Mingəçevir Texniki Humanitar Liseyin (THL) şagirdləri VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birinciləri olublar.
VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birincisi Mingəçevir Texniki Humanitar Liseyinin şagirdləri olub.
24.02.2024-cü il tarixində H. Əliyev adına Müasir Təhsil Kompleksində VEX Robotics Azərbaycan 2024 ölkə çempionatının VEX – IQ CHALLENGE kateqoriyası üzrə növbəti turniri keçirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Təhsil Sektorunun nəznində fəaliyyət göstərən R. Muradov adına Texniki Humanitar Liseyin komandası Azərbaycan çempionu olub.
Ümumilikdə 23 komanda arasında “VEX İQ” kateqoriyası üzrə Mingəçevir şəhər Texniki Humanitar Liseyin (THL) “Born to Win” komandası I yerə layiq görülüb.
Liseyin direktoru Nailə Məmmədova ölkə birinciliyini qazanan şagirdlərlə görüşərək komandanı təbrik edib. Komanda iştirakçıları Ayxan Quliyev və Yusif Hüseynzadə liseyin 8-ci Banu Məmmədzadə isə 7-ci sinifində təhsil alır. 2 ildir komandanın STEAM yarışlarına hazırlaşdıqlarını qeyd edən N. Məmmədova, onların proqramlaşdırma üzrə bilik və bacarıqlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Hər bir qalibiyyətin arxasında zəhmət bacarıq olduğunu qeyd edən direktor, Liseyi Beynəlxalq arenada təmsil edəcək “Born to Win” komandasına əminliyini ifadə edib və onlara uğurlar arzu edib.
Komandanın mentoru Liseyin İnformatika müəllimi Leyla Camalova, şagirdlərin fərqli siniflərdən bilik və bacarıqlarını kəşf edərək eyni komandada birləşdirib və onların bu yolda qələbə qazanması üçün gecəsini gündüzünə qataraq çalışdıqlarını qeyd edib. Şagirdlərin qalibiyyəti ilə qürur duyan mentor, onlar kimi istedadlı şagirdlərlin üzə çıxması üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Liseyin Təlim tərbiyə üzrə direktor müavini Aytən Mehtiyeva, Ayxan Quliyev Yusif Hüseynzadə və Banu Məmmədzadənin STEAM yarışlarına çox ciddi hazırlaşmaqlarına baxmayaraq, digər fənlərədə eyni məsuliyyətlə yanaşdığını və yüksək nəticələr əldə etdiklərini bildirib.
Azərbaycan birinciliyi qazanan və Mingəçevir şəhərinə qalibiyyət kubokunu gətirən komanda üzvləri göstərilən diqqət və qayğı üçün təşəkkürlərini bildiriblər. Gələcək fəaliyyətlərini də məhz bu istiqamətdə davam etdirəcəklərini qeyd edən Ayxan Quliyev və Yusif Hüseynzadə STEAM, PHYTON proqramlaşdırma üzrə Azərbaycanı dünya ölkələri arasında layiqincə təmsil edəcəklərini bildiriblər. Hələ uşaqlıqdan müxtəlif robotlar yaradan Banu Məmmədzadə bu kateqoriyada ölkə üzrə birincilik qazanan ilk qız iştirakçıdır.
Qaliblərə sonda “Nizam- intizam Şurası” nın qərarı ilə lisey rəhbərliyi tərəfindən “akademik nailiyyət”lərinə görə yaşıl kart təqdim olunub.
Qeyd edək ki, SAF STEAM yarışının əsas məqsədi müxtəlif ideyaları reallaşdırmaq, müxtəlif həll yollarını araşdırmaq, istedadlı tələbələri üzə çıxarmaq, bilik və bacarıqlara yiyələnmək, tələbələrin yeni əməkdaşlıqlarına şərait yaratmaqdır.
Şərhlər bağlıdır.