Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vahid Əhmədov Zakir Həsənovu tənqid etdi

Deputat Vahid Əhmədov parlamentin dünən keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovu tənqid edib. APA TV-nin məlumatına görə, deputat çıxışında Zakir Həsənov və Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər”. Deputat separatçı rejiminin yeni “rəhbəri”nin Şuşada “inauqurasiya” mərasiminin keçirilməsinə də toxunub: “Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşa ilə bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalı idik”. Deputat Siyavuş Novruzov bildirib ki, ehtiyac yaransa, Müdafiə naziri Milli Məclisə dəvət olunar, o da təkliflərini verər: “Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu, artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. İndi dayandoldurum dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas olmalıyıq”. I vitse-spiker Əli Hüseynli Vahid Əhmədovu fikirlərinə görə tənqid edib: “Çox təəssüf olsun ki, sizin buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz. Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etdiniz”. Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir. Deputat Fəzail Ağamalı isə Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri, işbirliyi olduğunu dilə gətirib: “Vahid Əhmədova bildirmək istəyirəm ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi, bəllidir. Köhnə Müdafiə naziri ilə sizin yaxşı əlaqələriniz və işbirliyiniz olub, bunu bilirəm. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır istər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Biz ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisas hissini içində saxlasınlar”. Qeyd edək ki, Müdafiə Nazirliyi də Vahid Əhmədovun ittihamlarına cavab verib. Bildirilib ki, Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir. Çünki son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: “Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”.

https://youtu.be/3skYm6Z2wAw

Şərhlər bağlıdır.