“Şubay lətifələri” oxucuları ilə yenidən görüşə gəlib
Şubay Ağamirov Mingəçevirdə yaşayıb-yaradan, ömrünün 56 ilini pedaqoji sahəyə həsr edən, rastlaşdığı, ünsiyyətdə olduğu adamlarla söhbətlərdə yaranan maraqlı hadisələri, deyimləri lətifəfələrə çevirən bir insandır. Bu günlərdə “Qızıl qələm” mükafatı laureatı, “Azərbaycan işıqları” qəzetinin bölgə müxbiri Yusif Ələkbərov onun söylədiyi əhvalatları “Şubay lətifələri” adı ilə toplayaraq, çap edib. Şubay müəllimin lətifələri hələ 2003-cü ildə işıq üzü görmüşdü. Həm Şubay müəllimi ziyarət etmək, həm də kitabı ona təqdim etmək üçün müəlliflə birgə Şubay müəllimin evində olduq. Elə bizi gülməli lətifəsi ilə “qonaq gedəndən sonra bişən çolpa” lətifəsi ilə qarşıladı. Yoldaşı Rəna xanıma zarafatla dedi ki, çolpanı bişir. Sonra kitabı əlinə alaraq, Fikrət Sadıqın sözlərini yada saldı:
“Hər bir təzə kitab, təzə bir çiçək,
Yaxşı kitabın da carçısı gərək.
Yoxsa ki, gərəksiz yetim malı tək,
Küncə atılanda kitab satılmaz”.
Yaşının 80 olmasına baxmayaraq, yenə öz baməzə, duzlu, məzəli söhbətlərindən qalmadı. Bildirdi ki, 56 il Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib: “Həmişə mənə müəllim deyiblər. Bir dəfə təqaüdə çıxandan sonra parkda əyləşmişdim, bir nəfər mənə, ay Şubay kişi dedi, mən səksəndim, dedim hə, deməli mənə də kişi deyən oldu”.(Bu da onun lətifələrindən biri idi).
Yusif müəllim Şubay müəllimi 30 ildən artıq tanıdığını bildirdi, kitab barədə danışaraq qeyd etdi ki, ilk dəfə on il bundan əvvəl Şubay müəllimin əlyazmalara köçürdüyü lətifələri, deyimləri onun iştirakı ilə qaydaya salıb,nəşrə hazırlayıb, çapa verib: “Şubay lətifələri həcmcə kiçik olsa da böyük əks-səda doğurdu. Mingəçevir şəhərində, ətraf rayonlarda, respublikanın əksər yerlərində yaxşı mənada maraq yaratdı”.
Y.Ələkbərov onu da vurğuladı ki, keçən on il ərzində oxucuların, ünsiyyətdə olduğu yaradıcı adamların Şubay müəllimin lətifələrinə ilə marağı azalmayıb: “Müntəzəm görüşlərimiz, söhbətlərimiz zamanı Şubay müəllimi bu lətifələrin ardını yazmağa həvəsləndirdim. O da fürsət düşdükcə qeydlər edib, mənə göndərirdi.Son zamanlar səhhəti ilə əlaqədar problemi olsa da yenə də qeydlərindən qalmayıb. Ola bilsin ki, lətifələrdə özünü görənlər, tanıyanlar olsun. Güman edirik ki, həyat müşahidələrindən ərsəyə gələn bu ibratamiz lətifələr Şubay Ağamirovun yaratdıqları kimi qalmayacaq, dəyişəcək, mükəmməlləşəcək, qüsurlardan təmizlənəcək və hamının malına çevriləcəkdir”.
Həmin gün nə qədər adamın Şubay müəllimi ziyarət etdiyinin şahidi olduq. Onlar çox həvəslə bu ağsaqqalın məzəli söhbətlərindən danışırdılar. Elə biz də yazımızı onun bir lətifəsi ilə bitiririk:
“Şubaya arvadı deyir: Üç-dörd gündür iştahdan kəsilmişəm, yeyə bilmirəm.
Şubay: Deyirəm axı, üç-dörd gündür niyə doyuram, aldığım şeylər sabaha da qalır, yemək niyə boldur”.
Şərhlər bağlıdır.