Köçkünlərin əli “Elektron hökumət”ə çatırmı?
Yaxın illərdə “Elektron-hökumət” layihəsinin daha da genişləndirilməsi nəzərdə tutulub və dövlətin hökumətin elektronlaşmasından böyük gözləntiləri var. 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı bu işə xüsusi qayğının göstəriləcəyindən xəbər verir. Belə ki, bu proqram vasitəsilə “elektron hökumət”in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə, dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsinə şərait yaranır. Bir sözlə, Azərbaycanda hökumətin elektronlaşması vasitəsilə vahid informasiya məkanı yaradılır.
Bu barədə danışan “Mingəçevir Valideynlər Assosiasiyası” İB-nin prezidenti Fərman Nəbiyev təəssüflə bildirib ki, əhalinin əksər hissəsi, o cümlədən məcburi köçkünlərin əksəriyyəti hələ də bu xidmətlərdən yararlana bilmirlər. Son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaı istiqamətində hökumət ciddi tədbirlər həyat keçirsə də, onların informasiya ilə təminatı arzu olunan səviyyədə deyil. Araşdırma zamanı o da məlum olub ki, köçkünlərə birbaşa xidmət edən təşkilatlar, ilk növbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli strukturları hələ də köhnə üsullarla – kağız formasında arayışlar vermək, ənənəvi qaydada – zərfə sənədi qoyub, poçt şöbələri vasitəsilə məktub göndərnəklə işləyirlər. Nəticədə tələb olunan məlumatların əldə edilməsində və ötürülməsində çətinliklər yaranır və müddət uzanır, bəzən bu hal korrupsiya və rüşvətə yol açır.
Birliyin rəhbəri problemin həlli məqsədilə iyulun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə MBA-nın yeni layihəyə başladığını diqqətə çatdırıb: “Elektron hökumət”lə əlaqə vətəndaşları, xüsusən məcburi köçkünləri dövlət qurumlarının qapısına ayaq döyməkdən, məmurlarla canlı təmasdan xilas etmək şansı verir. Layihə məcburi köçkünlərin müasir İKT-dən istifadəsini genişləndirmək məqsədilə həyata keçiriləcək. Onlara İKT bacarıqlrı öyrədiləcək, “elektron hökumət” portalına inteqrasiya edilən xidmətlər barədə ətraflı məlumat veriləcək. Məcburi köçkünlərin uşaqları üçün isə interaktiv formalı təlimlərlə müşiyət olunan 10 günlük yay məktəbi təşkil ediləcək”.
Layihə Ağdam, Bərdə və Mingəçevirdə həyata keçiriləcək.
Şərhlər bağlıdır.