Avropa İttıfaqı, BMTİP və ABAD-ın dəstəyi ilə aztəminatlı ailələrin maddi durumu necə dəyişir?
“Sıfırdan başladım. 17 toyuğum vardı, 4 qırqovulla dəyişdim. Onları görən kimi vuruldum”.
“Hamı bildirçin saxlayır, mən isə qırqovulu seçdim”.
Qurbanov Vaqif Müslüm oğlu Zaqatala rayonunun Yuxarı Tala kənd sakinidir. İqtisad Universitetini bitirib. Altı il aqrar sənaye idarəsində baş mühasib işləyib. Kolxozlar dağılandan sonra isə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Təsərrüfatla məşğul olub. İcarəyə verdiyi obyektindən aldığı kirayə haqqı ilə ailəsini dolandırıb. Dediyinə görə, övladları ali məktəbə daxil olanda onların ehtiyaclarını ödəmək üçün 18 sot ərazisi olan bağını satıb. Oğlu Texniki Universitetin məzunudur. Mühəndis kimi fəaliyyət göstərir. Qızı isə Gəncə Dövlət Universitetinin torpaqşünaslıq fakültəsinin tələbəsidir. Həyat yoldaşı isə yaratdığı qırqovul fermasında ən yaxın köməkçisidir.
Vaqif bəyin dediklərindən: “Uşaqlıqdan heyvanlara, quşlara məhəbbətim var, heyvan “xəstəsi” idim. O vaxtki uşaqlarda hər şeyə maraq vardı. Məktəbdə oxuyan zaman bilirdik ki, kənddə hansı həyətdə neçə it var, neçəsi doğub, onların neçəsi dişi və ya erkəkdir. İndiki uşaqların marağı sosial şəbəkələrədir. Evimizdə mənim də itim, pişiyim olub. Ən çox da itləri sevirəm. 10 il göyərçin saxlamışam. 100-dən yuxarı dovşanım vardı. Bakıda tələbə olanda atam dovşanlarımı maşına yığıb, tanışlarına payladı”.
Sonralar təsərrüfatla məşğul olan Vaqif bəy hər il 100-150 toyuq saxladığını deyir. Amma qırqovul sevdasına düşəndən sonra onlarla vidalaşıb. Bir dəfə internetdə qırqovul haqqında məlumata rast gəlib. Öyrənib ki, qırqovul toyuğa nisbətən az qidalanır və xəstəliyə qarşı dözümlüdür. O, 2015-ci ildə bir tanışından rumın qırqovulu alıb. Lakin onun 15 yumurtasından cücə almaq cəhdi boşa çıxıb. Başqa bir tanışı 17 toyuğun əvəzində ona Kiçik Qafqaz növlü beş qırqovul verib. Bu, Vaqif bəyin qırqovul yetişdirmək fikrini möhkəmləndirib: “Qafqaz qırqovulu çox məhsuldar quşdur. Onlar aprel-iyul ayları ərzində 80-nə yaxın yumurta verir. Böyük Qafqaz qırqovulları isə tünd yaşıl rəngdə olur və cəmi 10-15 dəfə yumurtlaya bilir. Cücələrin bu qədər surətlə böyüyəcəyini gözləmirdim. Yemdən asılı olaraq iki aydan sonra qırqovullar kəsiləsi qədər çəki aldılar. Quşların yerləri geniş olmalıdır. Məsələn, bir neçə ay əvvəl yumurtdan çıxan cücələri sonrakı balalarla bir yerdə saxlamaq olmaz. Çünki, böyüklər kiçiklərə yem yeməyə icazə vermir. Onda onları özüm yedirirəm”.
“Qırqovul padşahların yeməyi olub”
Vaqif Qurbanovun söylədiklərindən: “Qırqovul toyuqdan daha dadlıdır. Onun əti çox vitaminli və yağsızdır. Çünki o vəhşi quşdur. Onun öz müştəriləri var. Ürəyi istəyən quşun böyük ya balaca olmasına baxmır. Ən çox imkanlı adamlar pəhriz əti kimi alırlar. Onun bişirilməsi də toyuq kimidir. Ov quşu olduğu üçün kökəlməsinə ehtiyac yoxdur. Təmiz şəkisi 1,1 kq olur və onu üç aydan sonra kəsmək olar.
Qırqovulun marağı ətədir, buğdanı yemir. Əsas qidası böcəklər və kəsəyəndir. Mən isə onları gündə bir-iki dəfə “Azərsun”un yemi ilə yemləyirəm. İki aydan sonra yemi başqası ilə qarışdırıram. Bişmiş gicitkəni çox sevirlər. Fərqli dad istəyirlər.
Qırqovul çox qəribə və küsəyən quşdur. Yerini, yemini dəyişəndə, yanlarına başqa paltarla gələndə əsəb keçirirlər. Məsələn, qəfəslərinə iki dənə yeşik qoysan, onlar bir həftə özlərinə gəlmirlər. Yuvalarının qarşısında yad cisim görəndə, ora getmirlər.
Xoruzun ikinci ili onun ən məhsuldar vaxtıdır. Beş ildən sonra artıq kəsilməlidir. Tez-tez xoruzların aralarında davaları düşür. Onlar başqalarının quyruqlarını qoparıb, yerindən axan qanı içirlər. Çünki vəhşidirlər. Bunu etməməsi üçün dimdiklərini kəsirəm. Genişliyi sevirlər. Yerləri sıx olanda və cütləşmə mövsümündə bir-birlərini öldürə də bilirlər. Qırqovul üç yaşında olanda quyruğu iki metrə çatır. Onu bağlarda dekorativ quş kimi saxlayırlar.
Aprel-iyul ayları quşların balaçıxarma mövsümüdür. Aprel yumurtalarında xəstəlik olmur və balalar sağlam böyüyürlər. Mikrobların inkubasiya dövrü may, iyun və iyul aylarına təsadüf edir. Havalar isinəndə soyuducuya qoyulmayan yumurtanın üstündəki mikroblar çoxalır və daxilinə keçir. Onlar bala quşların bağırsağında çoxalır və ifrazat zamanı tıxaclıq yaradır. 15 dərəcədən isti olan kimi yumurtanın ruşeymi də böyüməyə başlayır. Belə cücələrin immuniteti çox zəif olur, onlarda anormal inkişaf gedir və boyatma prosesi ləngiyir”.
Vaqif bəy deyir ki, qirqovulların sağlamlığı ilə özü məşğul olur. Internetdən məlumatları oxuyur. Vaxtaşırı baytar dostlariyla məsləhətləşir, xalq təbabətindən istifadə edir. Quşlara lazım olan dərmanları verir və öncədən profilaktik tədbirlər həyata keçirir: “Onlar xəstələnəndə marağım daha çoxalır. Hətta ölən quşları yarıb, ölüm səbəbini tapmağa çalışıram. Beləliklə, öz vəhşi quşlarımı artırdım və sayları 40-a çatdı. Lakin bir dəfə itim onların 20-ni yedi. Mən ABAD-a müraciət edəndə 20 qırqovulum vardı”.
“Əvvəl məlumatsız idim, lakin layihədə maarifləndim”
Bir gün Vaqif Qurbanov internetdə ABAD-ın elanına rast gəlib. Elan ona maraqlı gəlidiyindən 2017-ci il dekabrında Balakəndə qeydiyyata düşüb. Fikirlərini paylaşıb. 2018-ci ilin iyulunda BMT İnkişaf Proqramından zəng vurub, onun ideyasını bəyəndiklərini deyiblər. Vaqif bəy öz biznesini qurmaq istəyən bir neçə şəxslə təlimlərdə iştirak edib. Təlimlərdə biznes planının yazılması və brendin hazırlanması, satış və qablaşdırma, sertifikatlaşdırma haqqında ətraflı məlumat alıb: “Məlumatsızlıq üzündən insanlar öz bizneslərini qura bilmirlər. Mənim üçün maliyyənin əldə edilməsi və xərclər, vəsaitin xərclənməsi haqda təlimlər daha maraqlı oldu. Mən qablaşdırmanın yollarını öyrəndim. Bu təlimlər, əsasən Avropa İttifaqı tərəfindən maliyyələşən “Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” adlı layihəsi çərçivəsində baş tutmuşdur”.
Onun dediklərindən: “Əvvəl qırqovulları saxlamaq üçün şəraitim yox idi. Açıq havada saxlayırdım. Onlar uçmasın deyə qanadlarını kəsirdim. Yenə də üç metr havaya qalxa bilirdilər. Hasarın üstündən uçub gedənlər də olub. BMT-nin İnkişaf Proqramı məhləmdə 50 kvadrat metrlik, hündürlüyü isə iki metr olan qəfəs-ferma tikdi. Maliyyənin isə Avropa Birliyi tərəfindən ayrıldığını söylədilər. O qəfəs olmasaydı, mən qırqovullarımı artıra bilməzdim. Hazırda onların sayı 110-dan artıqdır, 57-si böyük, digərləri isə kiçikdir. Kiçiklər də dörd aylıq olan kimi yumurtlamağa başlayacaqlar”.
Qırqovulları artırmaq, məhsulu saxlamaq və istehlakçıya çatdırmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşən layihə Vaqif bəyə soyuducu, xüsusi streç qablaşdırma aparatı və inkubator avadanlığı verib. İnkubatora bir dəfədə 1000 yumurta qoymaq lazımdır. Vaqif bəy deyir ki, fermadakı quşlardan o qədər yumurta ala bilmədiyi üçün inkubatoru hələ işə salmayıb: “Bir dostum mütəxəssisdir və onun inkubatoru var. Yumurtaların biri üçün 30 qəpikdən pulunu verirəm. 26 gündən sonra balaları çıxır.
Qırqovul 25 gün yumurtanın üstündə kürt yatarsa, yumurtlamayacaq, sonra bir ay balalarına qayğı göstərəcək. Bu vaxta qədər yumurtlama mövsümü qurtaracaq. Buna görə, qərara almışam ki, apreldə inkubatora 1000 ədəd yumurta yerləşdirim və cücələr eyni vaxtda çıxsınlar. Mən 70-80 fərə saxlasam, o qədər yumurta ala bilərəm. Sonra qalan yumurtaları sataram”.
Məhsulun ilk hissəsi sentyabr ayının sonlarında bazara çıxarılacaq. ABAD onun realizəsində sahibkara köməklik göstərmək fikrindədir. Vaqif bəy təşkilatın dəstəyini çox dəyərləndirir: “Bu qarşıma çıxan böyük şansdır. Onların köməyi olmasaydı, mən yumurtaları satıb, qəfəs qurmaq üçün tor almalıydım”.
Satış mövzusu Vafif bəyin ən çox ehtiyat etdiyi məsələdir. Onun dediyinə görə, Qida Təhlükəsizliyi Agentliyindən təhlükəsizlik sertifikatı alandan sonra malının satışı maneəsiz və asan həyata keçəcək. Bundan sonra qablaşdırılmış qırqovulları marketlərə göndərəcək: “İnsanlar bildirçin və yumurtasını artıq tanıyırlar. Qırqovulun satışı Azərbaycanda ilk olacaq. Bu gün bazarda qablaşdırılmış qırqovul yoxdur. Düzdür, onu təbiətdə vəhşi quş kimi ovlayan ovçular dəyərini və dadını bilirlər. Amma ovla məşğul olanlar məhdud saydadır. Marketlərdə qırqovul əti görənlərin ona hansı təlabatla yanaşacaqlarını bilmirəm. Digər problem qiymət məsələsi ola bilər. Mən məhsulumun kiloqramını 30, yumurtasının birini isə iki manata satmaq fikrindəyəm. Bilirəm ki, bu gün alıcılıq qabiliyyəti aşağıdır və insanlar onu almaqda çətinlik çəkəcəklər. Düşünürəm ki, alıcıların qırqovul ətinin dadına və qiymətinə öyrənməsinə, məhsulun bazarda tanınmasına və özünü doğrultmasına ən azından beş il vaxt lazımdır. Hələlik isə ABAD məhsulların satışını reallaşdırmağı öz üzərinə götürür”.
“Məqsədim biznesimi inkişaf etdirib, daha çox pul qazanmaqdır”
“Gələn ilə ümidlərim çoxdur. Turanbankda hesab açdırmışam. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə buraxmaq üçün qırqovulları sifariş edib və almaq istəsə, mən bu quşların yetişdirilməsini böyük həvəslə edərəm.
Gələcəkdə kəsim sexi açmağı da düşünürəm. Çünki təsərrüfatım böyüyəndə o işləri özümüz görməliyik. Hələ ki, Şəki ətkəsmə müəssisəsinin xidmətindən istifadə edəcəyik. Rentabelliyi artırmaq və daha çox gəlir götürmək üçün şəraiti yaxşılaşdırmaq lazımdır. Həyətim balacadır və burda 300-400 baş qırqovuldan artıq saxlaya bilmərəm. İndi fermamda aralarında 15 gün fərq olmaqla səkkiz müxtəlif vaxtda çıxan qırqovul var. Quşların yerini genişləndirmək üçün təxminən 10 sot yer lazımdır. Onda böyük və kiçik quşların qəfəsləri ayrılacaq.
İlk satışım bu sentyabrda olmalıdır. Satış yaxşı olsa, fermanı böyütmək, əlavə işçi götürmək fikrim var. Hələ ki, həyat yoldaşımın köməyindən istifadə edirəm”.
Vaqif bəy həyətindəki Totu adlı iti lap kiçik olanda küçədən tapıb. Evinə gətirib, qayğısına qalıb. İndi it qırqovulların qəfəsini və məhləni qoruyur. Totu eyvana qalxıb, tez-tez stolun altına keçir və ayaqlarımıza toxunurdu. O, sahibindən gördüyü məhəbbəti bizə sezdirmək istəyirdi. Vaqıf bəy “Totu, düş aşağı” dedikcə küçük sevincli halda başını bulayıb, quyruğunu yelləyirdi.
ABAD kişik sahibkarlara dəstək durur
Regionda kiçik biznesin inkişafına dəstək aztəminatlı ailələrin maddi durumunu yaxşılaşdırır
Azərbaycan Dövlət Statistika Komitəsinin ən son məlumatlarına (2016) görə, ölkə daxilində qeydə alınan kiçik sahibkarların (fiziki və hüquqi şəxslərin) yalnız 6% -i Şəki-Zaqatala İqtisadi Bölgəsində yerləşir. Ümumi gəlir əldə etməkdə qadınlar 52% üstünlük təşkil edir. Bununla birlikdə, kişi (5.4%) və qadın (0.7%) sahibkarların əldə etdiyi gəlirlərdə böyük bir fərq var.
1 dekabr 2018-ci ildən başlayaraq, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti Avropa İttifaqının maliyyə dəstəyi ilə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarında kiçik ailə biznesinin qurulmasına yardım göstərir. Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək adlı layihənin əsas məqsədi regionlarının sosial-iqtisadi inkişafına yardım etməkdir. Bu, həmçinin, yüksək keyfiyyətli, rəqabətə davamlı əlavə dəyərli məhsullar istehsal etmək üçün icma əsaslı ailə müəssisələrini dəstəkləyir.
Layihənin ilkin mərhələsində seçilmiş pilot ailələr təlim alıb və kiçik həcmli avadanlıqlarla təmin edilib. Şəki-Zaqatala iqtisadi zonasında seçilən 44 ailədən 66% -i əl istehsalı, 34% -i isə ərzaq istehsalında iştirak edib. Onlara potensiallarını artırmaq üzrə 13 təlim keçirilib. Təlimlər kiçik və orta sahibkarlığın inkişafı, məhsulların sertifikatlaşdırılması və monitorinqi, qablaşdırma və logistika, marka və satış, biznesin inkişafı, planlaşdırma, brend və dizayn, maliyyə uçotu və hüquqi yardım xidmətləri, beynəlxalq ticarət, kiçik və orta müəssisələrdə gender bərabərliyi, korporativ sosial məsuliyyət mövzularında olub. Layihə çərçivəsində ailələr bazar tələbatına cavab verən məhsullar istehsal etmək üçün lazımi avadanlıqlarla təchiz edilib.
BMT İnkişaf Proqramı əməkdaşı Arzu Cəfərlidən aldığımız məlumata görə, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti çalışırlar ki, cəmiyyətin ən zəif təbəqələri “Heç kəs kənarda qalmasın” devizindən yararlana bilsinlər. “Abad”dan yararlanan ailələrdən 23-ü qadınların rəhbərlik etdiyi ailə biznesləridir, onlardan 12-si isə Dağlıq qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını itirmiş məcburi köçkünlər arasından seçiliblər. Hazırda 22 ailə əsas təchizat və avadanlıq dəstəyini alıb, öz biznes sahəsində istehsal planlarının icrasına hazır olduğunu bəyan edib.
Ailə şirkətləri bir çox sənaye sahələri üzrə ixtisaslaşıb. Bunlar Balakəndə məcburi köçkünlər arasında Qarabağ sənətkarlarının əməyi sayəsində məxsusi toxuçuluq ənənələrindən tutmuş təbii süddən hormonsuz dondurma istehsalına qədər müxtəlif sahələri əhatə edir. Son illər ərzində, Balakən həmçinin vitaminlərlə zəngin meyvə olan xurma cənnəti kimi populyarlaşmışdır və bir əsrdən çoxdur ki, ölkənin bu məhsulu respublikanın əsas ixracat məhsullarından birinə çevrilib. Yerli meyvə məhsullarına artan bazar tələbatını nəzərə alaraq, bir çox ailə biznesləri meyvəçilik və quru xurma istehsalı üzrə ixtisaslaşacaq. Digər ailələr isə, toyuq və qırqovulun çoxaldılması, istixanalarda göbələyin becərilməsi kimi sahələri seçiblər.
Azərbaycanın Şəki-Zaqatala iqtisadi bölgəsində sahibkarlığı gücləndirmək və yeni iş yerləri yaratmaq məqsədi güdən üç illik qrant layihəsinin bir hissəsidir. Yerli icmalar, xüsusilə də həssas sosial qruplar üçün layiqli iş yerlərinə xüsusi diqqət yetirilir. Səylər həm də Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də hamı üçün layiqli iş yerlərini və iqtisadi artımı təşviq edən 8-ci Qlobal Məqsədə töhfə verir.
ABAD-ın regionlarda apardığı iri həcmli layihələr hesabına xanımlarda xalçaçılığa maraq artır
Mirvari xanım: “Hansı evdə Simurq quşu təsvirli iri zili vardısa, ora varlı ev sayılardı”
30 il əvvəl Balakəndə xalçaçılıq fabriki fəaliyyət göstərib. Sovetlər birliyi dağılılandan həmin fabrik də fəaliyyətini saxlayıb. Həmin bölgədəki qadınların vaxtilə toxuduqları orijinal xalçalar bu gün dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunur. Amma təəssüf ki, fabrikin bağlanması qadınların işsiz qalmasına səbəb oldu.
Son illər xalçaçılıq sənətinin dirçəldilməsi üçün müəyyən addımlar atılır. Müsahibimiz Mirvari Əzizova da bu barədə danışır: “Nənələrimizin sevimli işi xalça toxumaq olub. Hansı evdə Simurq quşu təsvirli iri zili vardısa, ora varlı ev sayılardı. Əfsuslar olsun ki, zaman keçdikcə bu sahə unudulub, sənətkarlar isə azalıb. İndi hamı sintetik saplardan toxunmuş yüngül xalçalara üstünlük verir. Bunun isə insan orqanizminə xeyrindən çox zərəri var”.
Mirvari Əzizova Balakən rayonunun Hənifə kəndində ziyalı ailəsində doğulub. Valideynləri müəllim olub. O, dörd uşaqdan ikincisidir. Kiçik yaşlarından toxuculuğa, dərziliyə marağı olub. Sinif müəllimindən toxumağın, xalasından isə dərziliyin sirlərini öyrənib. Rəsm çəkməyə zaman ayırıb. Orta məktəbi bitirib, ailə qurub, üç uşaq dünyaya gətirib. Həyat yoldaşı iki oğlu ilə birlikdə Balakəndə sənətkar kimi fəaliyyət göstərir.
-Rayonda hamı sizi bacarıqlı dərzi kimi tanıyır.
-Səkkiz ildir dərzi işləyirəm. Rayonda qadınların əksəriyyəti evdardır. Lakin onlar son dəblə geyinməkdən də geri qalmırlar. Onlar yaz-yay fəsillərində daha çox paltar tikdirirlər. Ona görə, fikrimcə dərzilik mövsümü işdir.
Şəhərin mərkəzində iki otaqlı obyekti icarəyə götürmüşəm. Otaqların birində ərsəyə gətirdiyim qadın geyimlərinin satışı və onların icarəsini təşkil etmişəm. Digərində isə fərdi paltar tikişi üçün sifarişlər qəbul edirəm. Lakin maraqlarım dərziliklə bitmir. Qış aylarında qarmaq və millə geyim əşyaları, uşaqlar üçün corablar toxuyuram. Buna görə, xalçaçılıq mənə daha yaxın və maraqlı gəldi.
-Avropa İttifaqı, BMT-nin Inkişaf Proqramı və ABAD-ın başladığı təlimlər haqda hardan məlumat aldınız?
-Bir rəssam tanışımın məsləhəti ilə layihə ilə tanış oldum və təlimlərə dəvət edildim. Hər dəfə təlimlərə gələndə özümdə xəyallar qururdum. Ümidlənirdim.
İllər boyu bir xalça toxumağın həsrətini çəkmişəm. Xalçaçı rəssam Qənirə xanimın Hənifə kəndində 10 günlük kursunda iştirakım bu həsrətə son qoydu. O, xalçaçılığın hər xırda detalları haqda ətraflı məlumat verdi. Öyrəndim ki, xalçanın ortasından şaquli xətt istiqamətində keçən pambıq saplar əriş adlanır. İlmələr yun saplardan toxunur. İlmədən sonra sağa və sola üfüqi hərəkət edən saplar isə arac və arağacdır. Bunları biləndən sonra toxuculuq üzrə ixtisaslaşmağa qərar verdim.
Maliyyə problemi yaralı yerimdi. Doğrusu, ABAD-a daha böyük atelye açmaq fikri ilə gəlmişdim. Düşündüyümü söyləyəndə, layihə komandası ona daha çox sərmayə lazım olduğunu və özümü xalçaçılıqda doğrultmağımı məsləhət gördülər. BMT-nin İnkişaf Proqramı ilkin olaraq mənə xalça toxumaq üçün dəzgah, digər avadanlıqlar və 15 kiloqram rəngli saplar verdi. Mən kiçik suvenir xalçalar toxuyacam. Bu suvenirlər Azərbaycanı tanıtmaq məqsədi güdəcək və turistlərin alması üçün nəzərdə tutulur.
-Çeşniləri hardan aldınız?
-Səhhətimlə bağlı Şəkidə keçirilən təlimə gedə bilmədim. Bir neçə çeşnini o təlimdən həmkəndlim gətirdi. Sonra isə internetdən götürəcəm. Çeşnisiz ilmə salmaq mümkün deyil. O xalçanın layihəsidir. Toxunuş da ona uyğun aparılır. O rəsm çəkilmiş xüsusi kağızlardır. Çap olunub xalçaçılara təqdim edilir. İlmələr ona uyğun salınır. Ordaki ilmə sayına uyğun olaraq ərişlərdə bir-birinin ardınca rəngarəng naxışlar alınır.
-Bir suvenir xalçanın toxunmasına nə qədər zaman gedir?
-Təzə başlayanda hər ilmə çəkəndə əriş qırılırdı. Görünür düzgün başlamamışdım. Ona görə də ilk suvenir xalçam bir az qüsurlu oldu. Növbətilərini isə səliqəli işlədim. Gün ərzində 11 cərgə toxumaqla bir həftəyə balaca xalçani bitirmək olar. Amma inanıram ki, bir neçə aydan sonra sürətli işləyəcəm və daha az vaxtda bir suvenir xalçanı toxuyacam. Təlimçilərin sözlərinə görə, peşəkarlaşdıqda həftədə 4-5 kiçik suvenir xalça toxumaq mümkündür.
Mən bu işdə hələ ki, peşəkar olmadığım üçün uzun illər xalça toxuyan bir tanışımın məsləhətlərindən bəhrələnirəm. Vaxtilə o, Balakəndə fəaliyyət göstərmiş xalça fabrikində işləyib. O, mənim iş otağımda toxucu dəzgahını görəndə heyrət və sevinclərini gizlədə bilmədi. Hətta gözləri yaşardı. Çünki o da xalça toxumağı sevib. İndi çətinə düşəndə onun köməyinə arxalanıram. Mən onun xeyir-duasından ruhlanıram. O xanım vaxtilə xalça toxuyarkən istifadə etdiyi qayçı və başqa alətlərini də mənə hədiyyə edib.
-Təlimlərdən nəyi əldə etdiniz?
-Hər təlimə getdikcə özümə güvənim və gələcəyə ümidim artırdı. Düşünürdüm ki, bizə bu cür qayğı və dəstək göstərilirsə, yəqin ki, mən irəliyə doğru gedəcəyəm. Öz bacarığıma da güvənirəm. Maliyyə məsələləriylə bağlı təlim məni çox maraqlandırdı. Çünki yaşımın elə çağıdır ki, bundan belə də qazancımızı, gücümüzü ailə qayğılarımıza yönəltməliyik. Amma təlimlərdə məhsulumuzun satışında göstəriləcək kömək mənə güc verdi. Adətən adam istehsal etdiyi məhsulu bazara çıxara bilmir, ya da mal satılmır, əlində qalir. Məsələn, toxuduğum beş ədəd corab və ya jiletin biri satılırdısa, digərləri qalırdı. Toxuduğum bir neçə suvenir xalçanı ABAD-a təhvil verdim, indi rəy gözləyirəm. Təbii ki, bu məni ruhlandırdı. Satılması üçün yüksək keyfiyyətli məhsul istehsal etməliyəm. İnternetdə toxuma ilə bağlı yenilikləri izləyirəm. Gördüyüm hər naxışı toxumaq mənim üçün çox asandı. Məsələn, satışını təşkil edə bilsəm, qadın əl çantaları, bəzək aksesuarları toxuyub, istehlakçılara sata bilərəm. (Mirvari xanım telefonun yaddaşına yüklədiyi müxtəlif şəkilləri göstərir). Keyfiyyətə yer verirəm. Çünki bazara gedəndə biz keyfiyyətli mal axtarırıq.
Hətta keramik qabların hazırlanması qaydasına yiyələnsəm, böyük məmnuniyyətlə hazırlaya bilərəm. Öz bacarıqlarıma inanıram.
Əldə toxunan xalça ilə iri dəzgahlarda toxunan xalçaların arasında fərq çoxdur. Bəzən düşünürlər ki, maşın toxunuşu daha səliqəlidir. Amma Şəkidə seminarda olarkən bir xanımın təqdim etdiyi xalçalar o qədər səliqəli və gözəl idi ki, fabrikdə toxunandan fərqlənmirdi. O xanımın işinə yaxşı mənada həsəd aparmaq olardı. Onun işlərinə mən vuruldum. Çox səliqəli işlənmişdi. Mənə belə iş üçün zaman lazımdır.
-Bu gün bazarda dərzilik, yoxsa toxuculuğa daha çox təlabat var?
-Dərziliyə. Bir paltarın modeli və materialından asılı olaraq, tikilişı 60 manata başa gəlir. Təbii ki, bu bizim rayona uyğun qiymətdir. Bakıda bu daha bahadır. Amma toxuculuqda nailiyyətim olacağına da inanıram. Bəlkə bu sahə mənə daha yaxın və sərfəli olacaq. Çünki, istənilən sərf etdiyin əməyin müqabilində gəlir durur. Əgər bu sahədə maddi gəlir artıq olacaqsa, niyə bunu inkişaf etdirməyim ki?
ABAD-ın təklif etdiyi qiymətlər də fərqlidir. Balaca xalçanın qiyməti səkkiz manatdan başlayacaq. 19×20 sm ölçüdə xalçanı naxışlarından asılı olaraq 15 manatdan başlayaraq satmaq mümkün olacaq. Çeşnisindən asılı olaraq, souvenir xalçalar 35-50 manata qədər də satılır. Suvenirlərin kiçik olmağına baxmayaraq, işin qəlizliyi, çeşnisi və keyfiyyətinə görə qiymət çox dəyişir.
-Bilirəm ki, Mirvari xanımın arzuları sonsuzdur.
-Təbii ki, arzuların ucu-bucağı olmur. Hər kəs istər ki, əməyinin bəhrəsini görsün. Sahibkar kimi fəaliyyətimi təsdiqləmək və vergi ödəyicisi olmaq üçün sənədlərimi hazırlayıram. Gələcəyimi bu işdə gördüyüm üçün biznesimi genişləndirəcəyəm. Yanıma bir neçə xanım götürüb öyrədəcəyəm. Öz məhsullarımın satışını təşkil etmək üçün balaca bir mağazamın olmasını da istərdim.
-Ailənizdən dəstək varmı?
-Hər işin başlanğıcı çətin olur. Həyat yoldaşım da hələ tərəddüdlə yanaşır. Bəzən onun bu halından bir balaca küskünlüyüm olur. Amma mən toxumağı sevdiyim üçün ruhdan düşmürəm. Qərarımda da çox israrlıyam. Qarşıma məqsəd qoymuşam ki, bu işi bacarmalıyam. Məndə həvəs var. Gələcəkdə necə olacağını bilmirəm. Davam edərik, görərik.
Şərhlər bağlıdır.