilə nadir hallarda üzləşirlər. Ona görə də təbii qidalanan körpələrdə raxitliyə nadir hallarda rast gəlinir. Bununla yanaşı ana südünün tərkibində körpənin bütün tələblərinə cavab verən zülal, yağ, vitamin, duzlar və s. var”.
Mama-qinekoloq Südabə Məmmədovanin fikrincə, anaların hamiləlik dövründə düzgün qidalanmaması doğulacaq körpənin orqanizmində fəsadlara yol açır: “Bunun bir sıra səbəbləri var. İqtisadi çətinliyin tüğyan etdiyi bir dövrdə əksər ailələr uşaqlarına lazım olan qidaları ala bilmirlər. İşsiz qalan atalar evə çörək pulu gətirə bilmirlər. Onların qazancları yalnız çörək, kartof, soğan, yağ və bir neçə başqa ərzaq məmulatları almağa çatır. Digər səbəb ərzaqların qiymətlərinin həddindən artıq baha olmasıdır. Aşağı məvaciblə təbii ki, ailənin təlabatını ödəmək olmur. Bəzən də əlində kifayət qədər vəsaiti olan valideyn məlumatsiz olur. O, hansı ərzağın uşağına daha xeyirli olmasını bilmir. Uşağın qarnı doyur, amma lazımı vitamin və minerallar ala bilmir. Digər bir məsələ ərzaq məhsullarının keyfiyyətinin aşağı olmasıdır. Bəzən vaxtı keşmiş məhsulların yararlığı və istehsal tarixi gizlədilir. Belə məhsullar orqanizmə ancaq ziyan vurur”.
Uşaqlar qida çatışmazlığından əziyyət çəkir
Uzun illər beynəlxalq təşkilatlarda çalışan Mingəçevir Dövlət Universitetinin müəllimi Kərim Əliyev 1995-ci ildə Azərbaycanda ərzaq qıtlığı zamanı BMT xəttiylə Avropa Birliyinin maliyyələşdirdiyi qidaşünaslıq-mulnutrition proqramından danışır: “Proqramın məqsədi uşaqlarda qida çatmazlığını müəyyən etmək və problemin həllinə yardımçı olmaq idi. Mən də o layihədə işlədim. BMT-nin mütəxəssisləri Azərbaycana gəldilər. Biz Bərdə, Yevlax, Göranboy, Tərtər, Ağdaş və bir neçə başqa rayonunun tibb məntəqələrində tərəzilər qoyduq. Elan verdik ki, analar 5 yaşa qədər olan uşaqlarını gətirsinlər. Çox dəhşətli mənzərə ilə üzləşdik. 5 yaşa qədər uşaqların təxminən 65 faizi qida çatışmazlığından əziyyət çəkirdi. Biz həmin proqramın tərkib hissəsi kimi qırmızı kişmiş, qoz ləpəsi, xüsusi təyinatlı qan artıran və vitaminlər qatılmış peçenyelər aldıq. Bəzi ərzaq məhsulları İngiltərədən gətirilirdi. Bu ərzaqları 3 ay ərzində həmin rayonlarda qeydiyyata götürülmüş uşaqlara payladıq. Təsəvvür edirsiniz, necə yüksək nəticə aldıq? Qan azlığı olan uşaqlarda bu problemi götürə bildik. Uşaqların rəngləri özünə gəldi, solğunluğu, zəifliyi aradan qalxdı. Xeyli iş gördük”.
Qidaşunaslıq Britaniya məktəblərində məcburi fənn kimi tədris olunur
Bizim bazarlar xaricilərin xoşuna gəlir. Norveçlı Robert deyir ki, sizin bazar bizim ölkədə olsa, xalqımızın 90 faizi ət yeməz: “Sizin camaatın qidaşünaslıq haqqında çox az bilgisi var. Allah sizə bu qədər bol sərvət verdiyi halda siz nə yeməyi bilmirsiniz. Qışda da hər cür göyərtiniz var. Biz bir qədər göyərti tapmırıq ki, xörəyə tökək. Sizdə olan məhsullar bizdə olsa hər cür yemək hazırlayarıq və daha sağlam olarıq.
Bizdə bütün pedaqoji universitetlərdə, məktəbəqədər tərbiyə müəssisələri üçün kadr hazırlayan təhsil ocaqlarında qidaşünaslıq məcburi fənn kimi tədris olunur. Hər bir müəllimin, tərbiyəçinin borcu bu fənni yaxşı bilməkdir. Savadlı insan qidaların xüsusiyyətlərini bilməlidir. İngiltərədə evdar xanım, kişi, hətta uşaq da bilir ki, hansı qidadan necə istifadə etmək lazımdır. Sizin supermarketlərdə növbənöv yarmalar var, amma heç kim onları almır. İstənilən ingilis ailəsində səhərlər südlü yarmalar yeyirlər”.
Robert Britaniya məktəblərində xüsusi dövlət proqramları həyata keçirildiyini deyir: “Bizim məktəblərin vəzifəsi universitetə uşaq hazırlamaq yox, Britaniya üçün vətəndaş yetişdirməkdir. Vətəndaş hazırlayanda da onların vəzifəsi o uşağı sağlam böyütməkdir. Universitetə getmək istəyənlərin 95 faizi xüsusi kursları keçir. Sizin ölkədə tətildə də uşaqlara tapşırıqlar verirlər. İngiltərədə buna yol vermirlər. Bizim məktəblər məqsəd qoyublar ki, uşaqlarımız sağlam olmalıdır. İdman dərsinin təminatı məktəbdədir. Uşaqlar ayda bir dəfə tibbi müayinədən keçirlər. Onların dişləri, ağız boşluqları və daxili orqanları yoxlanılır. Hər uşaq üçün fərdi tibbi kitabça açılır. O məktəbi bitirəndə onun sağlamlıq kitabı olur”.
Robertin bildirdiyinə görə, onun ölkəsində müəllim heç vaxt ac uşağın qarşısında dərs keçmir: “Uşaqlar saat 16-ya kimi məktəbdə olur. Səhər saat 10-11 arası dövlət hesabına uşaqlara süd, bulka və başqa yeməklər verilir. Məktəblərdə sinfin iki qapisi var. Uşaq acanda arxa qapıdan çıxıb, yeməkxanaya gedir və nəsə yeyib sinfə qayıdır. Onu heç kim sinifdə məcbur saxlamır”.
“Ac uşağa dərs keçə bilmirəm”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuata açıqlamasında bildirib ki, hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var və bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir: “Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq məsələləri üzrə dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Uşaqların sağlamlığı, təhsili və hüquqlarının müdafiəsi istiqamətində çoxlu sayda Dövlət Proqramları qəbul edilmişdir”.
Lakin ibtidai sinif müəllimi Rəna Səlimova belə proqramların ancaq kağız üzərində qaldığını, uşaqların zəif qidalanmasından narahat olduğunu gizlətmir: “Saat 12-yə kimi ac uşaqlara dərs keçirəm. Onların gözlərindən yuxu ilə yanaşı yorğunluğu, ac olduqlarını görürəm. Belə uşaqlara necə dərs keçim? Urəyim ağrıyır. Bəzən kimsə sinifdə az qalır ki, özündən getsin. Körpələrə yazığım gəlir. Əvvəllər insanların maddi durumunda çətinlik yox idi. Hər uşaq tənəffüs zamanı məktəbin bufetindən bir bulka ala bilirdi. Ya da kimsə evindən çörəyin arasında nəsə gətirib yeyirdi. Uşaq tox olanda dərsi yaxşı mənimsəyir. İndi əksər məktəblərdə nə bufet var, nə də valideynlərdə pul. Belə ac uşaqdan hansı dərs keyfiyyəti gözləmək olar?”
Səmərəli qidalanma nədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının professoru Əhməd-Cabir Əhmədovun fikrincə, qidanın bioloji dəyərliliyi ilə birgə onun koloriliyi lazımdı: “Sən karbohidratla, şəkərlə zəngin qidanı yeyə bilərsən, doyarsan. Amma bioloji cəhətdən öz orqanizmini təmin edə bilməzsən. Bunlar aminturşularıdır – ət, balıq, yumurta və südün tərkibindəki zülallarda olur. 22 aminturşusundan 8-i əvəzolunmazdır. Doymamış yağ turşuları bitki mənşəli yağların (günəbaxan, zeytun, qarğıdalı və s.) tərkibində olur. Qoz, fındıq, badamın da tərkibində bu turşular var. Mütləq müəyyən miqdarda da olsa qidalanmada olmalıdır. B qrupu vitaminlərinin bəziləri orqanizmdə sintez olunur. Minerallı maddələr- makro və mikro elementlərdir. Kalium, natrium, kalsium, maqnezium və dəmir. Bunlar ən çox qırmızı ət, meyvə və tərəvəzlərin tərkibində olur. Bir pay bişmiş qidanın yanında 3 pay çiy, canlı qida olmalıdır. Kök, paxlalı-dənlı bitkilər, yaşıl noxud, qoz, püstə, fındıq, günəbaxan, balqabaq toxumu və s.
Yerkökünün şirəsi çəkiləndən sonra onun sıxılmış maddəsinin tərkibində vitaminlərin 50, karotin maddəsinin 70 faizi qalır. Onu stəkan yarım şəkərlə çalınmış 4 yumurta, 150-200 qr marqarin yağı, 2 stəkan unla qarışdırıb 35-40 dəqiqə fırında bişirin. Dadlı və bioloji cəhətdən qidalı piroq alınacaq.
Analar peroqda yağ, yumurta və şəkəri 50 faiz azaldıb, onların yerinə xəmirə balqabaq püresi vursalar, övladları üçün daha çox xeyir vermiş olarlar. Uşaqlar balqabağı sevmirlər. Amma bu tərkibdə hazırlanan məmulatları həvəslə yeyirlər”.
Qanun körpələrin və erkən yaşlı uşaqların hüquqlarını qorusa da…
“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının qanunu körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 3-cü maddəsində uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri sadalanır:
3.0.1. uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
3.0.2. uşaqların təhlükəsiz və adekvat qidalanmasına dövlət təminatı;
3.0.3. ana südünün üstünlüyünü təsdiq edən, döşlə əmizdirilməni müdafiə edən təbliğat işinin təşkili və uşaqların sağlam qidalanması sahəsində informasiyanın qanunvericilikdə müəyyən olunmuş qaydada yayılması;
3.0.4. süni qida məhsullarına dövlət nəzarətinin təşkili;
3.0.5. uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilməsi.
Qanunun 5.2 maddəsində göstərilir ki, hamilə qadınların və uşaq əmizdirən anaların sosial müdafiəsini təmin etmək üçün bir yaşınadək uşağı olan aztəminatlı ailələrə məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə aylıq müavinət verilir.
Hüquqşünas İnqilab Həsənov bu qanunun ümumiyyətlə işləmədiyini, digər qanunlarda isə uşaqların qidalanması ilə bağlı boşluqların olduğunu deyir: “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində (maddə 16.2.6.) göstərilib ki, uşağın müəyyən olunmuş normativlərə uyğun olaraq, keyfiyyətli qida ilə təmin edilmək hüququ var. Amma bunun mexanizmi yoxdur. Həm də bu qanun layihəsi 6 yaşınadək uşaqlar üçün nəzərdə tutulub. Bəs qeyriləri necə olacaq? 6-18 yaşlı uşaqlara keyfiyyətli qida ilə təmin edilmək hüququ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmayıb. Buna görə də hesab edirəm ki, beynəlxalq təcrübədən bəhrələnməklə uşaqların lazımi qidalanmasıni tənzimləyən normativ hüquqi aktin qəbul olunmasına ciddi ehtiyac var. Cəmiyyətə sağlam vətəndaş vermək istəyiriksə, ilk növbədə uşaqlarımızın normal qidalanması qayğısına qalmalıyıq. Bu təkcə valideynin yox, həm də dövlətin borcudur. Çünki bugünkü xəstə uşaq sabahın xəstə cəmiyyəti deməkdir”
Şərhlər bağlıdır.