“Getdim sevincək özümə otbiçən də aldım. Pulu da sələmə götürdüm ki, işlədikcə verərəm. O aparat olmasaydı, dəryazla biçməliydim otları. Mən bilmədim ki, bizi iki aydan sonra işdən çıxaracaqlar.” – 31 yaşlı Mingəçevir sakini Ramin Rüstəmov BBC News Azərbaycancaya deyir.
Ramin Rüstəmov aprel ayında DOST İş Mərkəzinin Mingəçevirdə “iki aylıq müqavilə ilə” işə götürdüyü 183 nəfərdən biridir. İşə qəbul olunanda ona deyiblər ki, iş əslində bir illik olacaq, o belə iddia edir. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan xəbərsiz olduğunu bildirir.
“Biz ora işə düzəlməyə gedəndə dedik ki, bu iş ikiaylıqdırsa biz onu istəmirik. Bizə dedilər ki, “iş birillikdir, bu, Prezidentimizin qərarıdır”. Ancaq iki ayın tamamında bizi işdən çıxartdılar,” – Ramin Rüstəmov deyir.
Üç oğlu, həyat yoldaşı, bir də əllilliyi olan anasına baxan Ramin Rüstəmov deyir ki, “indi anasının aldığı 233 manatla həm evi dolandırmalı, həm də otbiçən aparatın borcunu qaytarmalıdır.”
“İdarəyə müraciət etmişik. İndi söz veriblər ki, baxacaqlar məsələyə.”
Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin (MTAİ) rəisi Qürbət Məmmədov BBC News Azərbaycancaya təsdiqləyir ki, “aprel ayında onlara 183 nəfər 2 aylıq müqavilə ilə işə göndərilib.”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də bildiriblər ki, “karantin dövründə vətəndaşa təqdim olunan iş yerlərinin minimum müddəti iki aylıq olub”, lakin vətəndaşlara iki aylıq işin bir illik kimi təqdim edilməsi “araşdırılacaq.”
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında ölkədə “90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcəyini” bildirib.
“O işlər həmişə birillik olub, axı”
Digər bir Mingəçevir sakini Asif Namazov da deyir ki, onlara da “işin iki aylıq olması ilə bağlı məlumat verilməyib.”
“O işlər də həmişə bir illik olub, axı. Elə bizi apardılar ora, tələm-tələsik kağıza qol çəkdirdilər. Karantin vaxtı idi deyə dedilər tez qol çəkin, çox yığışmaq olmaz. Elə orda qol çəkdik. Müqaviləni oxumamışdıq. Bizə demədilər ki, iş ikiaylıqdır.”
55 yaşlı Asif Namazov deyir ki, “2018-ci ilin sentyabr ayından məşğulluq mərkəzində növbədə olub. Lakin bir il ərzində ona heç bir iş təklifi olmayıb.”
Asif Namazov vurğulayır ki, bilmədiyi səbəblərdən, o, 2019-cu ilin dekabr ayında yenidən “Məşğulluqda növbəyə yazılmalı” olub.
“2020-ci ilin aprel ayında mənə iş təklif etdilər. Sadəcə bizə dedilər ki, ya 190 manatı alacaqsınız, ya da işə düzələcəksiniz. Biz də dedik ki, elə işə düzələk, işimiz olsun da.” – Asif Namazov belə deyir.
Cənab Namazov deyir ki, aprelin 24-də “oxumadan imzaladığı müqaviləyə əsasən rəsmən işə başlayıb”.
“Aprelin 22-də müqaviləni bağladıq. Ayın 24-də rəsmən başladım, iki ayım tamam olan kimi – iyunun 24-də məni işdən çıxartdılar. Dedilər ki, iş iki aylıq idi.”
Asif Namazov deyir ki, indi onun özü, həyat yoldaşı, oğlu və gəlini həyat yoldaşının xadiməlikdən qazandığı 240 manata ümid bağlayıb.
“30 qəpiklik qarpız nədir ki?!”
“Yoldaşım, dediyim kimi, xadimədir. Oğlumu yenicə evləndirmişəm. Heç yerdə işləmir. Yaxşı ki, onu da özümlə aparmadım işə. Heç olmasa o 190 manatı ala bildi.” – Asif Namazov deyir.
“Allah haqqı, ürəyimiz istəyən meyvəni alıb yeyə bilmirik. O bir tərəfə, 30 qəpiklik qarpız nədir ki, onu alıb yeyə bilməyəsən. Ayrı da nə deyim ki?!”
Şikayətçilər iddia edirlər ki, onlarla eyni vaxtda Mingəçevirdə “700-dən çox şəxsə belə iş verildiyi” deyilib.
Digər bir Mingəçevir sakini Aygün Tahirova deyir ki, işdən çıxarılanlar arasında elə adamlar var ki, evində çörəyi, cibində isə çörək almağa pulu yoxdur.
Üstəlik də ya xəstədir, ya da xəstəsi var. Eləsi var, Allah haqqı, mən özüm aldığım o az maaşım və təqaüdümlə qənd-çay, nə bilim allah verəndən alıb verirəm. Ancaq bir deyil, iki deyil bu adamlar. Heç olmasa vəziyyəti ağır olanları işlə təmin etsinlər,” – Aygün Tahirova deyir.
Aygün Tahirova da DOST Mərkəzinin vasitəsilə işə düzəlib. Hazırda briqadir işləyir və onun komandasında çalışmış bəzi şəxslər də hazırda işdən çıxarılıb.
O deyir ki, iyulun 1-də vəziyyəti çox ağır olan işdən çıxarılmış işçiləri ilə bağlı DOST MMC-yə müraciət edib.
“Mən xahiş etdim ki, həmin insanları işə bərpa etsinlər. Emil müəllim dedi ki, məktub yazın, çox pis yaşayanları bərpa edək. 15 nəfərin Mənzil İstismar Təsərrüfatı idarəsində işlə təkrar təmin olunması ilə bağlı idarəyə məktub göndərildi. Ancaq indiyənədək də həmin şəxslər işə bərpa olunmayıblar. İyulun 14-də yenə DOST MMC-yə müraciət etdim. Məni koronavirusa görə içəri buraxmadılar. Dedilər ki, məktubunuza cavab veriləcək. Bu gün də ayın 22-dir. Hələ də heç bir iş görülməyib.”
38 min ictimai iş – “müddəti bitənə qədərdir”
Mingəçevir şəhər Mənzil İstismar və Təsərrüfat İdarəsinin rəisi Qürbət Məmmədov BBC News Azərbaycancaya deyir ki, “aprel ayında onlara “DOST İş Mərkəzindən 2 aylıq müqavilə ilə 183 nəfər işə göndərilib.”
“Həmişə göndərilən şəxslərin işi ilin axırına kimi olurdu, birillik olurdu. Ancaq bu axırıncı dəfə pandemiya ilə əlaqədar idi, ya nə idisə onların hamısının müqaviləsini iki aylıq bağlamışdılar. Biz işə götürməyə-çıxartmaya baxmırıq. Əmrlə adamları göndərirlər bizə, biz də idarələr arasında bölürük ki, getsinlər işləsinlər.”
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov BBC News Azərbaycancaya bildirib ki, “pandemiya dövründə vətəndaşlara təklif edilən ictimai iş yerlərinin müddəti minimum iki ay nəzərdə tutulub.”
“Karantin dövründə işsiz vətəndaşlara haqqı ödənilən ictimai işlər çərçivəsində müxtəlif fəaliyyət sahələri təqdim edilib. O iş yerlərinin davamlılığı minimum iki ay nəzərdə tutulub. Ümumilikdə isə 38 min iş yeri müddətsizdir. Yəni, iş müddəti iş fəaliyyəti bitənə qədər davamlı şəkildə həyata keçirilir.
“Yəni, hansısa sifarişçinin sifarişi bitdikdən sonra, vətəndaşlar başqa istiqamətlərdə öz fəaliyyətini davam etdirə bilərlər. Konkret Mingəçevirdəki məsələ ilə bağlı isə o işlərdə çalışan şəxslər öz fikirlərini məşğulluq mərkəzinə bildirsinlər. Digər haqqı ödənilən ictimai işlərə onlar da cəlb oluna bilərlər.”
Fazil Talıbov iki aylıq işə götürülənlərə işin bir illik olması ilə bağlı məlumat verilib-verilməməsinin araşdırılmalı olduğunu bildirib.
Fazil Talıbov bildirib ki, indiyədək ümumilikdə 65 min insan əmək müqaviləsi ilə belə işlərə cəlb olunub.
Qurum təmsilçisi bunun üçün “vakant yerlərin, hər bir rayonda kvotaların olduğunu” bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də ictimai iş yerləri ilə bağlı danışıb.
Prezident bildirib ki, ümumilikdə “90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.”
“Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin.” – cənab Əliyev bildirib.
Aygül Mehman,
Şərhlər bağlıdır.