Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı olub.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.
Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
***
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.
Şərhlər bağlıdır.