Müsəllim müəllimdən utanıram
Dəfələrlə istəmişəm ki, Müsəllim müəllimin pedaqoji fəaliyyəti ilə bağlı bir yazı yazım, onun müəllimlik həyatından seçdiyim nümunələr əsasında öz peşəsinə vurğunluğun nə demək olduğunu şərh edim. Lakin hər dəfə istəyim elə istək olaraq qalırdı.
Eşidəndə ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Müsəllim müəllimin elmi işi təsdiq olunub, ona pedaqoqika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib, çox sevindim. Uzun illərdən bu yana xətirini istədiyim bir insanın nailiyyətinə sevinməmək olardımı? Ana dilimizin ən gözəl imkanları səviyyəsində onu təbrik etməyə çalışdım və bu xoş xəbərin təəssüratı ilə bu yazını qələmə aldım.
Müsəllim müəllimi 1981-ci ildən tanıyıram. O, öz taleyini Mingəçevirlə bağlayan minlərlə ali məktəb məzunlarından biridir. 14 il çiyin-çiyinə bir kollektivdə işləmişik. Çox ünsiyyətli müəllimdir: yaşından asılı olmayaraq, insanların qəlbində yer tapa bilir. Gülərüz, enerjili, yorulmaq bilməyən bir müəllimdir Müsəllim müəllim. O, şagirdlərlə işləməkdən doymur, yorulmurdu.Təbaşir tozu udan müəllimlərin müsabiqəsi keçirilsə idi, şübhə etmirəm ki, Müsəllim müəllim bu müsabiqədə birinci yer tutardı.
1981-1982-ci tədris ilində riyaziyyat təmayüllü XI sinifdə 32 nəfər şagird təhsil alırdı. Həmin sinfin şagirdlərindən 7 nəfər qızıl medala namizəd göstərilmişdi.Azərbaycan SSR Maarif Nazirliyi vəziyyətin nə dərəcədə real olub-olmamasını yoxlamaq üçün Vaqif Əliyev adlı (ona sağdırsa xoşbəxt ömür arzulayır, dünyasını dəyişibsə Allahdan rəhmət diləyirəm) öz nümayəndəsini bizim 7№ li orta məktəbə ezam etmişdi.
Vaqif müəllim Maarif Nazirliyində xüsusi qeydə alınmış möhürlü yazı dəftərləri və yoxlama yazı işi keçirmək üçün içərisində mətn olan zərf də gətirmişdi. Şagirdlər məsələ və misalları paylanmış dəftərlərə köçürdükdən sonra Vaqif müəllim Müsəllim müəllimə təkilif etdi ki, şagirdlərə izahat versin. Müsəllim müəllim isə gülümsünərək təklif olunan 5 işin hər birinin həlli ilə bağlı izahatı şagirdlərin özündən aldı. Müəllimin izahatı isə şagirdlərin beşinə də “düzdür” deməkdən ibarət oldu.
Yazı işinin yerinə yetirilməsinə iki dərs saatı qədər vaxt verilmişdi. Birinci 45 dəqiqə müddətində şagirdlərin hamısı yoxlama yazı işini qurtarıb təhvil verdilər. 22 nəfər şagirdin yazı işi “5” qiymətə, 10 nəfər şagirdin yazı işi isə “4” qiymətə layiq görüldü. Vaqif müəllim şagirdlərə: “Mən riyaziyyatı Azərbaycan məktəblərindəki bütün tədris dillərində bilirəm. İlk dəfədir ki, sizin kimi şagirdlər, Müsəllim müəllim kimi müəllim görürəm, sizin hamınıza təşəkkür edirəm” deyərək, Müsəllim müəllimin əlini sıxıb üzündən öpdü. Vaqif müəllimin təşəbbüsü ilə Müsəllim müəllim SSRİ TN-nin Fəxri fərmanı ilə təltif edildi, həmin sinfi bitirən 32 nəfər şagirdin hamısı ali məktəblərə qəbul olundu.
Mən Müsəllim müəllimi ixtisasını və onun metodikasını mükəmməl şəkildə bilən bir müəllim kimi tanıyırdım. O, ana dili, ədəbiyyat, tarix, coğrafiya və təbiət elmləri üzrə fənn müəllimləri ilə onların səviyyəsində, hətta onların bəzilərindən də üstün səviyyədə məlumatlı idi. Müsəllim müəllim təbiətən müəllimdir, püxtələşmiş pedaqoqdur, müəllimlik peşəsinin vurğunudur. Dərs dediyi hər bir şagirdin fərdi xüsusiyyətlərini qısa zaman müddətində öyrənir və təlim materialını şagirdlərə əxz edə biləcəkləri yöndən çatdırmağı bacarır. Mütaliəni çox sevir. ”Kvant” jurnalının oxucusudur. Jurnalda nəşr olunan məsələ və misalların düzgün həllini verən müəllimlər sırasında Müsəllim müəllimin adını da görmək olar. Hər bir tədris ilində onun dərs dediyi şagirdlər fənn olimpiadalarının qalibi olurdular. Orta məktəbdə işlədiyi dövrdə dərs dediyi orta məktəb məzunlarından qəbul imtahanlarında riyaziyyatdan “qeyri-kafi” qiymət alanlar olmazdı. Əslində belə müəlimlər çox olmur, onları hər yerdə barmaqla göstərirlər. Pedaqoji kollektivə belə bir müəllimin rəhbərlik etməsi mənim ümdə istəklərimdən biri idi.
Müsəllim müəllim isə təlim-tərbiyə işi üzrə direktor müavini vəzifəsində işləmək istəmədi. Etiraf edirəm ki, Müsəllim müəllim haqlı idi. Mənim onu rəhbər kimi görmək istəyim məharətli bir müəllimi əsas işindən ayırmaq, məktəbdə riyaziyyat fənninin tədrisi keyfiyyətini yüksəltmək əvəzinə aşağı salmaq demək olardı.
80-ci illərdə təmayüllü siniflər bir qayda olaraq orta təhsil pilləsində yaradılırdı.1987-1988-ci dərs ili başlarkən Müsəllim müəllimin təklifi ilə riyaziyyat təmayüllü sinf VII sinifdən təşkil etdik.Təlimatlardan kənara çıxaraq Mingəçevirdə ilk olaraq riyaziyyat təmayüllü VII sinif yaratdım, dərsləri də, sinif rəhbərliyini də Müsəllim müəllimə tapşırdım. Aydın məsələdir ki, bu sinfə cəlb edilən şagirdlər bilik səviyyəsinə görə bir-birindən fərqlənirdilər.Çünki şagirdlər müxtəlif müəllimlərin yetirmələri idilər.
Müsəllim müəllimlə razılaşdıq ki, I rüb üçün proqram materialının tədrisini elə planlaşdırmaq lazımdır ki, VII sinfin proqramını öyrənmə prosesində şagirdlərin V- VI sinif proqramıarı üzrə biliklərində olan az-çox kəsirlər də aradan qaldırılsın.
Təcrübəmdən bilirəm ki, peşəsini və şagirdləri sevən müəllimə sərbəstlik veriləndə, mümkün olan iş şəraiti yaradılanda,qayğı göstəriləndə o daha məhsuldar işləyir. Bütün bunlara rəğmən pedaqoji kollektiv ümumi məqsədə nail olmaq üçün birləşir, hər bir müvəffəqiyyətdən hamıya sevinc payı düşürdü.
Məktəbimizin riyaziyyat təmayüllü sinif təşkil etmək təcrübəsi, müəllim əməyinin nəticələri istər şəhər təhsil şöbəsi, istər şəhərin rəhbərləri, istərsə də Təhsil Nazirliyi tərəfindən qiymətləndirilmədi. Nə edə bilərdik ki?!
Müsəllim müəllim bacarıqlı sinif rəhbəri idi. Onun sinfində keçirilən sinifdənxaric tədbirlərin hər biri bir tərbiyə saatı idi, sinfin hazırladığı divar qəzetləri sinif otağına və ya məktəb dəhlizinə xüsusi yaraşıq verir, hamı tərəfindən oxunurdu. Məktəb və şəhər iməciliklərində ən məhsuldar iştirak edən sinif kollektivlərindən biri Müsəllim müəllimin rəhbərlik etdiyi sinif kollektivi olurdu.
Riyaziyyat fənni üzrə məktəb və şəhər fənn metodbirləşməsinə rəhbərlik edirdi. Onun təşkil etdiyi metodbirləşmə yığıncaqları məzmunluğu və faydalılığı baxımından digərlərindən fərqlənirdi. Orta məktəb kursu üzrə cəbr və analizin başlanğıcı fənnindən buraxılış imtahanı zərfləri açılanda göndərilmiş mətnlərin səhv və ya düzgünlüyünə Müsəllim müəllim rəy verirdi.
Buraxılış imtahanlarında şagirdlərə köməyi təkilif olunan məsələ və misallara tək bircə dəfə izahat verməkdən ibarət olardı. Şagirdlərin imtahan müddətində ondan nəsə soruşduqlarını görməmişəm. Əslində belə şagird olmurdu.
Açıq dərslərin qrafiki tərtib olunanda Müsəllm müəllim orada konkret gün və mövzu yazdırmağın əleyhinə idi. İstənilən gün istənilən sinifdə həmkarlarını onun dərsini dinləyib müzakirə etməsini istəyirdi. Bizim tələbimiz isə bu idi ki, qabaqcıl müəllimin hər bir dərsi açıq dərs olmalıdır. Pedaqoji işi bilənlər yaxşı bilirlər ki, Müsəllim müəllimin təklifi elə-belə təklif deyildi. Yüksək elmi hazırlığı, usta metodistliyi olmayan müəllim istənilən gün və saatda açıq dərs keçmək kimi ağır bir yükün altına girə bilməz. Mingəçevir və Bakı məktəblərində çox sayda riyaziyyat müəllimləri ilə təmasda olmuşam. Qabaqcadan xüsusi hazırlaşmamış açıq dərs təşkil edə bilən riyaziyyat müəlliminə rast gəlməmişəm. Bu işi yalnız Müsəllim müəllim görə bilərdi.
Elə bir tədris ili olmazdı ki, Müsəllim müəllimə tərifnamə və təşəkkür yazılmasın. Müsəllim müəllimin əməyi isə bunlardan çox-çox yüksək qiymətə layiq idi. Onun təcrübəsinin ölkə miqyasında yayılması və əməyinə layiqli qiymət verilməsi istəyi ilə xeyli çalışdım, bir qovluq sənəd hazırlayıb şəhər təhsil şöbəsinə təqdim etdim.Ürək ağrısı ilə qeyd etməliyəm ki, o zaman Mingəçevirdə təhsil işinə “rəhbərlik” edənlər məktəbin təşəbbüsü ilə bağlı heç bir iş görmədilər, çünki bu “rəhbərlər” təhsil yox, vəzifə kreslosunda oturmaq aludəsi idilər. Azacıq belə şübhəm yoxdur ki, o zaman Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Qüdrət Zeynalov, Təhsil naziri isə mərhum akademik Mehdi Mehdizadə (Allah ona qəni-qəni rəhmət eləsin) olsa idi, Müsəllim müəllimin iş təcrübəsi ölkə miqyasında yayılardı, ona Əməkdar müəllim adı da verilərdi.
Üç pedaqoji kollektivə rəhbərlik etmişəm. Rəhbərlik etdiyim yüzlərlə müəllimlərdən yalnız Müsəllim müəllimdən utanıram. Müsəllim müəllimdən ona görə utanıram ki, əməyinə layiqli qiymət verilməsi üçün əlimdən heç bir iş gəlmədi, gücüm heç nəyə çatmadı.
1992-ci ildə Müsəllim müəllim 7№li orta məktəbdən Mingəçevir Politexnik İnstitutuna işləməyə getdi. Düzünü deyim ki, məktəbimizdə riyaziyyat fənninin tədrisi sahəsində böyük bir boşluq yarandı. Müsəllim müəllimlə işlədiyimiz dövrdə qazandığımız nailiyyətləri təkrar əldə edə bilmirdik. Məktəbimiz riyaziyyatın tədrisi sahəsində çox itirdi. Müsəllim müəllim isə məncə heç nə itirmədi, əksinə irəli getdi-elmi işlə məşğul oldu, dissertasiya yazıb müdafiə etdi, elmi ad aldı.
Fikirlərimi Müsəllim müəlllimi bir daha təbrik etməklə tamamlayır, təhsilimizin və elmimizin inkişafı naminə ona can sağlığı, yeni-yeni uğurlar arzulayıram.
Nazim Nəbiyev,
təhsil veteranı,
ali kateqoriyalı müəllim
Şərhlər bağlıdır.