“Əyləncə Mərkəzi”ndə iş adamlarına attraksionlar quraşdırmaq üçün yer ayrılıb
Hökumət və ictimaiyyət nümayəndələri abadlaşan ərazilərə ictimai baxış keçirdilər
2023-cü il noyabrın 10-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hökumət və ictimaiyyət nümayəndələri qısa müddət ərzində şəhərdə görülmüş işlərə baxış keçiriblər. Onlar öncə “Dostluq Parkı”nda salınan “Əyləncə Mərkəzi”nə baş çəkiblər. Məlum olub ki, Sanitar Təmizlik və Yaşıllaşdırma İdarəsinin gücü ilə uzun illər diqqətdən kənarda qalan ərazi nümunəvi şəkildə abadlaşdırılıb. Yeni ağaclar əkilib, köhnə ağaclar budanıb, çoxlu oturacaqlar qoyulub, işıq sistemi çəkilib. Növbəti mövsümdən iş adamlarının burada uşaq və gənclər üçün attraksionlar quraşdırması üçün də yerlər ayrılıb.
Xəbər verdiyimiz kimi, Sahil parkının körpünün altından keçən hissəsi 110 metrə qədər uzadılıb. Həmin hissəyə tamet döşənib, gül kolları əkilib. Parkda vaxtilə nasos stansiyası kimi fəaliyyət göstərən və sonra dayanan sahibsiz obyektin taleyi ilə bağlı Dövlət Əmlak Komitəsi qarşısında məsələ qaldırıldığı bildirilib.
Bundan sonra Heydər Əliyev, Nizami, Nərimanov və Xətai küçələrinin kəsişməsində, sağ sahil qəsəbəsindəki kooperativ binaların qarşısında salınan nümunəvi məhəllələrə və yeni idman qurğularına baxış olub. Məlumat verilib ki, bu işlərin görülməsində şəhərin kommunal təsərrüfatı müəssisələrinin, İşıqlandırma İdarəsinin və Mingəçevir Bələdiyyəsinin xeyli payı var.
Energetiklər qəsəbəsində Cəmil Əliyev küçəsindəki 3, 5 və 7 saylı binaların yaxınlığındakı məhəllədə işlərin yaxın günlərdə başa çatması üçün İcra Hakimiyyəti başçısı müvafiq qurumların rəhbərlərinə göstərişlərini verib.
Baxış zamanı məhəllələrin sakinləri icra başçısına rəy və təkliflərini bildiriblər.
Şərhlər bağlıdır.