Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Riyaziyyat dərsi

Riyaziyyat ədalətli, dürüst və faydalı olmağı öyrədir. Lakin bu, o demək deyil ki, riyaziyyatı öyrənənlərin hamısı, ədalətli, dürüst və faydalı olmağı da öyrənir. Öyrənənlər də olur, öyrənməyənlər də. Sadəcə, riyaziyyatı öyrənənlər, çox zaman bacarıqları ilə öyünən, özündənrazı tiplərə çevrilirlər, yəni cəmiyyət üçün çox zaman yararsız olurlar, bəzən də zərərli ola bilirlər. Riyaziyyatın nəinki bütün sahələrini, hər hansı bir sahəsini tam bilmək mümkün deyildir, çünki həm bütün sahələri bir-biri ilə bağlıdır, həm də buna insan ömrü bəs etməz… Eyni zamanda məqsəd, sadəcə, riyaziyyatı öyrənmək deyil, onu öyrənməyin  vacibliyini anlamaq və başqalarını da buna inandırmaqdır. Müəllimin ən yaxşı bacarığı onun inandırmaq bacarığıdır, lakin şagirdləri üçün. Məktəbi bitirənlər isə kimə inanacaqlarını özləri müəyyən etməlidirlər. Bəlli qaydaları, qanunları bilməklə həyatımızı düzgün yaşamağı, ədalətli qərarlar verməyi öyrənə bilərik. Çünki riyaziyyat həm düzgün, həm də məntiqli düşünməyi və qərar verməyi öyrədir.Təəssüf ki, bir çox insanlar, yəni riyaziyyatdan anlayanlar üçün də, riyaziyyat və onun qaydaları yox, öz istəkləri daha önəmli olur. İstəkləri biliyinin önünə keçənlər, qaydaları görməzdən gələnlər, bu qaydaları bilməyənlərdən daha cahildirlər. Bu isə, cəmiyyətin inkişafını əngəlləyənlərin sayının çoxluğuna səbəb olur.

 Oyunu qaydalarına görə oynamalı

Həyatda təkbaşına oynayıb udmaq olmur, hətta usta oyunçu olsan da. Yaxud da oynamaq istəməsən belə, böyük oyunun bir parçası olacaqsan. Oyunu qaydalarına görə oynamaq lazımdır, qaydaları isə heç kim anadangəlmə bilmir, oxuyub öyrənirlər. İnsan olaraq hansı xüsusiyyətə sahib olursan ol, zövqün, əyləncələrin, maraqların nə olur-olsun, amma cəmiyyətdə yaşayırsansa qayda-qanunu bilməlisən və əməl etməlisən. Bu halda həm cəmiyyət, həm də sən udursan, əks halda cəmiyyət də, sən də uduzursan.

Kor-koranə şəkildə daha çox riyazi formul, tərif, yaxud test əzbərləmək, yoxsa öyrəndiyin formulların, düsturların, qaydaların nəyə yaradığını, hansı məntiqi anlamağımıza kömək etdiyini bilmək doğrudur? Birinci hal daha çox yaddaşı yükləməkdir və  imtahanda daha çox bal yığmaq qorxusu ilə bağlıdır. Tarix boyu kəşf olunmuş düsturlarla, formullarla beynini, yaddaşını doldurmaqdansa, onların mənasını anlamağa çalışmaq, nə işə yaradığını, nə kimi faydası ola biləcəyini müəyyən etməklə beynini inkişaf etdirə bilərsən, yəni öz beyninin məhsulunu yarada bilərsən. Kimi az, kimi də çox anlaya bilər, kimi az, kimi də daha çox faydalı olar.Ən yaxşı halda ömrünü, vaxtını boşuna keçirməmiş olarsan, kəşf olunmuş faktları əzbərləməklə vaxtını, ömrünü itirməyə dəyərmi?

Nöqtə kimi ölçüsüz qalmaq, yoxsa insan kimi böyümək…

Riyaziyyatda “ilkin anlayışlar” vardır, hansı ki, bu anlayışlar tərifsiz qəbul edilirlər. Çünki tərif o anlayışlara verilir ki, onlar əvvəl məlum olan anlayışlar vasitəsilə yaranır və izah edilir. Nöqtə, düz xətt, müstəvi ilkin anlayışlardır, yəni onlara tərif verilmir, çünki onları izah edəcək anlayışlar yoxdur, onlar özləri ilkdirlər, ölçüsüzdürlər. İstənilən həndəsi fiquru kiçiltməyə başlasaq, sonunda nöqtə alınacaq, yəni ölçüsü olmayacaq. Həm də istənilən bir nöqtəni böyütmək istəsək, hansısa fiqur alınacaq. İnsan, adi halda, bir nöqtə kimidir, amma onu böyüdəcək səbəblərlə qarşılaşana qədər. Bu qarşılaşma onları “böyüdür” və fədakar insana çevrilə bilirlər. İnsanlar da ilk anlayışlar kimidirlər, onları izah etmək, onlara tərif vermək  mümkün deyil, lakin yaratdıqları əvəzolunmaz, tərifəlayiq ola bilir və onların fədakarlıq edərək yaratdıqları  insan cəmiyyəti üçün əvəzolunmaz nümunələrdir. Əsl alimlər, sənətkarlar, müdrik insanlar, əsl müəllimlər, müharibə qəhrəmanları və sair. Cumhuriyyətimizi quran insanlar da məhz belə ilkin anlayışdan insan olmağı, şəxsiyyət olmağı bacaranlardandırlar.  Onlar zamanı çatdığını hiss edərək tamaşaçı kütləsindən ayrılıb səhnəyə çıxdılar, həmin an lazım və vacib olanı yerinə yetirməyə çalışaraq, hətta qeyri-adi güc və zəhmət bahasına olsa belə, özlərini təhlüklərə ataraq xalq və dövlət üçün fədakarlıq etdilər- Demokratik Cumhuriyyət qurdular. Bir-birini, bu iş üçün gərəkli olan hər kəsi tapdılar, doğru olanları müəyyən edərək hamı üçün iş görməyə çalışdılar. Heç kimə minnət qoymadan, qınamadan, şikayətlənmədən, gördükləri işin zövqünü heç nəyə dəyişmədən, fövqəladə işlər gördülər,  çünki bu işi görə biləcəklərinə inanırdılar, buna biliklərinin, iradələrinin çatacağını bilirdilər. Deməli, riyaziyyat həm də fədakar olmağı öyrədir. Əsas odur ki, bir sonrakı addımı görə biləsən və nə edə bilcəyini düzgün müəyyən edib, düzgün qərar verə biləsən. Bu bacarıq, bu qabiliyyət isə birdən-birə yaranmır, gərəkli olmağın məsuliyyətini duymaq, xalq və insanlıq üçün bacara biləcəklərini əvvəldən özündə yaratmalısan, öyrənməlisən: biliyi, sevgini, iradəni, cəsarəti. “Yüz gün yaraq, bir gün gərək” düşüncəsi ilə yaşamağı bacarasan. Gərəkli zamanda, gərəkli məkanda nöqtə ola bilmək  böyük hünər və böyük hikmətdir, çünki  böyümə şansını anlamaq insanı digərlərindən fərqləndirir. Adi halda, biz hamımız-bütün insanlar- kainatla müqayisədə nöqtələrik, tərkibimizə parçalansaq  kimyəvi element zərrələriyik, amma insan olaraq yaranmısansa və sənə İNSAN olmaq şansı verilmişsə, bunu dəyərləndirməyi də  bacarmaq lazımdır.

Mehparə Rəhimqızı

Mingəçevir                                                                                10.06.2020

 

Şərhlər bağlıdır.