Avropa Gənclər Olimpiya Festivalına çox az qaldı
Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına (EYOF) cəmi bir neçə gün qalıb. 3 gün sonra, iyulun 21-də başlayacaq festival ayın 27-də başa çatacaq.
Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirmiş, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaqdır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın açıqlamasına görə, bu yarış üçün 946 medal hazırlanıb: “Bunlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı isə bürüncdür. Basketbol, voleybol, həndbol kimi komanda yarışlarında qaliblərə bir yox, bir neçə medal veriləcək. Amma medal dəsti 135-dir”.
Festivalda Azərbaycan da daxil olmaqla Avropa Olimpiya Komitələrinin (EOC) üzvü olan 50 ölkədən 48-i iştirak edir. Azərbaycanı turnirdə 122 idmançı təmsil edir.
Biletlər yalnız açılış vı nağlanış mərasimləri üçün pulludur, bütün idman yarışlarına isə pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə coxlu sayda bilet ala bilərlər.
Şərhlər bağlıdır.