Pedaqoji fəaliyyət təlim və tərbiyə prosesini təkmilləşdirmək üçün fasiləsiz yollar axtarışıdır. Bunun üçün əlverişli şəraiti olan təhsil müəssisələrində pedaqoji proses əsl yaradıcılıq işinə çevrilir.
Pedaqoji kollektivdə çalışan ayrı-ayrı müəllimlər işə yenilik gətirir, elmi nəzəriyyəyə və təcrübədə yaranan ideyalara həssaslıqla öz münasibətini bildirirlər. Onlar həm də müəllim fəaliyyətinin metodika və texnikasında yeni qiymətli tapıntılara qabil olduqlarını göstərirlər.
Qabaqcıl təcrübənin öyrənilməsi təhsil müəssisələrinin metodik iş sistemində əsas istiqamətlərindən biridir.Hər bir qabaqcıl təcrübə müəllim yaradıcılığının nəticəsi olaraq mürəkkəb tədris prosesində süzgəcdən keçərək formalaşır , özünü təsdiq edir.Təhsil müəssisələrində qarşılıqlı dərs dinləmələri və açıq dərslərin təşkili məhz bu təcrübənin müəyyənləşdirilməsi , öyrənilməsi və tətbiqinə xidmət edir.
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının “Əlavə təhsilə metodiki xidmət kabineti”nin əməkdaşları filialın dislokasiyasına daxil olan Mingəçevir şəhər ümumtəhsil məktəblərində qabaqcıl təcrübəni öyrənmək məqsədilə açıq dərslər haqqında əsasnamə hazırlamış və buna uyğun olaraq, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin sinif müəllimi Hüseynova Jalə Aftandil qızının fəaliyyəti öyrənilmişdir.
Hüseynova Jalə Aftandil qızı 1982-ci ildə Mingəçevir şəhərində anadan olub,1998-ci ildə İsmət Qayıbov adına Mingəçevir şəhər 10№li tam orta məktəbi bitirib.1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası”ixtisası üzrə ali məktəbə daxil olub, 2004-cü ildə universiteti uğurla başa vurub. ”Təhsildə İKT-nin tətbiqi”,”Həmkarlara dəstək” təlim kursunun və bir sıra treninqlərin iştirakçısı olub. Pedaqoji mətbuatı həmişə izləyən və ondan bəhrələnən Jalə xanım özü də mətbuat səhifələrində vaxtaşırı çıxış edir.
Riyaziyyatdan açıq dərs aparan Jalə Hüseynova “Pullarımız ”mövzusunu tədris edərkən öncə fənn kurikulumunun strukturundakı ardıcıllığa uyğun olaraq dərsə başlayıb. Müəllim problemi şagirdlərin özləri tərəfindən həll edilməsi, dərsin bütün mərhələlərində şagirdlərin təlim-idrak fəaliyyətinin (qavrama, anlama, yadda saxlama, tətbiq etmə) və bunun üçün şəraitin yaradılması tələblərinin ardıcıllıqla yerinə yetirilməsinə nail olub.
Bununla yanaşı şagirdlərin fərziyyələrinin dinlənilməsi, qruplar üzrə işin təşkili, informasiya mübadiləsi və onun müzakirəsi , nəticənin çıxarılması, tətbiq etmə kimi aparılan işlər də uğurla yerinə yetirilib. Keçirilən dərsin müzakirəsində filialın əməkdaşları Lamiyə İbrahimova və Səbinə Əliyeva kurikulum anlayışları, onun səciyyəvi cəhətləri, təlim strategiyaları, məzmun standartları, təlim üsulları ilə yanaşı elmi cəhətdən daha geniş məsləhətlər də veriblər. Filial əməkdaşlarına kurikulumun tətbiqi ilə bağlı verilən suallar canlı müzakirə formasında aparıldığından açıq dərsin müzakirəsi geniş şəkildə təşkil olunan təcrübə mübadiləsini xatırladıb.Beləliklə, yaxşı təşkil edilmiş müzakirə nəticəsində qabaqcıl təcrübə haqqında vahid metodiki fikir formalaşıb. Dinlənilmiş dərslərin təhlili, aparılan müşahidələrin nəticələri barədə yekun rəy və təkliflər birbaşa qabaqcıl pedaqoji təcrübənin metodik işləməsinə əlavə edilib. Jalə Hüseynovanın təcrübəsi barədə AMİ Mingəçevir filialında “Əlavə təhsilə metodiki xidmət kabineti ”nin müdiri Səhyəddin Məmmədovun məlumatı da dinlənilib və müəllimin təqdim etdiyi dərslərin aşağıdakı meyarlara əsasən qiymətləndirilməsi nəzərə alınıb:
Tədris proqramına uyğun
Dərsin icmalı və gedişin metodik tələblərə müvafiqliyi
Mövzu ilə əaqədar istifadə olunan materialların tamlığı və rəngarəngliyi
Təqdim olunan materialların şagirdlərin inkişafına uyğunluğu və orijinallığı
Şagirdlərin fəallığının təşkilində istifadə edilən metod və üsulların (texnikaların məqsədəuyğunluğu)
Qarşıya qoyulmuş məqsədin nəticə yönümlülük baxımından əhəmiyyəti
Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən edilmiş meyarların məqsədəuyğunluğu
Müzakirədə AMİ Mingəçevir filialının direktoru R.Şükürov qeyd edib ki, qabaqcıl pedaqoji təcrübə müəllim fəaliyyətini və şagirdlərin təlim işinin səmərələşdirilməsini əhatə edib, bütövlükdə təlim-tərbiyə prosesinin təşəkkülünə təsir göstərib: “Pedaqoji kollektivin yaradıcı əməyinin nəticəsi olaraq iş təcrübəsinin yayılması, gələcəkdə bu təcrübənin tətbiq edilməsi ilə bağlı açıq dərslər sisteminin təşkili zəruri hesab edilməlidir. Azərbaycan Respublikası Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyasında müəllim amili təhsil alanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsil alanların savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri,müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır“.
Filialın dislokasiyasına daxil olan rayon və şəhər təhsil şöbələrinin ümumtəhsil məktəblərində qabaqcıl təcrübənin öyrənilməsi və gələcəkdə davam etdirilməsi məqsədəuyğun hesab edilib.
S.Məmmədov,
AMİ-nin Mingəçevir filialının “Əlavə təhsilə metodiki xidmət kabineti”nin müdiri
Şərhlər bağlıdır.