Oktyabrın 19-da şəhər İcra hakimiyyətində 2018-ci ilin 9 ayı üzrə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İHB-nın müavini Məhluqə Cavadova bu barədə məruzə edib. Ötən müddətdə ölkədə əldə edilən uğurlardan danışan natiq oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında vurğulanan məqamlardan danışıb və bilddirib ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərməkdə davam edir. Belə ki, ötən 9 ayda şəhərimizdə sənaye məhsulu istehsalı 218,8 milyon manat təşkil etmiş, tikinti sektorunda əsas kapitala yönələn investisiya 35,9 milyon manat olmuş, aparılan tikinti quraşdırma işlərinə 28,5 milyon manat vəsait xərclənmişdir. İlin əvvəlindən nəqliyyat sahəsində 900 min manatlıq, rabitə müəssisələrində 900 min manatlıq xidmət göstərilmiş, əhaliyə 258,5 milyon manatlıq istehlak malları satılmışdır. Doqquz ay ərzində ölkə rəhbərinin ayırdığı vəsait hesabına 62 binanın və büdcə vəsaiti hesabına 4 binanın dam örtüyü əsaslı təmir olunmuş, küçə və prospektlərə 12 min metr sahəyə beton səki daşı düzülmüş, 3,6 min kvadrat metr sahəyə dekorativ tamet tava döşənmiş, 73 min kvadrat metr əraziyə yeni asfalt örtük salınmışdır. 13, 14, 60, 61, 76 və 86 saylı məhəllələrdə 117 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Vəli Hüseynov və M.Maqomayev küçələrində yerləşən çoxmənzilli yaşayış binalarının fasadlarının və ümumi istifadə yerlərinin əsaslı təmiri davam edir.
Natiq vurğulamışdır ki, hesabat dövründə əhalinin sosial problemləri daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 9 ayın yekunu üzrə 17877 nəfər pensiyaçıya, 452 nəfər sosial müavinət alana, tərkibində 6828 nəfər vətəndaş olan 1170 ailəyə ünvanlı sosial yardım ayrılmışdır. Pensiya, müavinət və yardımlar vaxtında vətəndaşlara çatdırılmışdır.Hesabat dövründə şəhər Məşğulluq Mərkəzi tərəfindən 730 nəfər qeydiyyatda olan işaxtaran və işsiz vətəndaş münasib işlə təmin olunmuşdur. Bunlardan 130 nəfəri qaçqın və məcburi köçkün, 167 nəfəri gənc, 239 nəfəri qadın olmuşdur”.
Məruzədə başlıca diqqət problemlərə yönəldilmişdir. Qeyd olunmuşdur ki, küçələrdə elektrik xətləri üçün nəzərdə tutulmayan dirəklər və vaxtilə səliqəsiz çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Güclü küləklər nəticəsində mühafizə zonasındakı ağacların elektrik naqillərini qırması elektrik təchizatında fasilələrin yaranmasına səbəb olur.
İstismar müddətini başa vurmuş köhnə kanalizasiya şəbəkəsindəki qəzaların sayının son dövrdə artması insanlarda ciddi narazılıqlar yaradır. Fəaliyyət göstərən köhnə şəbəkənin, eləcə də yeni sistemin istismarı zamanı kifayət qədər çətinliklər yaranır. Bu çətinliklərə dispetçer xidmətinin yarıtmaz işi, qəza xidmətinin ləngliyi, podratçı təşkilatların apardıqları işlərin pərakəndəliyi, eləcə də “Azərsu” ASC-nin yerli qurumu ilə podratçı təşkilatlar arasında işlərin düzgün koordinasiya olunmaması daxildir.
qaz təchizatını yaxşılaşdırılması, qaz itkilərinin qarşısının alınması istiqamətində aparılan işlər zamanı müəyyən problemlər yaranması da nəzərə çatdırııb.Belə ki, qaz sızıntılarının qarşısının alınması üçün qazıntılar zamanı asfalt örtüyünün bərpasında, eləcə də qaz sayğaclarının dəyişdirilməsində, şəhərin ayrı-ayrı ərazilərində qaz təzyiqinin düzgün tənzimlənməməsində hələ də ciddi problemlər qalmaqdadır. Qaz xətlərinin üzərində siyirtmələrin olmaması lokal qəzaların aradan qaldırılması zamanı qaz fasilələrinin şəhərin böyük ərazisini əhatə etməsinə səbəb olur. Qaz təsərrüfatının payız-qış mövsümünə hazırlığı ayrılacaq vəsait və təmir üçün tələb olunan texnika ilə təminatı səbəbindən gecikdirilir.
M.Cavadova bildirib ki, şəhərin küçə və məhəllədaxili ərazilərində qurumuş ağaclar kifayət qədərdir. Ekologiyanın rəyi əsasında onların kəsilməsi, park və səkilərdə insanların hərəkətinə, işıqlanma dirəklərinə və işıqforların fəaliyyətinə maneə yaradan agacların budanması istiqamətində işlər gücləndirilməlidir. Hələ də şəhərin ümumi bəlası olan müəyyən olunmayan yerlərə zibilin tökülməsi sahəsində aidiyyəti qurumun və yaranmış nəzarət qruplarının fəaliyyəti qənaətbəxş deyildir. Şəhərin yeni yaşayış massivlərini də əhatə etməklə müəyyən olunmuş yerlərdə mövcud zibil qutularının yararsızlarının yeniləri ilə əvəzlənməsinə və əlavə zibil qutularının qoyulmasına böyük ehtiyac vardır. Sahibsiz itlərlə mübarizə sahəsində işlər gücləndirilməlidir. Yeni su sisteminin çəkilişi ilə bağlı yaşıllıqların qorunmasında şəhərin suvarma sisteminin olmamasını əsas problem kimi göstərmək olar. Şəhərin suvarma sisteminin qurulması ən vacib məsələlərdən biridir.
Natiq onu da deyib ki, şəhərin yagış sularını ötürən sisteminin vəziyyəti qeyri-qənaətbəxşdir. Sistemin ayrı-ayrı hissələri təmir edilsə də hələ də güclü intensiv yağışlar zamanı şəhərin bəzi ərazilərində yagış sularını ötürən sistemin ötürücülük qabiliyyətinin zəifliyi səbəbindən problemlər yaşanır. Şəhər İcra Hakimiyyəti başçısının 26 aprel 2018-ci il tarixli 48 saylı sərəncamı ilə ötürücü xətlərin qurulması üçün vəsait ayrılmış və hazırda MKT İB tərəfindən bu işlər aparılır. Gələcəkdə ümumiyyətlə yagış sularını ötürən sistem yenilənməlidir.
Son dövrlərdə küçələrdə işıqlanma sisteminin qurulması, eləcə də insanların sevinclə qarşıladıqları məhəllədaxili işıqlandırma sisteminin qurulmasına başlanılmasına baxmayaraq, hələ də şəhərin ayrı-ayrı küçələrinin işıqlanmaması insanları narahat edən məsələlərdəndir. Növbəti illərdə şəhərin Sağ sahil, İES yaşayış massivlərinin küçələrinin, məhəllədaxili işıqlanma sisteminin qurulması işlərinin davam etdirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında şəhərin istilik təchizatının yenidən qurulması bəndi üzrə şəhərdə 19 qazanxanadan yalnız 2 məhəllənin – 112 və 66-cı məhəllələrin qazanxanaları bərpa olunmuşdur. Şəhər əhalisini narahat edən istilik təchizatı probleminin həlli ilə bağlı yuxarı orqanlara edilən çoxsaylı müraciətlərə baxmayaraq hələ də bu məsələ öz həllini tapmamışdır.
Məruzəçi bildirmişdir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mingəçevir Regional Şöbəsi şəhər nəqliyyatının problemlərini həll edə bilməyib. Şəhərdaxili marşrutlarda normativlərə uyğun olmayan, texniki vəziyyəti bərbad olan, insanların həyat və sağlamlıqlarını təhlükə altına qoyan nəqliyyat vasitələrinin sayı kifayət qədərdir. Yeni salınmış massivlərə yeni marşrutların açılması və ya mövcud marşrutlarda dəyişikliklərin aparılması, xətlərə müasir avtobusların salınması, nəqliyyat vasitələrinin səriştəli sürücülər tərəfindən idarə olunması, sərnişinlərlə nəzakətli davranış günün tələblərindəndir.
Şura iclasında Telekommunikasiya Qovşağının rəis müavini Mahir Mürsəlov, 15 saylı regional nəqliyyat idarəsinin rəisi Ramiz Zeynalov, Mingəçevir Xəstəxanası PHŞ-nın rəhbəri Könül Ələkbərov, 8 saylı Ekologiya İdarəsinin rəisi Fazil Şükürov çıxış edərək, 9 ayda görülən işlərdən və problemlərindən danışıblar. Mingəçevir İH başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov sərnişindaşıma parkının təzələnməsi, icbari tibbi sığorta qurumu ilə idarə və müəssisələr arasındakı anlaşılmazlıqların həll olunması məəqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Şərhlər bağlıdır.