Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin 66 yaşından lövhələr

222

Foye sərgi salonuna bənzəyirdi

Noyabrın 11-də Mingəçevir Dövlət Dram Teatrının foyesi rəngarəng əl işlərinin nümayiş etdirildiyi sərgi salonuna bənzəyirdi. Şəhərimizin rəssamları Abdulla Məmmədovun və Yunis Yolçiyevin Mingəçevirlə bağlı rəsmləri çoxsaylı tamaşaçıları ətrafına toplamışdı. Amma Uşaq Yaradıcılıq Mərkəzinin təqdimatında SES-dən ilk enerjini verilməsi barədə kompozisiya daha çox marağa səbəb oldu. Orta məktəblərin əl işləri də diqqət mərkəzində idi.

Azərbaycanı nura boyayan şəhər

“1948-ci il noyabr ayının 11-də Mingəçevirə şəhər statusu verilib. O zamandan indiyədək şəhər çox inkişaf edib. Hündür mərtəbəli binalar, park və xiyabanlar göz oxşayır. Mingəçevirlilərlə yanaşı ətraf rayonların sakinləri də gecə gəzintisi və təmiz hava almaq üçün Kurun sahilinə gəlirlər. Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyasının istehsal etdiyi enerji respublikamızın ərazisinin yarıdan çoxunu nura boyayır”.
Bu məlumatlar MDDT-nın akt zalında Mingəçevirin 66 illik tarıxıylə bağlı tədbirdə səslənib.

Xoş arzular, təbriklər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvü Aydın Mirzəzadə EL televiziyasının informasiya dəstəyilə keçirilən şəhər günündə mingəçevirlilərə xoş arzularını çatdırıblar. Onlar bundan sonra da şəhərin inkişafına inandıqlarını, 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının su ilə bağlı hissəsinə Mingəçevirin layiqincə ev sahibliyi edəcəyinə əminliklərini bildiriblər. Mingəçevirliləri şəhər günü münasibətilə İsrailin Azərbaycanda səlahiyyətli səfiri Rafael Harpaz da təbrik edib və deyib ki, bu I Avropa Oyunlarında İsraildən də idmançılar iştirak edəcəklər.

Şəhərin həyatında fəal iştiraklarına görə

Şəhər günündə Mingəçevirin ictimai, sosial və iqtisadi həyatında fəal iştiraklarına görə bir qrup məmura İH adından fəxri fərmanlar təqdim olunub. Bu siyahıda şəhərin ilk qurucularının, eyni zamanda təhsil, səhiyyə və mədəniyyət işçilərinin adlarını da görmək arzu olunardı.

Nur şəhərinin bayram zalı qaranlıqda qaldı

Tədbir regionlardan dəvət almış incəsənət xadimlərinin çıxışları ilə davam edib. Konsert zamanı enerjinin verilişində problem yaşanması tamaşaçıların əhvalını pozub. Bir neçə ifadan sonra bərdəli müğənni Sərdar Əvəzoğlunun çıxışı zamanı işıqlar kəsilib. Lakin fonoqramın dayanması ifaçını ruhdan salmayıb və o oxuduğu mahnın canlı səslə davam etdirib. Bu da tamaşaçıların gur alqışlına səbəb olub.
Amma yarım saata yaxın vaxt ərzində enerjinin bərpası mümkün olmadığına görə qonaqlar zalı tərk ediblər. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov müxbirimizə açıqlamasında bildirib ki, teatrın binasını cəmi bir enerji xətti qidalandırır: “Alternativ xəttin çəkilişi ilə bağlı 4 dəfə ünvanladığımız məktub cavabsız qalıb”.

P.S. Adətən İcra Hakimiyyəti başçısının gəlişindən bir neçə gün qabaq hər addımı ölçüb-biçən vəzifəli şəxslərin işıq şəhərinin bayramının qaranlıqda qalması riskini dəyərləndirməməsi bu gün təəssüf doğurur. Görünür onlar, qışa başdansovdu yanaşan rəhbərlər kimi, bu böyük tədbirin təşkili üçün də lazımi hazırlıqları görə bilməyiblər. Ümid edirik ki, İcra Hakimiyyətinin başçısı dövlət səviyyəli tədbirin keçirilməsində məsul olan məsuliyyətsiz şəxsləri mingəçevirlilərin bayram ovqatına xələl gətirdikləri üçün cəzasız qoymayacaq.

Şərhlər bağlıdır.