“9 ay ərzində Mingəçevirdə 672 nəfər ixtisasına uyğun iş tapa bilib”
“Təhlil göstərir ki, şəhərdə son illər aparılmış geniş quruculuq və bərpa işləri ilə yanaşı əhalini narahat edən bir sıra problemlər qalmaqdadır. Qəbul və görüşlərdə olan müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllə daxili abadlıq işləri, istilik sisteminin bərpası, işlə təmin olunma və sair məsələləri əhatə edir. Qeyd olunan və əhalini narahat edən digər problemlər şəhər İcra Hakimiyyətinin nəzarətindədir və onların həlli istiqamətində tədbirlər görülür”.
Bu fikirləri Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov oktyabrın 12-də İH yanında Şura iclasında 2017-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə məruzə edərkən deyib. O, bildirib ki, 9 ayın yekunu üzrə yerli gəlirlər 14,3 milyon manat, xərclər 12 milyon manat icra olunub: “Ötən 9 ayda şəhər üzrə ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq 350 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 77 faiz artaraq 250 milyon manat təşkil edib. Tikinti sektorunda əsas kapitala yönələn investisiya 28,8 milyon manat olub, aparılan tikinti quraşdırma işlərinə 24,2 milyon manat vəsait xərclənib. İlin əvvəlindən nəqliyyat sahəsində 3,3 milyon manatlıq, rabitə müəssisələrində 1,0 milyon manatlıq xidmət göstərilib, əhaliyə 218 milyon manatlıq istehlak məhsulları satılıb”.
Məruzəçi istehsal və abadlıq, qaz, enerji, su, kanalizasiya və istilik, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində görülən işlərlə bərabər əhalinin sosial problemlərinə də diqqəti yönəldib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər şöbəsində hazırda 18068 nəfər pensiyaçı və ünvanlı sosial yardım alan 480 ailə qeydiyyatdadır. İlin əvvəlindən şəhər Məşğulluq Mərkəzinə 2015 nəfər iş axtaran sakin müraciət edib, onlardan 672 nəfəri ixtisasına, peşəsinə uyğun işlə təmin edilib, 180 nəfərə işsizliyə görə müavinət təyin edilib”.
Təşkilat rəhbərlərinin məruzə ətrafında çıxışlarından sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov iclasa yekun vurub. O, qeyd edib ki, ölkə rəhbərinin tapşırığına əsasən Mingəçevir şəhərində inşa edilən Sənaye Parkında və “Asan Həyat”ın inzibati binasında tikinti quruculuq işləri sürətlə davam edir və görüləsi işlərin əsas mərhələsi yekunlaşmaq üzrədir: “Bu ilin 9 ayının yekunu göstərir ki, şəhərdə aparılan abadlıq, quruculuq işləri uğurla davam edir. Hesab edirik ki, bugünkü müzakirə 2017-ci ilin uğurla yekunlaşması üçün əlavə zəmin yaradacaqdır”.
Şərhlər bağlıdır.