2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda mühazirə keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, adı müasir və müstəqil Azərbaycanın adı ilə bağlı olan, çoxşaxəli və titanik fəaliyyəti ilə adını milli tariximizə qızıl hərflərlə yazan ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, gənc nəsil arasında təbliğinin əhəmiyyətindən danışıb və mühazirənin önəmini vurğulayıb.
Sonra, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Günel Yunusova məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətçiliyimizin memarı, ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən, milli maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik siyasətindən bəhs edilib. Qeyd edilib ki, tarix yaradan dahi şəxsiyyətin siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan Əsgərinin şücaəti sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi və məntiqi nəticəsidir.
Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.
Şərhlər bağlıdır.