Aİ-nın dəstəklədiyi italiyalı həkim briqadası Azərbaycana gəlib
Koronavirus əleyhinə mübarizədə Azərbaycana yardım etmək üçün 3 avqust tarixində italiyalı altı həkimdən ibarət Təcili Tibbi Briqada Bakıya gəlmişdir. İki təcili yardım həkimi, infeksion xəstəliklər üzrə bir ekspert, bir anastezioloq və təcili yardım təcrübəsi olan iki tibb bacısından ibarət briqada növbəti iki həftə ərzində öz yerli tərəfdaşlarına yardım edəcək. Yardım Aİ-nın Mülki Müdafiə Mexanizmi tərəfindən koordinasiya edilərək dəstəklənir.
“Bu gün hava limanında İtaliya, Azərbaycan və Aİ bayraqlarının birlikdə dalğalandığını görmək çox xoş oldu. Sorğumuza belə sürətlə cavab verdikləri üçün italiyalılara minnətdarıq! Bu ekspertlərin gəlişi Azərbaycanla Avropa İttifaqı arasında praktiki həmrəylik və tərəfdaşlıq göstəricisi olmaqla yanaşı, “TeamEurope” metodunun necə işlədiyinin bir nümunəsidir”- deyə Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Kəstutis Yankauskas bildirib.
Italiya hökuməti artıq onlayn rejimində Azərbaycanlı tərəfdaşları ilə öz təcrübəsini bölüşüb. Aİ-nın maliyyələşdirdiyi mühafizə avadanlığı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən iyun ayında Azərbaycana gətirilib. Avropadan yardım istəyən ölkələrə şəxsi mühafizə avadanlığı, tibbi ləvazimatlar və səhiyyə sahəsində ekspertlərin təmin edilməsi üçün bu pandemiya dövründə Aİ-nın Mülki Müdafiə Mexanizmi vasitəsilə 25 cavab tədbiri görülüb.
Şərhlər bağlıdır.