Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Seçici, hardasan?

49 saylı dairədə

Biz fevralın 9-da gün ərzində 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 3 məntəqəsinə baş çəkdik. Səhər radələrində 34 saylı məntəqədə olduq. Komissiyasının sədri Zahid Məmmədov bildirdi ki, siyahı üzrə 1345 seçici qeydə alınıb, onlardan 6-sı ilk dəfə səs verir, 53 nəfəri 70 yaşdan yuxarıdır: “Səhər fəallıq var idi, amma günortaya yaxın səsverməyə gələnlər azalıb. 14 nəfər yerli, 2 nəfər Rusiyanı təmsil edən xarici müşahidəçi seçkini izləyir.  Proses Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır, heç bir qanun pozuntusuna yol verilməyib”.

Məntəqədə olarkən Milli Məclis üzvlüyünə namizəd Elvin Babayevlə də görüşdük. Onun dediyinə görə, hələ ki, sakitçilikdir: “Səhərdən digər məntəqələrdə də olmuşam. Aktivlik müşahidə olunur. Bütün məntəqələrrimizdə müşahidəçilərimiz var. Onlarla tez-tez əlaqə saxlayırıq. Şəffaf seçkilərr gedir, heç kimə təzyiq göstərilmir. Hər kəs rahat halda öz səsini verə bilir. Düşünürəm ki, cənab Prezidentin gəncləşmə siyasətinə doğru yolda daha da şəffaflıq olacaq”.

27 saylı məntəqə komissiyasının sədri Mahir Eyyubovun məlumatına görə, günortaya qədər 911 seçicidən 150 nəfəri səsverməyə qatılıb: “Səhər aktivlik bir azca zəif idi. Gün ərzində dəyişdi. Gah artdı, gah azaldı. 11-12 arası gələnlər çox idi, sonra dayandı. Adətən bazar günü insanlar seçkiyə günortadan sonra gəlirlər”.

30 saylı məntəqə komissiyasının sədri Tahir Abdullayev də günün sonuna qədər daha çox seçici gələcəyinə inandığını bəyan etdi: “703 seçicimiz var. Saat 12-yə olan məlumata görə, 100 nəfərə qədər seçici gəlib”.

47 saylı dairədə

47 saylı seçki dairəsinin  24 saylı məntəqəsində komissiyasının sədri Azər Quliyevin dediyinə görə,  1011 seçici qeydə alınsa da, saat 12-dək cəmi 89 nəfər səs vermişdi. Burada13 müşahidəçi qeydiyyatdan keçib, mətbuat nümayəndələri də prosesi daim izləyirdilər.

Milli Məclis üzvlüyünə namizəd Qurbanəli Yusifovun səlahiyyətli nümayəndəsi Anar Əzizov seçkinin şəffaf aparıldığını diqqətimizə çatdırdı: “Mənim müşahidəmə görə gələn seçicilər 95-100 nəfərə yaxındır. Onlara heç bir təsir, təzyiq olunmur”.

27 saylı məntəqədə seçki qanunauyğun şəkildə aparılsa da, komissiya üzvləri və müşahidəçilər şəraitsizlikdən narazılıqlarını bildirdilər. “Yerimiz balacadır. Elektrik plitəsi taxmağa yer də yoxdur.  Məndən asılı olmayan səbəblərdir. Burda istilik sistemi işləmir, mən nə edə bilərəm?”– komissiya sədri Nailə Əhmədova belə dedi. Müşahidəçi Zaur Süleymanov da (7news.az) yaxşı şərait yaradılmadığından gileyləndi: Məntəqənin şəraiti pis gündədir. İstilik sistemi yoxdur. Müşahidəçilərə qabaq masalar hələ indi qoyuldu. Müşahidə kameraları yoxdur. Digər məntəqələrdə normal şərait yaradılıb. Ən azından betonun üstünə xalça salmaq olardı. Burda xəstə insanlar da var. Müşahidəçilərin ayaqları daşın üstündədir. Masaların üstünə bildiriş lövhələri də qoyulmayıb. KİV üçün ayrıca yer də ayrılmayıb”.

Komissiya üzvü Vahid Bəkiroğlu deputatlığa namizədlərin tələbindən sonra müşahidəçilərrin qarşısına stol qoyulduğunu vurğuladı.  47 saylı seçki dairəsindən deputatlığa namizəd Ceyhun Səbzəliyev də insanların seçkidə iştirakının aşağı səviyyədə olduğunu dilə gətirdi: “Bir neçə namizəd birləşərək, məntəqələri gəzir. Saat 12-ni keçib. Gəzdiyimiz məntəqələrdə seçicilər barmaqla sayılacaq qədər azdır”.

Dairənin 15 (komissiya sədri Ramiz Kərimov), 3 (komissiya sədri Əlövsət Mahmudov), 10 (komissiya üzvü  Zenfira Əhmədova), 14 (komissiya sədri Mirzə Cavadov) saylı məntəqələri ilə müqayisədə 22 (komissiya sədri Xumarə Mikayılova), 6 (komissiya sədri Eldar Qubadzadə)  və 21 saylı (komissiya sədri Tofiq Əliyev) saylı məntəqələrində nisbətən seçici fəallığı hiss olunurdu. Hər üç məntəqədə qutuların 30  faizə qədər dolduğunu müşahidə etmək mümkün idi. Amma 21 saylı məntəqədə qutuya topa bülletenlər atılması barədə internetdə məlumatlar yayılmışdı və biz məntəqədə olarkən müşahidəçilərin bu barədə nə deyə biləcəklərini soruşduq.  Müşahidəçi Allahverdi Ələsgərov bizi inandırmağa çalışdı ki, internetə qoyulan məlumat həqiqəti əks etdirmir: “Guya bu məntəqədə qutuya topa bülleten atılıb. Komisssiya üzvlərindən biri, o da bu məntəqənin seçicisidir, bülleteni bir neçə dəfə qatlayıb, qutuya salanda kənardan çəkiblər. Əslində cəmi bir bülleten atılıb, sadəcə çoxlu bülleten kimi qələmə verirlər”.

Həmin məntəqədə öz təşəbbüsüylə müşahidəçiliyə qatılan Səadət İsmayılova da seçkinin normal getdiyindən danışdı: “Mən bu məntəqədə topa bülleten atıldığının da şahidi olmamışam.  Sadəcə burda qeydiyyatı olmayanlar içəri girmək istəyirdilər, onlar məntəqədən xaric olundular. Bəziləri səhv gəlmişdilər. Həmin adamlara da istiqamət verdilər ki, öz məntəqələri hardadır”.

122 saylı dairədə

122 saylı Xankəndi seçki dairəsinin 7 saylı məntəqəsi Mingəçevirdəki Texniki-humanitar liseyin binasında yerləşir. Komissiyanın sədri Seymur bəy bizə məlumat verdi ki, 2005-ci ildə yaradılan dairənin mövcud məntəqəsində 218 seçici qeydə alınıb: “Onlar 5 rayonda – Kürdəmir, Göyçay, Ağdaş, Yevlax və Mingəçevirdə məskunlaşıblar. Gün ərzində xüsusi maşınlarla seçicilərin həmin rayonlardan Mingəçevirə gəlişi təşkil edilib. Saat 4-ün yarısına kimi 97 nəfər gəlib və səs verib”.

Seymur bəy onu da dedi ki, dairə üzrə 9 namizəd qeydə alınıb: “Kim seçiləcəksə, xalqımız üçün xeyirli olsun. Biz istərdik ki, Xankəndində yaşayan ermənilər də bu prosesdən kənarda qalmasınlar. Onlar da gəlib bizimlə sülh şəraitində yaşaya, hətta parlamentə namizədliklərini verə bilərlər”.

“Məni inandır ki, sən layiqsən”

Şəhər sakini Etibar Əhmədov hesab edir ki, seçici fəallığının zəif olması müxtəlif səbəblərlə bağlıdır: “Seçki mədəniyyətini lazımi şəkildə formalaşdıra bilməmişik. Düşünürəm ki, insanlarla işləmək lazımdır. Təkcə seçki təşviqatı dövründə deyil, hər zaman bu işi aparmaq lazımdır. Bu günkü seçkinin yekunundan nəticə çıxarmalıyıq. Günahı kiminsə üstünə yıxmaqla səbəb axtarmaq doğru deyil. Sən namizəd kimi elə münasibət yarat ki, sənə görə insanlar seçkiyə gəlsinlər. Əgər kimə görəsə inamsızlıq vardırsa, sən bunu dəyişməyə çalış. Məni inandır ki, sən layiqsən. Bu inamı üç həftə ərzində-təşviqat dövründə deyil, illər ərzində qazanmaq lazımdır. Yəni namizəd seçkiyə qədərki dövrdə bu inamı qazanmalıdır. Seçkiyə hazırlıq illərlə davam etməlidir. Bir insan kimi hər kəs yaşadığı ərazinin, insanların qayğısıəna qalmalıdır. Problemlərinin həllinə çalışmalıdır. Əgər bunu qazana bilsən, sabah seçici sənə haqqını qaytaracaq”.

Seçki günü həm yerli, həm də beynəlxalq təşkilatların xəttilə bir sıra seçki məntəqələrində exit-poll da keçirilib..“Opinion Way” Sosialoji Tədqiqatlar İnstitutu bir az əvvəl növbədənkənar parlament seçkiləri ilə bağlı “exit-poll” nəticələrini açıqlayıb. İnstitutun baş direktoru Brüno Jean Barıb bildirdiyinə görə, 236 məntəqədə exit-poll həyata keçirilib: “Səs verən şəxsləri Azərbaycan dilində sorğuya cəlb etdik. Sorğu bütün ölkə üzrə həm kənd, həm də şəhər məntəqələrində həyata keçirildi. Sorğuda 10 min 190 nəfər iştirak etdi. Seçici fəallığı 55,65 faiz olub”.

P.S.Uzun illər müxtəlif vəzifələrdə çalışmış, hətta məntəqə komissiyasının sədri olmuş İsmayıl Məmmədov hazırda birinci qrup əlildir. O, 14 saylı məntəqəyə gəlmişdi ki, aktiv seçki hüququndan istifadə etsin, bəyəndiyi namizədə səs versin. Lakin komissiya sədri Mirzə Cavadovun tələbi birmənalı oldu: “Əvvəldən müraciət olunsaydı, evinə daşınar qutu göndərərdik”.

12 saylı məktəbin girişi mişar daşları ilə bağlandığı üçün İsmayıl müəllimi gətirən minik maşını məntəqənin qapısına yaxınlaşa bilmədi. Məntəqənin 100 addımlığında dayanan, lakin təkərli arabasını götürməyən bir seçici hansısa namizədin bir səs itirəcəyindən nigaran halda evinə dönəsi oldu.

Şərhlər bağlıdır.