İlham İsmayılov: “9 may həm də bizim tariximizdir”
9 May bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri bu gün şəhərdəki Qələbə meydanında ucaldılan abidə önünə gələrək, 1941-45-ci illərdə alman faşizminə qarşı vuruşmuş insanların xatirəsini yad ediblər. Onlar ehtiram əlaməti olaraq, abidənin qarşısına təzə-tər gül dəstələri düzüblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, keçən əsrin 90-cı illərində 9 may gününü qələbə tariximizdən silmək istəyənlər vardı: “9 May həm də bizim tariximizdir. Qələbənin qazanılmasında Azərbaycanın müstəsna xidmətləri var. 1941-45-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib, onların da yarısı həlak olub. Həm də unutmayaq ki, Bakı neftinin hesabına müharibəni udmaq mümkün olub”.
Başçı diqqətə çatdırıb ki, son illərə qədər Mingəçevirdə 800-ə yaxın 2-ci dünya müharibəsinin veteranı vardı: “Təəssüf ki, onların hamısı dünyasını dəyişib. Biz onların xatirəsini heç vaxt unutmayacağıq. Abidəmizin qarşısında yazıldığı kimi, heç kim unudulmur, heç nə yadan çıxmır”.
İlham İsmayılov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı misilsiz qələbədən də söz açıb: “Müstəqil Azərbaycan 30 ilə yaxın Ermənistanın əsarətində saxladığı torpaqları igid oğullarımızın canı və qanı bahasına geri aldı, ərazi bütövlüyümüzü bərpa etdi. Unutmayaq ki, Azərbaycan həm 2-ci dünya müharibəsində, həm də Qarabağ döyüşlərində çoxlu şəhid verib Biz şəhid və qazılərimizə, döyüşən əsgərlərimizə həmişə borcluyuq”.
Şərhlər bağlıdır.