Mingəçevirdə 3 çoxmənzilli bina “Merlərin razılaşması”ndan faydalanacaq
Pilot layihənin icrası üçün 592 min 671 avro və ya 1 milyon 90 min 772 manat ayrılıb
Xəbər verdiyimiz kimi, Mingəçevir Bələdiyyəsi Avropa İttifaqı ilə Azərbaycanın Tərəfdaşlıq və Əməkdaşlığı çırçivəsində İqlim dəyişmələrinə adaptasiya planları tərkibində “Merlərin Razılaşması” sazişinə qoşulub və bu haqda Aİ-nin müvafiq qurumları ilə 16 iyun 2017–ci ildə sənəd imzalayıb. Bu sənədə əsasən Avropa İttifaqı saziş iştirakçılarını enerji effektivliyi, resurslardan səmərəli istifadə, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın maliyyə institutları ilə əlaqə yaratmağı, bu sahədə hazırlanan layihələri texniki və maliyyə baxımından dəstəkləməyi öhdəsinə götürüb.
8 iyun 2023-cü ildə Mingəçevir Bələdiyyəsində yeni layihənin başlanması ilə bağlı təqdimat keçirilib. Bələdiyyə sədri Ramiz Əliyev, yerli bələdiyyənin beynəlxalq əlaqələr komissiyasının sədri Şəhriyar Mustafayev, Avropa İttifaqının nümayəndəsi Maksim Verişşaqin, Azərbaycan üzrə ölkə eksperti Cahangir Əfəndiyev karbon emissiyasının azaldılması, altrernativ enerji imkanlarının artırılması istiqamətində layihə çərçivəsində şəhərdə görüləcək işlərdən danışıblar. Diqqətə çatdırılıb ki, 592 min 671 avro və ya 1 milyon 90 min 772 manat məbləğində pilot layihə üçün Mingəçevirdə 22 çoxmənzilli bina dəyərləndirilib və onlardan 3-ü seçilib (Aydın Məmmədov 11, Məmməd Əmin Rəsulzadə 1 A və 20 Yanvar 9). İlk növbədə həmin binaların ümumi yerlərində və zirzəmilərində istilik boruları izolyasiya ediləcək. Ümumi yerlərdə giriş qapıları və pəncərələr quraşdırılacaq və ya dəyişdiriləcək. Pəncərələr enerjiyə qənaət edən pəncərələrlə əvəz olunacaq. Divarlar, zirzəmi tavanı və çardaq döşəməsi mineral yunla izolyasiya olunacaq. Mənzillərdə radiatorlara termostatik balanslaşdırıcı klapanlar quraşdırılacaq. Radiatorların arxasına istilik əks etdirən ekranlar yerləşdiriləcək. Zədələnmiş bina elementlərinin təmiri aparılacaq.
Görüşdə Yerli və beynəlxalq ekspertlərdən ibarət işçi qrupunun Mingəçevir şəhərinin Dayanıqlı Enerji və İqlim üzrə “Fəaliyyət Planı” və Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi digər layihələr barədə də məlumat verilib. Vurğulanıb ki, enerjiyə qənaət məqsədilə əhaliyə led lampaların paylanması BMTİP tərəfindən həyata keçiriləcək, digər layihə isə qiymətləndirmə mərhələsindədir.
Avropa İttifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. 2009-cu ildə təsis edilmiş Şərq Tərəfdaşlığı təşəbbüsünün məqsədi Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı Şərq tərəfdaş ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında münasibətləri dərinləşdirmək və gücləndirməkdən ibarətdir.
Şərhlər bağlıdır.