Erdəm Söyləməz: “Cocuqların güvənini qorxu ilə deyil, sevgi ilə qazana bilərsiniz”
“Bu gün ən ciddi məsələ valideyn-müəllim problemidir. Mən sizə 15 martda qızımın göndərdiyi SMS-i oxuyuram. O, yazır ki, müəllimlər otağında oturub söhbət edirdik. Biz də din dərsləri də var. Ora bir şagird gəldi, din dərsi müəllimindən soruşdu ki, bir başqası haqqında danışmaq, qeybət qılmaq günah deyilmi? Dedi ki, bəli, böyük günahdır. Onda şagird cavabında soruşdu ki, bəs nədən siz valideyn toplantısı yapıb, bizim haqqımızda danışırsınız?”
Bu sözləri Türkiyənin təhsil eksperti, professor Erdəm Söyləməz AzETA-nın martın 25-də Mindəçevirdəki Gənclər Mərkəzində keçirilən XII regional konfransında səsləndirib. Şagird-müəllim və valideynlər arasında sağlam münasibətlərin qurulmasından danışan professor zaldakı həmkarlarından soruşub: “Biz valideyni nə səbəbə məktəbə çağırırırq? Cocuq bir yaramazlıq yapıb, indi anasını, ya atasını çağırırıq ki, sabah gəlsin. Bundan sonra şagird nə edəcək? Artıq onun ağlı dərsdə deyil. O, düşünür ki, bunu atama, anama nə cür söyləyəcəm. O andan etibarən həmin şagird üçün dərs bitdi. Cismi burada, amma ruhu başqa yerdə. Axşam cocuq anasına deyir ki, bəs müəllim səni çağırır. Bundan sonra söhbət ataya çatır, evdə böyük söz-söhbət yaranır. Ata deyir ki, sənin üzündən bu cocuq bu günə düşüb. Evdəki problemi yaşayan ana, ya da ata sabah məktəbə gəlir. O, düşünür ki, müəllim ona övladı barədə xoşagəlməz sözlər söyləyəcək. O, artıq özünü qarşı tərəfə düşmən kimi hazırlamağa başlayır. Əslində müəllimlə görüşəndə də hər iki tərəfin narazılığı özünü göstərir, amma problem həll olunmur”.
Professorun fikrincə, öyrətmənlər davranışı dəyişməklə çox şeyə nail ola bilərlər: “Hər kəsə eyni yanaşmaq olmaz. Əsində müəllim ata-ananı çağırmaqla öz zəifliyini ortaya qoyur. Ola bilsin ki, ata-anaya şikayətdən sonra uzağı 1-2 gün o cocuq səsini kəsər, sonra sizə düşmanlığını daha da artırar. Şagirdin yoldaşları da bunu müzakirə edəcəklər. Müəllim əslində o uşağın yoldaşlarının yanında kiçilməsinə şərait yaratdı. Bundan necə qurtula bilərik? Mən olsam, yaramaz olan cocuğu deyil, sinfin ən təmiz, çalışqan cocuğuna hamının yanında deyərəm ki, oğlum, əgər ananın vaxtı, imkanı varsa, mənə 5-10 dəqiqəlik vaxt ayıra bilirmi? Normalda kötü uşaqların valideynləri çağırılır, amma siz ən yaxşı cocuğun anasını dəvət edibsiniz. İndi bu şagird də düşünür ki, mən nə günahın sahibiyəm? Sinfin digər şagirdləri də düşünürlər ki, əcabə, bizim bilmədiklərimiz şeylər də varmış. Ertəsi gün gələn ana da narahatdır ki, görən nə olub? Ümumuyyətlə belə bir qayda var ki, problemli uşağın valideyni çağırılır. Ana gələcək, müəllim onu övladı ilə bir yerdə qarşılayacaq, gülərüzlə, belə uşaq yetişdirdiyinə görə təşəkkür edəcək və deyəcək ki, bəlkə bura gələnədək pis şeylər düşünmüsünüz. Sizə təşəkkür etmək məqsədilə bura dəvət etmişəm. Bunu eşidən valideyn qürur duyacaq, hətta sizi boynunda gəzdirmək istəyəcək. Elə şagird də sizə sonsuz məhəbbət bəsləyəcək. Diqqət yetirdinizmi, cocuğu da yanına almaq lazımdı”.
Erdəm Söyləməz əlavə edib ki, hər bir cocuğa sevgi göstərmək, hətta yaramazlıq yapanlara da normal yanaşmaq lazımdır: “Öz uşaqlarınızı düşünün. Onların barəsində kiminsə xoş söz deməsinə razı ola bilərsinizmi? Ən xoşagəlməz hesab etdiyiniz cocuğun gözəl tərəfi də var, sadəcə bunu görmək lazım. Siz onun anasına cocuğun yanında xoş sözlər deyin. Məsələn, təmiz geyinir, vaxtında gəlir, zarafatı var. Cocuq da gözləyir ki, onu danlayacaqlar. Ondan sonra deyirsiniz ki, biz bir yerdə onun bacarıqlarını artıra bilərik, buna görə də sizi dəvət etmişəm. Anasının yanında şikayət etmədiyiniz cocuq sizə minnətdar olacaq və bunu unutmayacaq. O qadın, o ana da evinə rahat gedəcək. Bununla da biz gözəl insan yetişdirə biləcəyik. Cocuqların güvənini qorxu ilə deyil, sevgi ilə qazana bilərsiniz”.
Tədbirdə AzETA Mingəçevir filialının rəhbəri Gülnaz Hacıyeva ötən konfransdan bəri Assosiasiyanın gördüyü işlər barədə danışıb. Eyni zamanda qeyd edib ki, XII konfransa beynəlxalq təşkilatlardan, 10 şəhər və rayondan nümayəndələr qatılıb. Bundan sonra . məktəblilərin ifasında müəllim-şagird münasibətlərindən bəhs edən səhnəcik, eyni zamanda Avropa və Azərbaycan musiqilərinin sintezindən yaradılan rəqs nümayiş etdirilib. AzETA-nın rəhbəri Rəqsanə Məmmədova Azərbaycanda ingilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, Təhsil Nazirliyi ilə birgə müxtəlif bölgələrdə gerçəkləşən davamlı tədbirlərdən, eyni zamanda qarşıda duran vəzifələrdən bəhs edib. O, xüsusilə vurğulayıb ki, əsasən ingilis dilli müəllimləri birləşdirən təşkilat Azərbcan təhsilinin dünya təhsilinə inteqrasiyası istiqamətində iş aparır. İsmayıllıdan gəlmiş təqaüdçü Şəfaqət müəllim də AzETA-nın ölkə təhsilinə verdiyi töhfələrə diqqəti çəkib: “AzETA ölkədə təhsil siyasətinin aparılmasına təsir göstərən ən nüfuzlu təşkilatlardan biridir. Yadımdadır, bir neçə il əvvəl onun İsmayıllıda böyük konfransı keçirilirdi. Keçmiş təhsil nazirimizin də iştirak etdiyi bu konfransda Azərbaycan təhsilinin strategiyası doğuldu. Bu gün təhsildə ən çətin məqam öyrədənin öyrədilməsidir. Müəllim yaxşı öyrənməlidir ki, yaxşı da öyrədə bilsin. Mənim AzETA-ya rəğbətimin ən başlıca səbəbi budur ki, o, öyrədənin öyrədilməsiylə praktik cəhətdən məşğul olan gözəl bir təşkilatdır”.
Mingəçevirdəki 7 saylı məktəbin direktoru Anar İsmayılov deyib ki, 2008-ci ildən AzETA ilə əməkdaşlıq etsə də, ilk dəfədir ki, onun konfransında iştirak edir: “Mənim üçün sevindiricidir ki, bu konfransın təşkilinə kömək etmişəm, məktəbimizdən Xəyalə müəllimə və şagirdlərimiz də müəyyən qədər töhfələrini verə biliblər”.
Nahardan sonra konfrans bölmə iclaslarında işini davam etdirib. Tədbir iştirakçıları “Valideyn-müəllim əməkdaşlığının səmərəli təşkili”, “Uşaqların formalaşmasında örnəklərə diqqət göstərilməsi”, “Tərbiyədə nağılların rolu”, “İngilis dilinin öyrənilməsində aktiv oyunlar”, “Dialoqlar vasitəsilə ingilis dilinin tədrisi”, “Amerikan universitetlərinə baxış” və digər mövzularda müzakirələr aparıblar.
Şərhlər bağlıdır.