Abadlaşan kənar məhəllələrin problemləri hələ ki, bitmir
Bu gün Mingəçevir yaşayış səviyyəsinə görə varlı və kasıb məhəllələrə bölünür. Daha imkanlı ailələr şəhərin mərkəzində məskunlaşıblar. Həmin ərazilər yol, işıqlanma və s. sarıdan daha abaddır.
Son 1 ildə şəhərin kənar yerlərində də davamlı abadllaşma işləri aparılır. Məsələn, Energetiklər qəsəbəsində, Toxucular, Aydın Məmmədov küçələrindəki massivlərdə nümunəvi məhəllələr salınır. Binalarda dam örtüyü yenilənir, qapılar qoyulur, pəncərələrə şüşələr salınır. Amma bu ərazillərdə illərlə yığılıb qalmış problemləri qısa müddətdə həll etmək mümkün deyil. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun noyabrın 13-də şəhərin Şah İsmayıl Xətai küçəsindəki 3 saylı ünvanda sakinlərlə görüşündə də aydın oldu ki, başqa kvartallarla müqayisədə burada problemlər yetərincədir.
Səyyar görüşə yaxınlıqdakı digər binaların sakinləri də qatılıblar. Onlar görülən işləri yüksək dəyərləndiriblər, eyni zamanda narahatlıq doğuran bir sıra problemlərə diqqəti yönəldiblər. Xalid Məmmədov deyib ki, həyətlərində uşaqlar üçün meydança tikilsə, bir də binaları mərkəzləşdirilmiş qaydada isidilsə, heç dərdləri olmaz. Vaxtilə pedaqoji sahədə çalışmış təqaüdçü Nailə Qarayeva da istilik sarıdan və kanalizasiya sularının zirzəmiyə axıdılmasından narahatlığını bildirib: “Soyuq evdə uşaqları böyüdürük. Bilmirik pulu onların təhsilinə ayıraq, yoxsa evi isitməyə? Mən birinci mərtəbədə yaşayıram. Üfunət iyindən mənzildə oturmaq olmur”.
Sakinlərdən Yazgül Hüseynova kanalizasiya xətlərinin dəyişdirilməsini, Fərhad Abdullayev quyuların üzərinə qapaq qoyulmasını, Abdul Azakov məhəllənin işıqlandırılmasını, Eldar Ağayev təhlükə yaradan ağacların budanmasını və kəsilməsini, Yusif Xasıyev isə yaradılan nümunəvi məhəllələrin sakinlər tərəfindən qorunmasını təklif edib.
Bütün çıxışlara diqqətlə qulaq asan başçı problemlərin həlli üçün müfafiq qurumların rəhbərlərinə göstərişlərini verib və təkliflərlə bağlı yerində baxış keçirməyi tapşırıb. İ.İsmayılov həm də açıqlama verib ki, istilik məsələsi ilə bağlı aidiyyatı təşkilatla danışıqlar davam etdirilir.
Şərhlər bağlıdır.