Mədəniyyətin gücü
Deyilənə görə hind xalqı yeməksiz, susuz yaşaya bilər, amma kinosuz əsla, hətta son rupilərini belə, yeməyə yox, kinoya xərcləyirlər. Hind xalqının belə bir xüsusiyyəti olduğunu mən də bilirəm, lakin bu an üçün bilmədiyim odur ki, mənim xalqım nəyi sevir, nəyə görə susuz, çörəksiz qalar və hətta son pulunu da xərcləyər? Hələ də fikirləşirəm və heç bir cavabım yoxdur, düzü çox utandım, çünki bu o deməkdir ki, xalqımı yaxşı tanımıram. Evdə çox zaman, bir-birimizin nəyi bəyənib ya da bəyənmədiyini bilmək üçün sorğu- sual başlayır: rənglər, yeməklər, musiqi, geyim, kitablar, fəsil və daha başqa, zövqümüzü ifadə edəcək anlayışlar, xüsusiyyətlər. Təbii ki, bunları bilmək bir-birimizi qəfil sevindirmək, əvvəlcədən hazırlayacağımız sürprizlər üçün gərəkli olur. Düşünürəm ki, xalqın da belə yaradıcı və qəfil sevinclərə ehtiyacı olur və həmin sevinclər onun həyatında daha böyük iz qoyur, daha güclü təsirə malik olur. Təəssüf ki, mən xalqımın nəyi sevdiyini, nədən daha çox təsirləndiyini bilmirəm və ola bilər ki, hələ, belə bir seçimi yoxdur, yəni onu təsirləndirəcək qeyri-adi bir durumla, vəziyyətlə qarşılaşmayıb. Zaman-zaman xalqa təsir etmək istəyənlər olub, onu tənqid edənlər, bəzən əndazəni aşıb təhqir edənlər, satira atəşinə tutanlar, qəzet-jurnal vasitəsilə maarifləndirməyə çalışanlar, teatr, kino vasitəsilə dəyişdirməyə çalışanlar, lakin bunların heç biri o qədər də təsiredici olmayıb. Bəlkə də bizdə də kino, teatr davamlı olaraq inkişaf etsəydi bəlkə də təsirli olardı, çünki maraqlı və yaxşı nəticə elə kinodur və Hindistan nümunəsi vardır. Yəqin ki, bəziləriniz Aamir Xanı tanıyırsınız, hind aktyoru və rejissorudur. Onun filmləri hind kinosuna yeni ruh, hava gətirdi. Hind filmlərində, sadəcə, hind xalqının ağrı-acıları yox, sosial çətinliklərinin həlli yolları da maraqlı və yaradıcı olaraq göstərildi. Aamir Xan təkcə məşhurlaşıb varlanmadı, o qazandıqlarını xalqı ilə bölüşür, xeyriyyə işləri görür, məktəblər tikdirir, kəndlərə elektrik, su çəkdirir və bunların vacibliyini öz filmlərində də anladır, göstərir və təbliğ edir. Bu isə mədəniyyətin gücüdür, o, xalqının kinoya olan sevgisindən yararlanaraq, onun qəlbinə təsir edir və onun inkişafına öz köməyini göstərir.
“Mən, Peleyəm!”
Başqa bir nümunə də vardır və yenə də məşhur olmağın oynadığı möhtəşəm rol. Braziliyalı məşhur futbolçu Pele haqqında yəqin ki, eşitmisiniz. Onun öz xalqnın həyatında elə bir rolu olub ki, bunu ölkənin Təhsil Nazirliyi illərlə edə bilməyib. Lakin bu heç də, sadəcə, məşhurluq deyildi, braziliya xalqı futbolu çox sevib, bu oyun onların həm də həyat tərzidir. Odur ki, futbolu sevən və onu əla bacaran Pele də xalqının sevgisini qazanır və bu sevginin yarada biləcəyi ən gözəl hadisə baş verir. Pele avtobioqrafik bir kitab yazır ”Mən, Peleyəm!”, yazıb oxumağı bacarmayan minlərlə insan, məhz həmin kitabı oxuyub məşhur futbolçusunu tanımaq üçün, yazıb oxumağı öyrənirlər. Ölkənin Təhsil Nazirliyi isə bu fövqəladə hadisəyə görə Peleyə “Qızıl medal” təqdim edir.
Bəli, əgər bir xalqın həyatında çox önəmli bir hadisəyə çevrilmək istəyirsənsə, öncə onun zövqünü oxşamalısan, ona yüksək səviyyəli bir töhvə veməlisən və onun qəlbinə girməyi bacarmalısan, qalanı boş şeydir.
Düşünürəm, son əlli ildə xalq olaraq, ürəkdən sevinə biləcəyimiz hər hansı bir hadisə olubmu? Xeyr, olmayıb. Son yüz ildə olubmu? Bəli, sadəcə bir möhtəşəm hadisə olub, o da müstəqil dövlətimizin-Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasıdır. Bu dünyada öz müstəqil dövlətinin olmağının sevincini yaşamaq çox gözəldir, xalqımız da bu sevinci yaşadı, çünki azadlığı sevdi. Sonra isə bu sevgini içində yaşadaraq, onu boyunduruq altına salmağa çalışan bir rejimə qarşı illərlə mübarizə apardı, lakin çox yoruldu. Odur ki, bu dövləti yaşatmaq və xalq olaraq yaşamaq üçün daha yeni, daha fövqəladə sevinclərə də ehtiyacımız vardır. Son dərəcə yorğun, əzgin, küskün bir xalq olaraq yaşamaq çox çətindir. Doğrudur, bundan sonra məndən nə aktyor, nə də futbolçu olan deyil, amma xalqımızı necə sevindirmək olar, onu düşünürəm və sizləri də düşünməyə dəvət edirəm. Çünki bir xalqı irəli aparmağın yeganə yolu, fövqəladə fədakarlıqlardan keçir, nə tənqiddən, nə təhqirdən, nə də giley-güzardan keçmir.
Mehparə Rəhimqızı
Mingəçevir
05.07.2020
Şərhlər bağlıdır.