Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər”
Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiya 7 saylı tam orta məktəbin həyətində baş tutub. Burada 44 günlük Vətən Müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin hər birinin adına bir sərv ağacı əkilib. Aksiyaya məktəb direktorları və şəhid valideynləri də böyük həvəslə qoşulub.
Şəhid Atiq İbrahimovun atası Ariz İbrahimov göz yaşlarına hakim ola bilməsə də aksiyaya bir şəhid atası kimi dəvət olunduğuna görə minnətdarlığını bildirib. Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova isə deyib ki, bu gün onun döğum günüdür: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər. Çox fəxrlə deyə bilərəm ki, vətən torpağının azad olunmasında mənim iki şəhid balamın da payı var”.
Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva belə aksiyaların digər məktəblərin həyatyanı sahələrində də davam etdiriləcəyini diqqətə çatdırıblar.
Şərhlər bağlıdır.